Alimpaşa Məmmədov nədə ittiham edilir?

Çap edildi

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.

Dövlət Təhlükəsizliyi Xidməti Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun həbs edilməsiylə bağlı məlumat yayıb.

Məlumata görə, DTX Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib.

"Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Alimpaşa Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə" MMC-nin bütün paylarını oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi" MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir" MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir",- DTX-nın məlumatında deyilir.

DTX bildirir ki, Alimpaşa Məmmədovun Şəmkir ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı "Ağstafasutikinti" MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa onun Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına dair şübhələr müəyyən edilib.

"Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel" MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilmişdir", - məlumatda deyilir.

DTX bildirir ki, Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir, DTX bildirir.

Alimpaşa Məmmədovun təqdim olunan ittihamlara münasibəti barədə məlumat verilməyib.

Aprelin 28-də Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısının işinə baxan Səbail Rayon Məhkəməsi onun barəsində 4 ayılıq həbs qətimkan tədbirini seçib.

Alimpaşa Məmmədov rayon icra başçısı vəzifəsini 2014-cü ildən icra edib və bu həftə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad olunub.

AZAL Ankara və İstanbul reyslərini müvəqqəti dayandırır

"Azərbaycan Hava Yolları" şirkəti (AZAL) Türkiyənin paytaxtı Ankaraya və İstanbul şəhərinə uçuşları müvəqqəti olaraq dayandırır.

Bakı-Ankara-Bakı aviareysləri aprelin 29-dan mayın 13-nə qədər, Bakı-İstanbul-Bakı aviareysləri isə aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək, Report agentliyinin şirkətə istinadən yaydığı xəbərində deyilir.

Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı-Antalya-Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq. Şirkət bunu tələbatın az olması ilə izah edir.

Məlumata əsasən, sərnişinlər aldıqları aviabiletləri "Türk Hava Yolları" şirkətinin reyslərinə dəyişə bilərlər. Eynilə, biletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq olar.

Nazir Azad Rəhimovun vəziyyəti ağırlaşıb

Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

Bu barədə məlumatı BBC News Azərbaycancaya Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib.

O deyir ki, ağciyər xərçəngindən əziyyət çəkən Azad Rəhimov hazırda ABŞ-da xəstəxanadadır.

Nazirin vəziyyətinin ağırlaşması xəbərini ona Azad Rəhimovun ailə üzvləri deyib.

Səmayə Məmmədova deyir ki, Azad Rəhimovun səhhəti ötən ilin dekabrından pisləşib.

Azərbaycanda saxlanılan erməni hərbçilər qohumlarına video xəbər göndəriblər

Azərbaycanda saxlanılan erməni hərbçilər Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycandan Ermənistana öz ailələrinə ilk dəfə video xəbər göndəriblər, BQXK Ermənistan nümayəndəliyi kommunikasiya və profilaktika proqramları rəhbəri Zara Amatuni informasiya vasitələrinə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda saxlanılan erməni hərbçilərə həmçinin qohumları ilə telefonla danışmaq imkanı verilib.

Zara Amatuni deyib ki, Ermənistandakı qohumları ilə əlaqə saxlamaq imkanı Azərbaycanda saxlanılması faktı təsdiqlənmiş və Bakı Qırmızı Aypara ofisi nümayəndələrinin müntəzəm şəkildə baş çəkdikləri şəxslərə verilib.

"WhatsApp Pink" və ya "Çəhrayı Votsap" təhlükəsi

Kiber təhlükəsizlik mütəxəssisləri yeni ortaya çıxan "WhatsApp Pink" proqram əlavəsinin yaratdığı təhlükələr barədə xəbərdarlıqla çıxış edirlər.

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında deyilir ki, "populyarlıq qazanmağa" başlayan tətbiq "tam zərərli" bir proqramdır.

Məlumata əsasən, "WhatsApp" qruplarında yayılan "Çəhrayı Votsap" əvvəlcə qeydiyyat məlumatlarını soruşur və bundan sonra şəxsi "məlumatları oğurlayır".

APK vasitəsiylə yüklənən ( Android Paket Dəsti Android-in tətbiqlərini quraşdırmaq üçün istifadə etdiyi format - red.) "WhatsApp Pink"-in gizli xüsusiyyətləri ilə ilk dəfə Hindistan istifadəçilərinin üzləşdiyi xəbər verilir.

"WhatsApp Pink-dən xəbərdar olun! Virus WhatsApp qruplarında APK yükləmə linki ilə yayılır. WhatsApp Pink adı olan heç bir linki klikləməyin. Telefonunuza giriş tam itiriləcək," - İnternet təhlükəsizliyi mütəxəssisi Rajshekhar Rajaharia öz Twitter-ində yazıb.

"Çəhrayı Votsap" yüklənəndən sonra hakerlər, telefon nömrələri, foto, video, və kredit kartların nömrələri də daxil, bütün şəxsi informasiyaya giriş əldə etmiş olurlar, media məlumatlarında deyilir.

Moskva "dost olmayan ölkələrin" siyahısını dərc etməyə hazırlaşır

Rusiya hökuməti yaxın vaxtlarda dost olmayan ölkələrin siyahısını təqdim edəcək: "...meyarlar aydındır, gözləmək çox çəkməyəcək",- xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə verdiyi müsahibədə belə deyib.

"İzvestiya" qəzetinin mənbələri siyahıya Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın artıq bəhs etdiyi ABŞ-la yanaşı, Böyük Britaniya və Baltikyanı ölkələrin də daxil olacağını söyləyib.

"Vəziyyətdən xəbərdar olan mənbələrdən birinin verdiyi məlumata görə, siyahıda ABŞ, Polşa, Çexiya, Litva, Latviya, Estoniya yer alacaq. Digər bir "İzvestiya" mənbəsi siyahıya Böyük Britaniya, Kanada, Ukrayna və Avstraliyanın da daxil ediləcəyinin olduqca mümkün olduğunu əlavə edib",- deyə qəzet yazır.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən, Rusiyaya qarşı "dost olmayan hərəkətlər" edən dövlətlərin Rusiya vətəndaşlarını işə götürmək hüququ məhdudlaşdırılacaq. Onların sayı kvota ilə müəyyən ediləcək.