Hadrutlular Yerevanda Lavrovun səfəri öncəsi mitinq keçiriblər, Bakıda Azərbaycan-Gürcüstan danışıqları

Çap edildi

Hadrutun keçmiş erməni sakinlərinin Lavrovun Yerevana səfərindən əvvəl etirazı, Bakıda Azərbaycan-Gürcüstan danışıqları keçirilib, bu və digər xəbərlə BBC News Azərbaycancanın icmalında.

Ermənistana səfər çərçivəsinə Rusiyanın xarici işlər naziri mayın 6-da Ermənistan xarici işlər naziri Ara Ayvazyanla görüşəcək və onların birgə mətbuat konfransı keçiriləcək. Həmçinin "iki ölkə XİN rəhbərləri arasında sənəd imzalanacağı nəzərdə tutulur".

Bu arada Sergey Lavrovun səfərindən əvvəl Yerevanda ötən ilki müharibə nəticəsində Azərbaycanın nəzarəti altına keçən Hadrut rayonunun bir qrup sakini Ermənistan XİN binası önündə mitinq keçirib. Aksiya iştirakçılarından birinin jurnalistlərə dediyinə görə, onlar Sergey Lavrovun Ermənistana axşam saatlarında gələcəyini bilməyiblər.

Hadrut rayonunu tərk etməyə məcbur olan keçmiş sakinlər Rusiya XİN rəhbəri və Ermənistan xarici işlər nazirinə şikayət təqdim etmək istəyirlər. Şikayətçilər öz "doğma Hadrut rayonundan başqa yerdə - nə Ermənistanda, nə də Dağlıq Qarabağın başqa rayonunda - yaşamaq istəmir, Hadrut rayonuna qayıtmaq" istəyirlər.

"Lavrovdan bizim gözləntimiz yoxdur, lakin o, Ermənistan XİN-i və Qarabağ arasında vasitəçilik edə bilər ki, bizim işğal olunmuş ərazilər məsələsi mümkün qədər tez həll olunsun", - "Hadrut naminə" ictimai təşkilatın nümayəndəsi Artur Sarkisyan deyib.

Onun sözlərinə görə, aksiyanın əsas məqsədi Qarabağdan köçürülmüş əhalinin narazılığını bildirmək və vətənə qayıdışın tezləşdirilməsi üçün diplomatik işlərin sürətlənməsinə nail olmaqdır.

Fevral ayında Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağa 50 mindən çox sakinin qayıtdığını bildirib.

Sergey Lavrovun səfəri çərçivəsində Rusiya XİN rəhbərinin Ermənistan Baş nazir vəzifəsini icra edən (erkən parlament seçkiləri ilə bağlı Paşinyan nə nazirlər kabineti bütövlüklə istefa verib, öz vəzifələrini müvəqqəti icra edirlər) Nikol Paşinyanla da görüşü planlaşdırılıb.

Daha əvvəl Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, təmaslar zamanı ikitərəfli münasibətlər və regional əməkdaşlıq, eləcə də beynəlxalq səhnədə qarşılıqlı əlaqələr məsələlərinin hərtərəfli nəzərdən keçirilməsi gözlənilir, xüsusilə Dağlıq Qarabağa dair bəyanatlara diqqət yetiriləcək.

Bakıda Azərbaycan-Gürcüstan danışıqları keçirilir

Bu gün Azərbaycana bir günlük işgüzar səfərlə gələn Gürcüstan hökumətinin başçısı ilə Azərbaycan Prezidenti arasında danışıqlar vaxtı iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Bu barədə danışan Azərbaycan dövlət başçısı xüsusilə nəqliyyat və energetika layihələrini qeyd edib. İlham Əliyev həmçinin Azərbaycanın Gürcüstanda ən iri investorlardan biri olduğunu da vurğulayıb. "Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək".

İrakli Qaribaşvili də ölkələr arasında "mühüm əhəmiyyət" kəsb edən "tarixi layihələrin" icra edildiyini deyib.

Bakıya gələn nümayəndə heyətinin tərkibində Gürcüstanın xarici işlər naziri David Zalkaliani də təmsil olunub. Onun azərbaycanlı həmkarı Ceyhun Bayramovla ayrıca görüşünün nəzərdə tutulduğu bildirilir.

Gürcüstan və Azərbaycan nəqliyyat, energetika və ticarət sahələrində geniş əməkdaşlıq edirlər.

Fevral ayında ikinci dəfə Baş nazir vəzifəsini tutan İrakli Qaribaşvili hökumət başçısı qismində ilk səfərlə Bakı və Brüsselə yollanacağını bəyan etmişdir.