İran İlham Əliyevin dediklərini “qəti təkzib edib”

Said Xatibzade İran XİN sözçüsü

Şəklin mənbəyi, İran XİN

Çap edildi

Azərbaycan Ağdərədə erməni silahlıları tərəfindən "təxribat cəhdinin" olduğunu bildirir, bundan əvvəl "Dağlıq Qarabağ Müdafiə Nazirliyi" tibbi yardım maşınının atəşə məruz qaldığını bildirib; Paşinyan və Əliyev minalanmış ərazilərin xəritələri və "hərbi əsirlər" məsələsini şərh ediblər; Oktyabrın 14-də Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev həlak olub -daha ətraflı BBC News Azərbaycancanın icmalında.

İranın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında İran barədə dediklərini "qəti təkzib" edib və "uydurma" adlandırıb.

"Bu cür media ittihamları yalnız İran və Azərbaycan xalqları arasındakı qardaşlıq münasibətlərinə təsir etmək üçün sionist rejimin maraqlarına uyğundur", İran XİN-in sözçüsü Səid Xatibzadə bildirib.

O, İranın "narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə aparıcı rolunu" qeyd edərək, "son 4 onillikdə bu dəhşətli fenomenlə mübarizədə minlərlə şəhid və yaralıların qurban verilməsinin İranın göstərdiyi davamlı səylərinin yalnız bir nümunəsi" adlandırıb.

Onun sözlərinə görə, İranın bu istiqamətdə işi beynəlxalq təşkilatlar tərəfindən "dəfələrlə təsdiq edilmişdir".

"Təəssüf ki, Bakıdan alınan şəxsi və müsbət mesajlara baxmayaraq, Bakının əsassız mətbuat açıqlamaları vermək niyyəti var, əlbəttə ki, uyğun cavab veriləcək", Irna agentliyi Xatibzadədən sitat gətirib.

Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb, prezident İlham Əliyev deyib.

O, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edib. Nəticədə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutu bağlanıb, Azərtac yazır.

Son günlər Azərbaycanla İran arasında münasibətlərin getdikcə gərginləşməsi müşahidə olunur. Azərbaycan bir hissəsi onun ərazisindən keçən Ermənistanın Gorus-Qafan yoluna nəzarəti bərpa edəndən sonra iki ölkə arasında narazılıqlar yaranıb.

Narazılıq İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamasından və bunu bölgədə "sionist təhlükəsi" olması ilə izah etməsindən sonra daha da dərinləşib.

"Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib", - deyə Azərbaycan Prezidenti bildirib.

İran rəsmi qurumlarının İlham Əliyevin bu açıqlamasına cavabı hələ məlum deyil. Lakin ona Ermənistanın Baş naziri reaksiya verib.

MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Nikol Paşinyan deyib ki, Ermənistan və İran beynəlxalq narkotrafikə qarşı birgə mübarizə aparırlar.

"İran hüquq-mühafizə orqanları ilə çox sıx əməkdaşlıq edirik və narkotrafikə qarşı effektiv mübarizə aparırıq. Narkotik vasitələrin daşınması cəhdlərinin qarşısının alınmasına və müharibədən sonra 3-4 dəfə artan narkotik maddələrin həcminə dair rəqəmlər də təqdim edə bilərik ", - Nikol Paşinyanın sözləri Sputnik.ru saytında iqtibas olunur.

Qarabağda 6 erməni hərbçi yaralanıb

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images

Ermənistan mövqelərinin "atəşə tutulduğunu" bildirib, Azərbaycan bunu təkzib edir

Ermənistan Müdafiə Nazirliyi Ararat rayonu istiqamətində yerləşən mövqelərinin Naxçıvan tərəfindən atəşə tutulduğunu bildirir.

"Oktyabrın 15-də saat 15:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan Respublikasının Ararat rayonu, xüsusən də Yerasx kəndi istiqamətində yerləşən erməni mövqelərini atəşə tutublar", Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata əsasən, şəxsi heyət və mülkilər arasında itki yoxdur. Atəş nəticəsində kəndlilərdən birinin tövləsinin və ot bağlamalarının yandığı qeyd olunur.

Azərbaycan bu məlumatın həqiqətə uyğun olmadığını bildirir.

"Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır".

Son günlər Ermənistan və Azərbaycan bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Cümə günü Azərbaycan Qarabağda erməni silahlıları tərəfindən "təxribata cəhd"olduğunu bildirib. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatında deyilir.

"Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb".

Məlumata əsasən, "cəhdin qarşısı alınıb" və maşında "hərəkət edən silahlılar" geriyə dönməyə məcbur ediliblər. Azərbaycan Müdafiə Nazirliyi mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadənin beynəlxalq humanitar hüquq normalarının "kobud şəkildə pozulması" kimi dəyərləndirib.

Bundan əvvəl "Dağlıq Qarabağ Müdafiə Nazirliyi" Azərbaycan tərəfini təcili yardım maşınını atəşə tutmaqda ittiham edib.

