Rusiyalı sülhməramlılar Laçından keçən maşınların sayını açıqlayıb

Rusiyalı sülhməramlı maşını yoxlayır

Şəklin mənbəyi, AFP/GETTY IMAGES

Çap edildi

Rusiyalı sülhməramlılar Laçından keçən maşınların sayını açıqlayıb, Ermənistanın hərbi rəhbərliyinə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təqdim olunub, New Yorkda BMT Baş Məclisinin 76-cı sessiyası çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşüb, BBC NewsAzərbaycancanın icmalında oxuyun.

Azərbaycanın Qarabağ regionunda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbçiləri ötən ilin noyabr ayından etibarən Laçın dəhliziylə hər iki istiqamətdə hərəkət edən 65 minə yaxın nəqliyyat vasitəsinin və 230 mindən çox insanın təhlükəsiz keçidini təmin ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata əsasən, Rusiya hərbçiləri sutka ərzində dəhlizdən keçən avtomobillərə nəzarət edirlər.

"Keçid məntəqəsindən gündə təxminən 200 maşın keçir", - sülhməramlı kontingentin nümayəndəsi Vasili Davıdov deyib.

2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsi və Laçın dəhlizində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat açıqlandıqdan sonra yerləşdirilib.

Rusiyanın hərbi heyəti

Şəklin mənbəyi, mil.am

Şəklin alt yazısı, Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin yeni komandanı Gennadi Anaşkin ( sağdan ikinci ) Ermənistanın hərbi rəhbərliyinə təqdim edilib

Ermənistanın müdafiə naziri Rusiya sülhməramlı kontingentinin yeni komandanı ilə görüşüb

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı Gennadi Anaşkinlə görüşüb, Ermənistan Müdafiə Nazirliyi bildirir. Görüşdə Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov və onu qısa müddətə əvəzləyən general-mayor Mixail Kosobokov da iştirak edib.

Gennadi Anaşkin Rusiyanın Cənub Hərbi Dairəsində 8 saylı Qvardiya Ümumqoşun Ordusunun komandir müavini olub. Anaşkinin sələfi Mixail Kosobokov, bu vəzifədə cəmi 16 gün qalıb. Yeni təyinatın səbəbləri açıqlanmır.

Rusiya sülhməramlı qüvvələrinin komandanı hər altı aydan bir rotasiya olunur, lakin tərəflərdən heç birinin etirazı olmadığı təqdirdə onun səlahiyyət müddəti uzadıla bilər.

ATƏT-in müşahidə missiyası

Şəklin mənbəyi, Alexander Reka\TASS via Getty Images

New Yorkda Ermənistan və Azərbaycan XİN rəhbərləri görüşüb

New Yorkda BMT Baş Məclisinin 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Bu, 2020-ci ilin noyabrından bəri XİN rəhbərlərinin ilk görüşü olub.

ATƏT-in bəyanatına görə, Ceyhun Bayramov və Ararat Mirzoyan əvvəlcə Minsk Qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüşüblər, daha sonra hər iki nazirlə birgə danışıqlar təşkil edilib.

Azərbaycan görüşün qarşı tərəfin təşəbbüsü əsasında keçirildiyini bildirir.

"BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub".

Azərbaycan XİN Mətbuat xidmətinin şənbə günü yaydığı açıqlamasına əsasən, görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin "normallaşdırılması prosesinin irəlilədilməsi" məsələləri müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevana və Bakıya gərginliyin aradan qaldırılması istiqamətində konkret məqsədyönlü tədbirlər və gələcək mümkün addımlar təklif edib, ATƏT-in rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

"Həmsədrlər və nazirlər Ermənistanla Azərbaycan arasında həll olunmamış çoxsaylı məsələləri müzakirə ediblər".

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin (FOS) şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib. Həmsədrlər ATƏT-in FOS xüsusi təmsilçisi və onun komandası tərəfindən həyata keçirilən "zəruri tədbir və əməliyyatlarına" dəstəyini vurğulayıb.

Məlumata əsasən, cümə günü həmsədrlər və ATƏT-in FOS nümayəndəsi ATƏT-in MQ həmsədrlərinin son il ərzində səyləri və bu prosesdə ən son inkişaflar haqqında məlumat vermək üçün BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rosemary DiCarlo və ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüblər.

"Həmsədrlər hər iki ölkə xarici işlər nazirlərinin 2020-ci il noyabrından bəri bu ilk görüşünü bölgədə təhlükəsizlik, sabitlik və firavanlığın dəstəyinə yönəlmiş birbaşa dialoq vasitəsilə sülh prosesinə yenidən başlamaq əzminin əlaməti kimi alqışlayır", - bəyanatda deyilir.

Həmsədrlər həmçinin "öz mandatlarına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi" ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün tərəflərə işləmək əzminə sadiq qaldığını təsdiq ediblər.

Azərbaycan Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində uzun illər vasitəçi olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb. Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib. Ermənistan son müharibədən sonra kənarda qalmış ATƏT-in Minsk qrupunun vasitəçiliyində israr edir.