Lavrov Yerevanda kommunikasiyaların açılmasını müzakirə edib, ABŞ Dövlət katibinin Ukraynaya "dəstək səfəri", Azərbaycanda 18 yaşına çatmış şəxslərin vaksinasiyasına başlanılacaq

Şəklin mənbəyi, MFA.AM
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan səfəri çərçivəsində kommunikasiyaların açılmasını, əsirlər və Sputnik V-nin istehsalını müzakirə edib, Blinken-in Ukraynaya "dəstək səfəri", Azərbaycanda 18 yaşına çatmış şəxslərin vaksinasiyasına başlanılacaq, Levon Ter-Petrosyan Paşinyana qarşı birləşməyə çağırır, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Yerevana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz erməni həmkarı ilə görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Rusiya nümayəndəsiylə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.
O, Yerevanın Rusiya tərəfindən "hərbi-texniki əməkdaşlıq sahəsində konkret addımlar atılacağını" gözlədiyi və ticarət dövriyyəsinin artırılacağına ümid etdiyini bildirib.
Sergey Lavrov yerli jurnalistlərdən birinin sualına cavab olaraq, Azərbaycan prezidentinin televiziya müsahibəsində "Zəngəzur dəhlizi" barədə bəyanatını şərh edib.
Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. "İstəməsə, zorla həll edəcəyik," - İlham Əliyev vurğulayıb.
Lavrov deyib ki, ermənistanlı həmkarı ilə post-konflikt dövrə aid bütün məsələlərə toxunublar, o cümlədən üçtərəfli razılaşmaya əsasən işlənib hazırlanmış kommunikasiyaların açılması məsələsinə. Onun sözlərinə görə, razılaşmaya görə, kommunikasiya blokadalarının aradan qaldırılması mexanizminin qarşılıqlı fayda və sırf könüllü prinsinə əsaslanması nəzərdə tutulur.
"Bu mexanizm, iqtisadi əlaqələrin tam açılmasına imkan verən diplomatik razılaşma və qərarlardan başqa, heç nə nəzərdə tutmur", - Lavrov deyib. Onun sözlərinə görə, üç ölkə liderlərinin sözügedən razılaşmasına zidd olaraq qaldırılan heç bir məsələ qabaqcadan şərtləşdirilənlərin alternativi kimi qəbul edilə bilməz.
XİN mətbuat xidmətinin yaydığı məlumata əsasən, görüş vaxtı Ara Ayvazyan 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfinin erməni əsirlərin qaytarmamasından gileylənib. Ayvazyan Azərbaycandan "bütün hərbi əsir və məcburi saxlanan şəxslərin qaytarılmasının vacibliyini qeyd edib".
"Və bu məsələni mümkün qədər tez həll etmək lazımdır, çünki beynəlxalq humanitar hüquqların kütləvi şəkildə pozulması hallarının davam etməsi haqqında çoxsaylı məlumatlar var", - Ara Ayvazyan deyib.
Onun sözlərinə görə, öz evlərinə qaytarılan məcburi köçkünlər üçün elementar yaşayış şəraitlərinin yaradılması, humanitar yardım göstərilməsi və Dağlıq Qarabağda iqtisadiyyatın bərpa edilməsi, habelə Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına düşən erməni mədəni-tarixi irsin qorunması məsələləri də aktualdır.
Ermənistan XİN mətbuat xidmətinin məlumatına görə, bu kontekstdə "Minsk Qrupu həmsədrlər üçlüyünün himayəsi ilə sülh prosesinin bərpa edilməsinin vacibliyi qeyd olunub".
Tərəflər koronavirusa qarşı Rusiya "Sputnik-V" vaksininin Ermənistanda istehsal olunmasının təşkili məsələsini də müzakirə edib. Rusiya XİN başçısı Sergey Lavrov, koronovirus pandemiyası səbəbindən 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi həcminin azalmasına baxmayaraq, Rusiyanın Ermənistan üçün aparıcı işgüzar partnyor qaldığını qeyd edib.
Günün ikinci yarısında Sergey Lavrov Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.
