Ermənistanda seçki: Parlament özünü ləğvetmə prosesinə başlayıb

Ermənistan parlamenti

Şəklin mənbəyi, Gov.am

Çap edildi

Ermənistan Milli Məclisi bu gün növbədənkənar iclasında Ermənistan Baş naziri seçkilərinə başlayıb. Lakin bu formal proses iyunun 20-də erkən parlament seçkilərini keçirmək üçün Milli Məclisin buraxılması məqsədilə başlanılıb. Bunun üçün Parlament Baş nazir namizədinin əleyhinə səs verməlidir.

"Mənim addımım" iqtidar parlament fraksiyası hazırda Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın namizədliyini irəli sürüb. Müxalif Firavan Ermənistan və Zəkalı Ermənistan fraksiyaları, qabaqcadan əldə edilmiş razılılığa əsasən, namizəd təklif etməyiblər.

Ermənistan Parlamenti Baş nazir vəzifəsinə təklif edilən Nikol Paşinyanın namizədliyi əleyhinə səs verib.

Baş nazir vəzifəsinə yeni namizəd üzrə səsvermə parlamentin mayın 10-na təyin edilən növbədənkənar iclasında keçiriləcək, Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyanın bəyanatında deyilir.

Nikol Paşinyan aprelin 25-də Baş nazir vəzifəsindən istefa verdiyini elan edib.

Daha əvvəl, 18 martda Prezident Armen Sarkisyan və parlament fraksiyaları ilə müzakirələrdən sonra Nikol Paşinyan 2021-ci il iyunun 20-də növbədənkənar parlament seçkilərini keçirmək qərarını bəyan edib.

Ermənistan Konstitusiyasına əsasən, fəaliyyətdə olan Baş nazir istefa verdikdən sonra parlament səsvermə nəticəsində fraksiyalar tərəfindən təklif edilən namizədlərdən birini seçməlidir.

Lakin iki həftə ərzində keçirilən iki parlament iclası nəticəsində Baş nazir seçilməzsə, Milli Məclis buraxılmalı və yeni növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Növbədənkənar parlament seçkiləri parlament ləğv olunduqdan 30 gün sonra, lakin 45 gündən gec olmayaraq keçirilməlidir.

Baş nazir Paşinyan və onun rəhbərlik etdiyi hökumətin istefası məsələsi Ermənistanın 2020-ci il payızında Qarabağ müharibəsində məğlub olmasından sonra gündəmə gəlib.

Ermənistanda Paşinyanın istefası tələbilə izdihamlı etiraz aksiyaları başlayıb. Onun istefasını tək müxalif siyasi qüvvələr deyil, müxtəlif ictimai təşkilat nümayəndələri, elm, mədəniyyət, din xadimləri, hətta Paşinyanın siyasətdə "xaç atası" hesab edilən Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan tələb edib.

Lakin Paşinyan yalnız "xalqın həqiqi mövqeyini təzahür edən seçkilər yolu ilə" tərk etməyə hazır olduğunu deyib.

Növbədənkənar seçkilər keçirmək qərarına gəlincə Paşinyan bir neçə dəfə öz mövqeyini dəyişib: əvvəlcə növbədənkənar seçkilər keçirməyi vəd edib, sonradan bu fikrindən dönüb, bir müddət keçmiş isə yenidən seçkilərin keçirilməsi tarixini müzakirə etməyə hazır olduğunu bildirib.