You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistanda İkinci Qarabağ müharibəsi ilə bağlı yüzlərlə cinayət işi açılıb
Ermənistanda İkinci Qarabağ müharibəsi ilə bağlı yüzlərlə cinayət işi açılıb, Azərbaycan Ermənistan əsgərini yaralamadığını bildirir, Rusiyanın XİN-in rəhbəri Sergey Lavrov Qarabağ razılaşmasını şərh edi, BBC News Azərbaycancanın icmalında.
Ermənistan prokurorluğu Qarabağ müharibəsi ilə bağlı yüzlərlə ittiham hazırlayıb.
Ermənistan prokurorluğunda 2-ci Qarabağ müharibəsi zamanı Qarabağın cənubunda Erməni hərbi bölmələrinin idarə olunması habelə hərbi hissələrin tamamlanması işlərində ehtimal olunan səhvlərlə bağı araşdırma aparılır.
Ermənistan Baş Prokurorluğu 2-ci Qarabağ müharibəsində döyüşlərlə bağlı 2 mindən çox cinayət işinə baxır. Ermənistan İstintaq Komitəsi Baş Hərbi İstintaq İdarəsi, Milli Təhlükəsizlik Xidməti İstintaq Departamenti və Xüsusi İstintaq Xidmətində Ermənistan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələrinə əsasən cinayət işləri açılıb.
Bu cinayət işləri çağırış və hərbi bölmələrin komplektləşdirilməsi zamanı qanun pozuntuları, özbaşına hərbi xidmət yerini tərk etmə, qeyri-qanuni silah, sursat və partlayış maddələri əldə etmə və Dağlıq Qarabağdan Ermənistana gətirmə, çağırışdan boyun qaçırma, özünü qəsdən şikəst etmə, döyüş növbətçiliyi qaydalarının pozulması halları ilə bağlıdır.
Həmçinin cənub istiqamətində hərbi bölmələrin idarə olunması və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədləri yaxınlığına və Qarabağın mərkəzinə, Şuşa şəhərinə həmləsi ilə bağlı epizodlar araşdırılır.
Xüsusilə, Lələtəpə yüksəkliyi, Cəbrayıl və Hadrut şəhərləri, Mets Tağer (Böyük Tağlar), Tağavard, Sğnax, Daşaltı, eləcə də Şuşa şəhəri yaxınlığında döyüş epizodları müzakirə olunur.
Bütün bu işlər üzrə miqyaslı istintaq-axtarış əməliyyatları aparılır, ekspertizalar təyin olunub.
Tək Qarabağın cənubundakı və Şuşa istiqamətində hadisələrlə bağlı iş üzrə 150 nəfərədək adam cəlb olunub, o cümlədən, özünü müstəqil elan etmiş "DQR Prezidenti" Arayik Harutyunyan və onun müşaviri, "Qarabağ Təhlükəsizlik Şurasının" keçmiş katibi, "Qarabağ Müdafiə Ordusunun" komandanları və başqaları.
Əldə edilmiş dəlillər əsasında 800 nəfərdən çox adamın müttəhim qismində cəlb olunması haqqında qərar verilib, Ermənistan Baş Prokurorluğunun məlumatında deyilir.
Azərbaycan Ermənistan əsgərini yaralamadığını bildirir
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bu gün saat 11:30 radələrində Azərbaycan tərəfindən Ermənistanın Geğarkunik vilayətinin Kut kəndi yaxınlığında yerləşən mövqelərdən biri istiqamətində atəş nəticəsində Ermənistan ordusunun sıravi əsgəri Qarnik Abrahamyan qolundan yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.
Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil, MN-nin məlumatında deyilir.
Rusiya: Qarabağ bəyannaməsinin "əsas nəticəsi sabitlikdir"
Bu barədə çərşənbə axşamı günü Rusiyanın xarici işlər naziri jurnalistlərə bildirib.
10 noyabr bəyannaməsindən "keçən təxminən bir ilin əsas nəticəsi sabitliyin bərqərar olunmasıdır və Rusiya sülhməramlı kontingentinin sayəsində zorakılıq müşahidə olunmur", Sergey Lavrov deyib.
"İlkin mərhələdə olan kiçik hadisələr tez bir zamanda həll olundu. Bir daha vurğulamaq istərdim: orada vəziyyət sabitdir, hərçənd, əlbəttə ki, problemlər az deyil".
Sergey Lavrov həmçinin ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ bölgəsinə işçi səfərlərinin bərpası ilə bağlı razılaşmanın əldə olduğunu bildirib.
Bundan əvvəl Azərbaycan Prezidenti Minsk Qrupundan yeni bir təklif almadığını qeyd edib.
"Əslində, bilirsiniz, bir daha demək istəyirəm, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupundan bu günə qədər bizə hər hansı bir təklif verilmədi. Təklif olmadığı təqdirdə Minsk qrupunun fəaliyyəti haqqında danışmaq yersizdir. Yəni, bir il artıq keçir. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə həll edilməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, bunu həll etmişəm, təkbaşına, bütün təzyiqlərə rəğmən. Ona görə bu təklif olmalıdır. Nə ilə məşğul olmalıdır? Mən öz fikirlərimi ifadə etdim. Qalan şeylər isə onların məsuliyyətidir", - İlham Əliyev Anadolu Agentliyinə bildirib.