Sergey Lavrovun 10-11 may tarixlərində Azərbaycana səfəri planlaşdırılır.
ABŞ Dövlət katibi Kiyevin üzləşdiyi xarici və daxili təhlükələrdən danışıb

Şəklin mənbəyi, Reuters
Kiyevə ilk səfəri zamanı ABŞ Dövlət katibi Rusiya ilə qarşıdurma yaşayan Ukraynaya öz dəstəyini bildirib. Bu barədə Antony Blinken Ukrayna Prezidenti Volodımır Zelenski və xarici işlər naziriylə görüşdən sonra danışıb.
Cümə axşamı günü tərəflər Ukrayna ilə sərhəddə olan Rusiya qoşunları ilə bağlı vəziyyətə "əhəmiyyətli vaxt" ayırıblar, informasiya agentlikləri xəbər verir. Kiyevə səfəri vaxtı ABŞ Dövlət katibi Rusiya amilinin ölkə qarşısında duran yeganə təhlükə olmadığını vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna həmçinin daxili təhlükələrlə də üzləşir və bunlar "oliqarxlar və öz maraqlarını Ukrayna xalqının maraqlarından üstün tutan" digər şəxslərdən irəli gəlir.
Antony Blinken Baltik dənizin dibi ilə Rusiyadan Almaniyaya çəkilən Şimal Axını qaz kəmərinin inşasına münasibət bildirərkən, ABŞ Prezidentinin açıqlamalarına istinad edib.
"Prezident uzun müddətdir ki, hələ Prezident olandan əvvəl də bu boru kəmərinin pis bir ideya olduğunu deyib", - Antony Blinken vurğulayıb. "O, Rusiyanın maraqlarını təşviq edir, Avropanın mənafelərinə xələl gətirir, Aİ-nin enerji təhlükəsizliyi ilə bağlı prinsiplərinə ziddir [...] və təbii ki, Polşa, Ukrayna və digər əsas Avropa ölkələrinin maraqlarına zərər verir."
Hər iki tərəf bu səfəri Rusiya ilə qarşıdurma yaşayan Ukraynanın ABŞ tərəfindən dəstək ifadəsi kimi qəbul edir, BBC təhlilində deyilir. Səfərdən əvvəl BBC-yə müsahibə verən Anthony Blinken deyib ki, ABŞ Rusiyanın "məsuliyyətsiz və aqressiv" hərəkətlərinə cavab verəcək.
Pentaqon və NATO mənbələrinə istinad edən ABŞ mediası Ukrayna ilə sərhədə Rusiyanın 80 minlik hərbi qüvvəsinin qaldığını xəbər verir.
Gələn həftədən 18 yaşına çatmış şəxslərin vaksinasiyasına başlanılacaq

Şəklin mənbəyi, Azərtac
Mayın 10-dan 18 yaşına çatmış şəxslərin vaksinasiyasına başlanılacaq, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Teymur Musayev bildirib ki, vaksinasiyanın hər iki dozasını etdirmiş şəxslər arasında yoluxma sayı "aşağı səviyyədədir".
O, vaksinlərin əlçatımlılıq məsələsinə də toxunub: "Son zamanlar vaksinasiyanın mövsümi olması ehtimal edilir. Bununla bağlı ölkəmizin rəsmiləri istehsalçılarla birbaşa danışıqlardadırlar. Ölkəmizə vaksinlərin gətirilməsi təmin ediləcək".
Teymur Musayev son günlərdə Azərbaycana "Sputnik-V" vaksinin gətirildiyini və gətirilən vaksinlərin "tam təhlükəsiz" olduğunu bildirib.
"Yoluxma sayında mərhələli şəkildə enmə müşahidə edilir"
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Azərbaycanda epidemioloji vəziyyətin "nəzarət altında saxlanıldığını" deyib.
"Sağalanların sayının yoluxanların sayını keçməsi yaxşıdır. Bizə yeni yoluxma yox, testlərin daxilində pozitiv nəticələrin payı maraqlıdır".
Onun sözlərinə görə, yeni yoluxmalar daha çox ötən ilin son aylarında olub.
