"Biz ... nail olacağıq" Bu, Paşinyanın İlham Əliyevin dünənki bəyanatına cavabıdırmı?

Paşinyan İlham Əliyev

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Biz kommunikasiyaları Rusiyanın və beynəlxalq partnyorlarımızın köməyilə açmağa nail olacağıq, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün hökumət iclasında deyib.

Azərbaycan hakimiyyəti hər yolla Ermənistanla sərhədin demarkasiya və delimitasiya prosesinin başlanmasına mane olur, - Nikol Paşinyan belə düşünür.

Azərbaycan Prezidenti İlham Əliyev dünən bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. "Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir,"- Prezident Əliyev deyib.

Paşinyan cümə axşamı Ermənistanın hökumət iclasında deyib ki, Azərbaycan Ermənsitanın delimitasiya və demarkasiya prosesinə mane olduğunu göstərməyə çalışsa da, əslində hər şey əksinədir:

"...sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı olan Azərbaycandır, çünki saxta xəritələr göstərir, silahlı qüvvələrinin Ermənistanın suveren ərazisində, xüsusən də Sotk-Xoznavar hissəsində olmasına haqq qazandırmağa çalışır", - TASS Paşinyana istinadən yazır.

Paşinyanın sözlərinə görə, həm Ermənistan, həm də beynəlxalq cəmiyyət düşünür ki, Azərbaycan silahlı qüvvələri sözügedən ərazidən çıxmalı, hər iki ölkənin silahlı qüvvələri sərhəddən dislokasiya nöqtələrinə çəkilməli, sərhəddə Rusiya sərhədçiləri və ya beynəlxalq müşahidəçilər yerləşdirilməli və sərhədlərin beynəlxalq qanunlara görə demarkasiya və delimitasiyasına başlanılmalıdır.

"Təklifimiz qüvvədə qalır, rus tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik və Azərbaycan isə təklifimizə heç bir şəkildə reaksiya vermir", - o deyib.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan haqqında oxşar bəyanatla çıxış edib. O Ermənistanı sülh müqaviləsi imzalamağa hazır olmamaqda ittiham edib.

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, bunu Prezident İlham Əliyev deyib. Ancaq onun sözlərinə görə, Ermənistandan buna rəsmi reaksiya verilməyib.

"Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq," - o bildirib.

"Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik," - deyə cənab Əliyev bəyan edib.

"Zəngəzur dəhlizi müzakirə edilmir"

Paşinyan bildirib ki, Ermənistan, Azərbaycan və Rusiyanın baş nazirləri səviyyəsində olan üçtərəfli komissiya regional kommuinikasiyaların açılmasına dair konstruktiv və effektiv iş aparsa da, Zəngəzur dəhlizinin açılmasını "müzakirə etmir".

"Zəngəzur dəhlizi adlanan yer haqqında Azərbaycanın anlaşılmaz açıqlamalarının işçi qrupunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan işçi qrupunun işini pozmaq və regional kommunikasiyaların açılmasına mane olmaq üçün belə açıqlamalar verir", - o qeyd edib.

İlham Əliyev mart ayındakı çıxışında Ermənistanın Naxçıvanı Azərbaycanın digər hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına "əngəl törətmək istədiyini", lakin Azəbaycanın Ermənistanı "məcbur edəcəyini" demişdi.

Ərazi bütövlüyü

Nikol Paşinyan deyib ki, Azərbaycan hakimiyyətinin Ermənistanın ərazi bütövlüyünə qarşı yönəlmiş bəyanatları bölgədəki sülhü və sabitliyi pozur.

İlham Əliyev

Şəklin mənbəyi, Getty Images

İlham Əliyev iyulun 14-dəki çıxışında Ermənistan və Qarabağ ərazisindəki Zəngəzur zonasının Azərbaycan torpaqları olduğunu deyib.

"… Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur," - deyə o vurğulayıb.

Onun fikrincə, "bütün kommunikasiyalar açılandan sonra…Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə".

"Ermənistan Qarabağ sülh prosesinin bərpasına hazırdır"

Nikol Paşinyan deyib ki, Ermənistan ATƏT-in Minsk Qrupunun sədrlərinin bəyanatlarında "deyildiyi kimi, Qarabağ sülh prosesinin nizamlanma prosesinin bərpasına hazırdır", Avropa İttifaqı tərəfindən maliyyələşdirilən KarabakhSpace saytı yazır.

O, Ermənistanın bir neçə dəfə bu qurumun bəyanatlarını alqışladığını deyib.

"ATƏT mandatının şərtlərini və regionun bütün xalqlarının sabit, dinc və firavan gələcək istəklərini nəzərə alaraq, həmsədrlər bütün tərəflərin yaxşı tanıdığı prinsiplərə əsaslanan son hərtərəfli, davamlı bir nizamlanmaya xüsusi diqqət yetirilməli olduğunu vurğulayırlar. Bu baxımdan, tərəfləri ilk fürsətdə həmsədrlərin himayəsi altında yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırırlar. Həmsədrlər, tərəflərin ön şərtləri olmadan prioritetlərini əks etdirən bir struktur gündəliyini birlikdə nəzərdən keçirə və razılığa gələ bilməsi üçün birbaşa ikitərəfli məsləhətləşmələr aparmaq təkliflərini təkrarladılar", - Paşinyan əlavə edib ki, bütün tərəflərin bildiyi prinsiplər olan xalqların öz müqəddəratını təyin etməsi, gücdən istifadə və ya güc təhdidi və ərazi bütövlüyü Qarabağ münaqişəsinin həllinin əsas hissəsidir.