You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Nobel Sülh mükafatı jurnalistlərə verildi, Britaniyada Rəisinin həbsinə çağırış, Ermənistan Prezidenti Qarabağ müharibəsindən danışıb
Nobel mükafatını jurnalistlər aldı, Britaniyada Iran Prezidentinin həbsinə çağırış, Ermənistan Prezidenti deyib ki, ermənilər 2020-ci ildə Qarabağ müharibəsindəki məğlubiyyətdən "nəticə çıxarmalı", daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Bu il Nobel Sülh Mükafatına jurnalistlər Maria Ressa və Dmitri Muratov layiq görülüb.
Mükafat onlara Filippində və Rusiyada ifadə azadlığını müdafiə etmək üçün "cəsarətli mübarizəyə" görə verilib.
Jurnalistlər öz ölkələrində hakimiyyət nümayəndələrini qəzəbləndirən və onlara ciddi təhlükələr yaradan araşdırmalarıyla tanınırlar.
Nobel Komitəsi, Rusiyanın müstəqil Novaya Qazeta-nın həmtəsisçisi və redaktoru olan Dmitri Muratovun onilliklər ərzində getdikcə çətinləşən bir mühitdə azad sözü müdafiə etdiyini söyləyib.
Rappler xəbər saytının həmtəsisçisi olan Maria Ressa "öz ölkəsi Filippində hakimiyyətdən sui-istifadə, zorakılıq və artan avtoritarizmin ifşası" naminə fəaliyyətinə görə təqdir olunub.
Nobel komitəsinə əsasən, Maria Ressa və Dmitri Muratov söz azadlığı "idealını müdafiə edən bütün jurnalistlərin nümayəndələridir".
Britaniyada Iran Prezidentinin həbsinə çağırış
Böyük Britaniyada İran prezidenti İbrahim Rəisinin həbs edilməsi üçün polisə rəsmi müraciət edilib.
Müraciətdə deyilir ki, prezident Rəisi gələn ay Glasgow şəhərində keçiriləcək Cop26 iqlim konfransında iştirak edəcəyi təqdirdə "insanlığa qarşı cinayətlərə" görə həbs edilsin.
Polisə müraciəti insan haqları fəalları, İranda zorakılığa məruz qalan və öldürülən şəxslərin ailələri və qurbanlar göndərib. Onlar Şotlandiya polisini universal yurisdiksiya prinspi çərçivəsində belə addım atmağa çağırırlar.
BBC Farsca yazır ki, İbrahim Rəisi 80-ci illərdə minlərlə siyasi məhbusun qətlinə hökm verən "prokuror komitəsinin" dörd üzvündən biri olub.
BMT-nin İnsan Haqları üzrə xüsusi məruzəçisi və Amnesty İnternational təşkilatı Rəisinin 1988-ci il qətllərində rolunu araşdırmağa çağırıb.
İbrahim Rəisinin özü dəfələrlə ölüm hökmlərində əli olmadığını deyib.
Lakin o, bu ilin yayında prezidentlik seçkilərində qalib gəldikdən sonra həmin dövrdə hakim kimi fəaliyyətini müdafiə edib və "İŞİD və qeyri-insani hərəkətlər edənlərlə" rəftarının alqışlanmalı olduğunu söyləyib.
"Ermənilər Qarabağ müharibəsindəki məğlubiyyətdən nəticə çıxarmalıdırlar" - Ermənistan Prezidenti
Ermənistan Prezidenti Armen Sarkisyan deyib ki, ermənilər 2020-ci ildə Qarabağ müharibəsindəki məğlubiyyətdən "nəticə çıxarmalı" və gələcəkdə dövləti gücləndirmək və inkişaf etdirmək üçün "bütün potensialdan" istifadə etməlidirlər.
"Biz bu müharibədə itkilər verdik, amma xatırlamağa dəyər ki, 90-cı illərdə eyni düşmənlə vuruşmuşuq. Biz Azərbaycana qalib gəldik və çox güman ki, o zaman daha yaxşı hazırlaşmışdıq. Ancaq təəssüf ki, qələbəmiz sabit sülhə çevrilmədi", - Sputnik Ermənistan Armen Sarkisyana istinadən yazır.
Armen Sarkisyan cümə axşamı günü Romada erməni icmasının nümayəndələri ilə görüşündə söyləyib ki, Azərbaycan ötən il baş tutmuş müharibədə bütün resurslarından - neft, qaz, ordu və hətta Türkiyənin yardımından istifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycana "siyasi və mənəvi dəstək verdiyini" bildirmişdi.
Ermənistan Prezidenti əlavə edib ki, həmin müharibədə məsələni "əsgərlərin cəsarəti və fədakarlığı deyil, silah və texnika həll edirdi və bu məsələlərdə erməni tərəfi geri qalırdı".
Armen Sarkisyan vurğulayıb ki, məsul şəxslər müharibəni və Ermənistanın məğlubiyyətini təhlil etməlidirlər.
"Əlbəttə ki, biz nəyin səhv olduğu barədə danışmalıyıq. Məsul şəxslər oturub bizim bu müharibədə qalib gəlməməyimizin səbəblərini müzakirə etməlidirlər".
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalaması ilə başa çatıb. Azərbaycan bu müharibə nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərinin böyük bir hissəsini azad edib. Qarabağa rus sülhməramlıları yerləşdirilib.