Ermənistan rəsmisi: əgər Azərbaycan Naxçıvana "yol istəyirsə..."

Şəklin mənbəyi, 1tv.am
Ermənistan: Azərbaycana Naxçıvana gedən yeni yolun verilməsi "müzakirə olunur", Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili aclıq aksiyasını dayandırmaq üçün şərtini açıqlayıb, ABŞ Rusiyanın Ukraynaya müdaxiləni nəzərdən keçirə biləcəyi ilə bağlı narahatlığını avropalı müttəfiqləri ilə bölüşüb. ATƏT-in Minks qrupu həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşdə regiondakı gərginliyi, bir sıra mümkün deeskalasiya tədbirlərini müzakirə ediblər - ətraflı BBC News Azərbaycancanın icmalında.
Rusiya, Azərbaycan və Ermənistanı təmsil edən üçtərəfli işçi qrupunun çərçivəsində Bakı ilə Yerevan Azərbaycan tərəfinə Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən yolun verilməsi imkanını müzakirə edirlər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.
"Əgər Azərbaycan yalnız Naxçıvana yol istəyirsə, o zaman Xndzoresk-Biçənək (Naxçıvan - red.) hissəsindən istifadə etmək məqsədəuyğundur. Bunun müqabilində biz Xndzoresk-Horadiz yolunun hissəsini alacağıq. Lakin bu məsələlər müzakirə olunur", - Armen Qriqoryan cümə axşamı günü televiziyaya verdıyi müsahibəsində deyib.
Azərbaycan və Rusiya nümayəndələri son bəyanatı şərh etməyiblər.
Oktyabrın əvvəlində Armen Qriqoryan demişdir ki, üçtərəfli işçi qrupunda "dəhliz məsələsi" yox, bütün yol infrastrukturunun blokdan çıxarılması müzakirə olunur.
Azərbaycanla Ermənistan "Zəngəzur dəhlizi" ilə bağlı fərqli mövqelərdə dururlar. İlham Əliyev 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu "tarixi nailiyyət" kimi qiymətləndirir, Nikol Paşinyan bu razılaşmada hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir.

Şəklin mənbəyi, Konstantin Sazonchik\TASS
Saakaşvili aclıq aksiyasını dayandırmaq üçün şərtini açıqlayıb
Gürcüstanın həbsdə olan keçmiş lideri Mixail Saakaşvili deyib ki, mülki xəstəxanaya köçürüləcəyi təqdirdə aclıq aksiyasına son qoyacaq. O, 43 gündür ki, aclıq aksiyası keçirir.
Noyabrın 8-də o, öz iradəsi əleyhinə həbsxananın xəstəxanasına köçürüldüyünü bildirib.
Ötən gün Gürcüstanın Xüsusi Penitensiar Xidməti Mixail Saakaşvilinin Qldani həbsxanasının tibb müəssisəsinə köçürülməsini əks etdirən videonu yayıb.
Gürcüstanın ədliyyə naziri bildirib ki, görüntülər keçmiş Prezidentin Rustavi həbsxanasından guya "oğurlanaraq" Qldani həbsxana xəstəxanasına zorla gətirildiyini və orada "həbsxana əməkdaşlarının hücumuna məruz qaldığı" ilə bağlı ittihamları təkzib etmək üçün yayımlanıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Rati Breqadze əlavə edib ki, video Saakaşvilinin təcili yardım avtomobilini tərk etmək istəməməsini və həbsxana işçilərini təhqir etməsini göstərir.
Lakin sabiq Prezidentin vəkili deyib ki, video Mixail Saakaşvilinin iradəsi əleyhinə aparıldığını, ona qarşı işgəncə səciyyəli rəftarın olduğunu təsdiqləyir.
Mixail Saakaşvili Gürcüstana oktyabrın əvvəlində qayıtdıqdan sonra həbs olunub. Bütün bu müddət ərzində etiraz aksiyalarına qatılan Saakaşvilinin tərəfdarları və müdafiəçiləri onun mülki klinikaya köçürülməsini tələb ediblər.
Saakaşvili qiyabi mühakimə olunub və 2004-2012-ci illərdə hakimiyyətdə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Keçmiş lider ittihamları rədd edir və siyasi motivlərlə həbs olduğunu deyir.

