Şuşa ətrafında atışma barədə Moskvanın yaydığı məlumat Bakıda "təəccüb və təəssüf doğurub"

Çap edildi

Bakı Rusiya hərbiyyəsinin Qarabağda Şuşa ətrafında atışma barədə məlumatı erməni tərəfinə istinadən yaymasından "təəccüb və təəssüf" hissi keçirdiyini bildirib.

"Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur", - Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bu gün mətbuat üçün açıqlamasında bildirib.

"Haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb", - Eyvazov qeyd edib.

"Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub, - Azərbaycan MN təmsilçisi vurğulayıb. - Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir."

"Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - MN rəsmisi bildirib.