"İstər pandemiyanın başlanğıc mərhələsində, istərsə də bugünkü gündə yeni yoluxmaların və ümumi yoluxmaların yaş qrupunda bölgüsü demək olar ki, dəyişməyib və eyni faizlərlə davam edir. Ən çox yoluxma hallarını sosial aktiv yaş qruplarında, yaşı 30-59 arası olan vətəndaşlarda görürük. Ölkəmizdə qadınlar arasında daha çox yoluxma müşahidə olunur".
Yaqut Qarayeva hazırda yoluxma sayında "mərhələli şəkildə enmə" müşahidə edildiyini bildirib.
"Yoluxma əmsalı 10 %-ə yaxınlaşır. Bu gün Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır".
"Bayram günlərində məhdudiyyət tətbiq olunmayacaq"
"Ramazan bayramı günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq".
Teymur Musayev bildirib ki, Ramazan bayramı günlərində koronavirusla bağlı əlavə "heç bir məhdudiyyət tətbiq olunmayacaq".
Onun sözlərinə görə, həmin günlərdə digər bayramlarda olduğu kimi ictimai nəqliyyat işləməyəcək.
Ter-Petrosyan Paşinyana qarşı birləşməyə çağırır

Şəklin mənbəyi, Getty Images
Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan Paşinyan rejiminin yenidən hakimiyyətə gəlməsinə yol verməmək üçün Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryanı və Serj Sarkisyanı iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində vahid blok tərkibində iştirak etməyə çağırıb.
iLur.am saytında dərc olunmuş məqaləsində Levon Ter-Petrosyan yazır ki, bu təkliflə o, hələ martın 25-də sabiq Ermənistan prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüş zamanı çıxış edib.
Ter-Petrosyan deyir ki, eks-prezidentlər arasında "keçmişdə olan prinsipial fikir ayrılıqları və iti ziddiyyətlərə baxmayaraq, respublikanın taleyində öz məsuliyyətlərini dərk edərək və yeni hakimiyyətdə heç bir vəzifəyə iddia etməyərək", növbədənkənar parlament seçkilərində, onları dəstəkləyən siyasi qüvvə, ictimai təşkilat və nüfuzlu ziyalı nümayəndələrindən ibarət vahid "Milli həmrəylik alyansı" tərkibində iştirak etməyə çağırıb.
Onun sözlərinə görə, təklif etdiyi mövzuda keçmiş prezidentlər arasında müzakirə baş tutmayıb, çünki Koçaryan "mənəvi nöqteyi-nəzərdən özü yaratdığı Vətənin Xilası Hərəkatına xəyanət etmək istəməməsi səbəbilə" dərhal təklifi rədd edib. Serj Sarkisyana gəldikdə isə, o, fikir bildirməyib, Ter-Petrosyan yazır.
Müstəqil Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan təkrarən ikinci və üçüncü prezidentlərə birlikdə vahid seçki bloku siyahısı ilə 20 iyun növbədənkənar parlament seçkilərində iştirak etməyə çağırıb.
Ter-Petrosyan əmindir ki, "müvafiq ictimai təzyiq nəticəsində" təklif etdiyi "proqram gerçəkləşdirilə bilər və yeni fəlakətlərin qarşısını almaq üçün yeganə yoldur".
"Bütün erməni xalqı dərk etməlidir ki, Ermənistan və Artsax üçün Paşinyan rejiminin yenidən hakimiyyətə gəlməsi Azərbaycan və Türkiyə tərəfindən mümkün və ehtimal olunan təhdidlərdən daha təhlükəlidir", - Levon Ter-Petrosyan deyib.
Nikol Paşinyan sabiq prezidentdən irəli gələn tənqidlərə dərhal reaksiya verib. O deyib ki, Levon Ter-Petrosyan müxalif fəaliyyətində iki dəfə hakimiyyət dəyişikliyinə nail olmağa çalışıb və hər iki dəfə belə cəhdlər uğursuzluğa düçar olub.



