Rusiya Müdafiə Nazirliyinin saytında son hadisə barədə məlumat verilməyib.

"Dağlıq Qarabağ Müdafiə Nazirliyi" oktyabrın 14-də axşam saatlarında "Qarabağ Müdafiə Ordusunun" təmas xəttinin şərq istiqamətində, Martuni (Xocavənd) rayonu Norşen kəndi yaxınlığında yerləşən istehkamının Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu, 6 hərbçinin yaralandığını bildirib.

"Dağlıq Qarabağ ombudsmanı" Geğam Stepanyan Facebook hesabında yaralı hərbçilərin ikisinin vəziyyətin "ağır", daha birinin "son dərəcə ağır" olduğunu qeyd edib.

Ermənistan ombudsmeni Arman Tatoyan Facebook hesabında Geğam Stepanyanla hadisənin detallarını müzakirə etdiyini, onun yaralılara baş çəkdiyini yazıb.

Hadisə barədə Rusiya sülhməramlı qüvvələrin Qarabağdakı komandanlığına məlumat verildiyi bildirilir.

Qarabağ hərbi rəhbərliyi bəyan edib ki, "atəşkəs rejiminə əməl edir və Azərbaycan tərəfini sabitsizliyin pozulmasına yönəlmiş hərəkətlərdən çəkinməyə çağırır".

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun baş vermiş hadisəyə "heç bir aidiyyətinin olmadığını" bildirib.

Nazirliyin açıqlamasında deyilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki "qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib".

"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var", - Azərbaycan MN-in məlumatında deyilir.

Nikol Paşinyan

Şəklin mənbəyi, Gov.am

Paşinyan mina xəritələri barədə danışıb

Ermənistan Azərbaycanda saxlanan erməni hərbçilərin qaytarılması müqabilində minalanmış sahələrin xəritələrini Azərbaycana verməyə hazırdır.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan cümə günü Minskdə MDB Ölkə Başçıları Şurasının video konfransında bəyan edib.

Ermənistanın Baş naziri təəssüf edib ki, 2020-ci il 9 noyabr tarixli [10 noyabr] üçtərəfli bəyanatın [Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması haqqında] 8-ci bəndinə rəğmən "Azərbaycan bu günədək bütün erməni hərbi əsir və qeyri-qanuni saxlanılan mülki vətəndaşları buraxmayıb".

Paşinyan minalanmış ərazilərin "Ermənistanın təhlükəsizlik maraqlarına toxunmayan" xəritələrini Azərbaycana təqdim etməyə hazır olduğunu bildirib.

"Bu, sırf humanitar məsələdir və biz bunun tezliklə həll olunacağına ümid edirik", - Paşinyan bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyev müharibə zamanı saxlanılan bütün erməni əsirlərin artıq Ermənistana verildiyini deyib.

"Azərbaycan müharibədə saxlanılan bütün əsirləri Ermənistan Azərbayan əsirlərini bizə təhvil verməzdən əvvəl təhvil verdi", - TASS agentliyində İlham Əliyevin sözləri iqtibas olunur.

Onun sözlərinə görə, 10 noyabr bəyannaməsindən sonra Ermənistandan Azərbaycana keçən "62 nəfərdən ibarət təxribat qrupu" beynəlxalq konvensiyalara görə, hərbi əsir hesab oluna bilməz.

Azərbaycan ölkənin Cinayət Məcəlləsinə əsasən mühakimə etdiyi həmin hərbçilərin bəzilərini Ermənistana qaytarıb.

Əsgər

Şəklin mənbəyi, Getty Images/BULENT KILIC

Azərbaycan MN: "Azərbaycan əsgəri snayper atəşi nəticəsində həlak olub"

Oktyabrın 14-də Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev həlak olub, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlik bildirib ki, hadisə cümə axşamı günü saat 18:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində "qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində" baş verib.

Azərbaycan MN işin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərildiyini qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni "kəskin qınadığını" açıqlayıb.

"Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir", - nazirliyin məlumatında deyilir.

"Dağlıq Qarabağ Müdafiə Nazirliyi" açıqlamasında "Qarabağ özünümüdafiə ordusu" tərəfindən snayper atəşi ilə Azərbaycan hərbçisinin öldürülməsi haqqında Azərbaycan tərəfinin məlumatının "həqiqətə uyğun olmadığını" bildirib.

"Sözügedən vaxtda Müdafiə Ordusunun Norşen kəndi yaxınlığındakı mövqedə növbətçilikdə olan hərbçiləri söyüşmə və dalaşma səsləri eşidib, bundan sonra atəş səsləri gəlib. Müdafiə Ordusunun komandanlığı obyektiv araşdırmaya ümid edərək bəyan edir ki, əldə edilmiş razılaşmalara əməl edir və atəşkəs rejimini pozmur", - məlumatda deyilir.