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Rusiya Ukraynaya hücuma hazırlaşır, ABŞ xəbərdarlıq edir
ABŞ Moskva ilə Avropa İttifaqı arasında miqrant böhranı və enerji təchizatı ilə bağlı artan gərginliyin fonunda Rusiyanın Ukraynaya müdaxiləni nəzərdən keçirə biləcəyi ilə bağlı narahatlığını avropalı müttəfiqləri ilə bölüşüb, Bloomberg agentliyi yazır.
Agentliyin bir neçə mənbədən əldə etdiyi məlumata görə, bu narahatlıq ABŞ-ın hələlik Avropa ölkələrinin hökumətləri ilə bölüşmədiyi bəzi məlumatlara əsaslanır. Bloomberg yazır ki, bu məlumat artıq ictimailəşmiş sübutlarla dəstəklənir.
Ağ Ev hələ ki, bu məlumatlara şərh verməyib.
Rusiya öz ərazisinə qoşun yerləşdirməyin onun "daxili işi olduğunu" iddia edir və hər hansı aqressiv niyyəti rədd edir. Rusiya, eyni zamanda ABŞ-ı bu həftə bir qrup Amerika hərbi gəmisinin Qara dənizdəki sərhədləri yaxınlığına daxil olmasına görə təxribat xarakterli hərəkətlərdə ittiham edir.
Oxşar gərginlik bu ilin yazında, ABŞ və NATO Rusiyanı Ukrayna sərhədi yaxınlığında əhəmiyyətli dərəcədə hərbi qüvvələr, tanklar və döyüş təyyarələri toplamaqda ittiham edəndə də baş vermişdi. Agentlik xatırladır ki, bu gərginlik ABŞ Prezidenti Joe Biden-in rusiyalı həmkarı Vladimir Putinə zəng edərək birgə görüş keçirməyi təklif etməsindən və iyunda bu görüşün baş tutmasından sonra azalmışdı.
Rusiyanın Ukrayna ilə sərhədində hərbi qüvvələrinin yerləşdirməsi barədə ilk dəfə Washington Post qəzeti yazmışdı. Qəzet yazırdı ki, onlara danışan hərbi təhlilçilər Rusiyanın sözügedən ərazidə hərbi qüvvələri sentyabrın ortasından toplamağa başladığını deyirlər.
Rusiya və Belarusun birgə keçirdiyi Qərb-2021 təlimləri başa çatdıqdan sonra hərbçilər həmişəki dislokasiya yerlərinə yox, Rusiya-Ukrayna sərhədinə yönləndirilib. Ötən həftə Ukraynanın Müdafiə Nazirliyi hazırda sərhədləri yaxınlığında 90 minə yaxın rus əsgərinin yerləşdiyini açıqlayıb.
Həmin ərəfədə ABŞ dövlət katibi Antony Blinken bildirmişdi ki, Moskvanın Ukrayna sərhədi yaxınlığında qoşunlarının hərəkəti ilə bağlı niyyətləri qeyri-müəyyən olaraq qalır, lakin Ukraynaya qarşı yeni təcavüzə başlamaq "Rusiya üçün ciddi səhv olardı".
Ukraynanın xarici işlər naziri Kuleba Dmitro ilə görüşdə Blinken, həmçinin söz verib ki, ABŞ administrasiyası Konqreslə əməkdaşlıq edərək Ukraynaya hərbi yardımın gələcəkdə də göstərilməsini təmin etməyə çalışacaq.
Bu bəyanatlar Rusiya Xarici İşlər Nazirliyində qıcıqlanmış reaksiyaya səbəb olub. Departamentin rəis müavini Sergey Ryabkov ABŞ-a "öz səhvləri üzərində işləməyi" məsləhət görüb, Rusiyanın Washington-dakı səfiri Anatoliy Antonov isə bildirib ki, "Kiyev rejiminə" silah tədarük etmək planları Ukraynanın cənub-şərqindəki vəziyyəti gərginləşdirəcək.

Şəklin mənbəyi, Alexander Reka\TASS via Getty Images
ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistanı "qızışdırıcı ritorika və təxribat xarakterli hərəkətlərdən" çəkinməyə çağırıb
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə regionda gərginliyin azaldılması yollarını müzakirə ediblər, həmsədrlərin bəyanatında deyilir.
Görüşdə bir sıra mümkün deeskalasiya tədbirləri və prosesdə növbəti addımlar, o cümlədən bu formatda gələcək görüşlər və həmsədrlərin regiona səfəri ilə bağlı müzakirələr davam etdirilib.
"Həmsədrlər humanitar məsələlərdə, o cümlədən, məhbuslar, minalardan təmizləmə, itkin düşmüş şəxslər, məcburi köçkünlərin könüllü qayıtması, tarixi və mədəni obyektlərin mühafizəsi daxil olmaqla irəliləyişin əldə edilməsinin vacibliyini bir daha vurğulayıblar və tərəfləri beynəlxalq humanitar təşkilatlar üçün maneəsiz girişi təmin etməyə çağırıblar. Həmsədrlər, həmçinin qızışdırıcı ritorika və təxribat xarakterli hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıblar", - bəyanatda deyilir.
Həmsədrlər və nazirlər noyabrın 9-da üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icra vəziyyətini də müzakirə ediblər.
Məlumatda göstərilir ki, çərşənbə günü Parisdə keçirilən görüşdə ATƏT-in ABŞ-dan olan həmsədri Andrew Schofer, rusiyalı həmsədr Iqor Xovaev, fransalı həmsədr Brice Roquefeuil, Fransanın xarici işlər naziri Jean-Yves Le Drian və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.
Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb.
Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib.
Ermənistan isə Azərbaycanla sülh danışıqları prosesində uzun illər Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə çalışmış və son müharibədən sonra kənarda qalmış ATƏT-in Minsk qrupunun vasitəçiliyində israr edir.
ATƏT-in Minsk qrupu iki ölkə arasında yaranmış sərhəd delimitasiya və demarkasiyasında, yaranmış situasiyadan çıxış yolu tapmaqda öz yardımını təklif edib.
O cümlədən, həmdsədrlər tərəfləri ATƏT mandatı şərtlərini və regionda yaşayan insanların stabillik, sülh və firavan gələcək istəklərini nəzərə alaraq onların himayəsi altında yenidən ən tez zamanda bir araya gəlməyə çağırırlar.
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalaması ilə başa çatıb.




























