Oqtay Şirəliyevi əvəzləyən Teymur Musayev Səhiyyə Nazirliyinin kollektivinə təqdim olundu

Çap edildi

Oqtay Şirəliyevi əvəzləyən Teymur Musayev Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub, Rusiya hərbi həkimləri Qarabağda tibbi yardım göstərirlər, İcbari tibbi sığorta ödənişindən yayınmağa görə cinayət məsuliyyəti, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Oqtay Şirəliyevi əvəzləyən Teymur Musayev Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Şənbə günü Baş nazir Əli Əsədov səhiyyə nazirinin birinci müavini Teymur Musayevi nazirliyin kollektivinə təqdim edib. Teymur Musayevin həmçinin Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Əli Əsədov onun "bu yüksək etimadın öhdəsindən" gələcəyinə ümidvar olduğunu bildirib, səhiyyə nazirliyinin saytında yayılan xəbərdə deyilir.

Məlumata əsasən, həmkarları qarşısında çıxış edən Teymur Musayev fəaliyyəti zamanı "dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər" tutacağını deyib,

Ötən gün Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən çıxarılandan sonra nazir vəzifəsinin müvəqqəti icrası nazirin birinci müavini təyin edilən Teymur Musayevə tapşırılıb.

71 yaşlı Oqtay Şirəliyev 2005-ci ildən səhiyyə naziri kimi fəaliyyət göstərirdi. 2015-ci ilin avqustunda Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Ancaq ictimaiyyətdə onun nazir kimi fəaliyyəti zaman-zaman tənqid hədəfi olub. Belə tənqidlərdən biri də sistemdə yetərli qədər islahatların aparılmaması ilə bağlıdır. Bu barədə BBC News Azərbaycancaya danışan tibb məsələləri üzrə ekspert, professor Adil Qeybulla bildirir.

"Sistem qurula bilmədi", - professor deyir. Adil Qeybullanın sözlərincə, Azərbaycan səhiyyəsində qalan xeyli problemlərin obyektiv və subyektiv səbəbləri də var və bu nazirin kim olmasından asılı deyil. "Hamısını, əlbəttə, bir nəfərin üzərinə yükləmək düzgün deyil".

"Misal üçün, istənilən şəxsin xəstəlik tarixçəsi, digər məsələləri hamısı sistemdə olmalıdır. Sistem olmasa, biz heç bir qaydaları qoya bilmərik, misal üçün donor haqqında qanun var, orqan nəqliyyatı haqqında. Biz oradan nəqli necə qura bilərik ki, səhiyyə sisteminə çevrilməyibsə. Yəni, bir rayonda hansısa bir orqan peyda olursa, başqa bir rayonda buna ehtiyac varsa, bu ancaq sistemlə müəyyən edilir. Yəni, bütün bunların hamısı vaxtında öz həllini tapmalı idi".

Adil Qeybullanın dediyinə görə, müəyyən "gəlişmələr də var" və xeyli xəstəxananın maddi-texniki səviyyəsi yüksəldildi, təmirlər aparıldı, yeni ambulator-diaqnostik mərkəzlər açıldı və sairə. Amma bununla yanaşı bu gün Azərbaycan səhiyyəsinin səviyyəsi milləti, "vətəndaşı qane etmirsə", ondan vətəndaş "lazımı səviyyədə" fayda görə bilmirsə, bu deməkdir ki, bu "fəaliyyət qənaətbəxş dəyərləndirilə bilməz".

Bəs görəsən, nazirliyin yeni rəhbəri hansı keyfiyyətlərə malik olmalı, onun qarşısında hansı məsələlər olmalıdır?

Adil Qeybullanın dediyinə görə, əsas məsələ odur ki, nazirlik bürokratik, inzibati strukturdan mərkəzi təşkilatlandırıcı, tövsiyəverici bir orqana çevirməlidir. Nazirlik səhiyyə sahəsində əhalinin sağlamlığının qorunması istiqamətində dövlət siyasətini "düzgün həyata keçirməli" və xüsusilə də baş verən "nöqsanları, məsələləri qaldırmalıdır", səhiyyədə "ictimai nəzarəti təmin etməlidir".

"Əgər ki, nazirliyin qapısı tibb ictimaiyyətinə, bağlanır, nazirlik ki, bir qapalı sistemə çevrilir, o nazirlik heç vaxt işləyə bilməz və onun işi effektiv ola bilməz. Bütün sistemlər açıq olmalıdır, yəni işlədiyi strukturlara, tabeçiliyindəki strukturlara üzvlərə açıq olmalıdır ki, təkliflərin, tənqidlərin hamısını qəbul etsin, ondan nəticələr çıxarsın, insanlar mütəxəssislərlə birgə işləsin. Bunlar baş verməsə demək olar ki, yenə də həmin şey olacaq."

Rusiya hərbi həkimləri Qarabağda tibbi yardım göstərirlər

Rusiya sülhməramlı kontingentinin tibbi heyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin 1300-dən çox sakininə yardım göstəriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Yerli sakinlərin rus hərbi həkimləri tərəfindən qəbulu Xankəndi (Stepanakert) və Ağdərə (Mardakert) şəhərlərində qurulmuş səhra hospitallarında aparılır".

Cümə günü yayılan rəsmi açıqlamaya asasən, humanitar və tibbi fəaliyyət çərçivəsində kliniki yardım "çoxfunksiyalı mobil həkim briqadaları" vasitəsiylə ucqar yaşayış məntəqələrinin sakinlərinə də göstərilir.

Rusiya kontingentinin tibb hissəsində cərrah, anestezioloq, reanimatoloq, terapevt, epidemioloq və digər mütəxəssislər olmaqla 60-dan çox həkimin işlədiyi bildirilir.

Azərbaycan-Ermənistan arasında ötən payız başlamış və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan işğal edilmiş ərazilərinin böyük bir hissəsini geri qaytarıb. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında müharibənin bitməsi və bölgəyə rus sülhməramlılarının gəlməsi ilə nəticələnən atəşkəs razılaşması imzalanıb.

İcbari tibbi sığorta ödənişindən yayınmağa görə cinayət məsuliyyəti

Milli Məclisinin iclasında Cinayət Məcəlləsinə təklif edilən yeni əlavələrdən biri icbari tibbi sığorta haqqının ödəməkdən yayınması ilə bağlıdır.

Dəyişikliyə əsasən, icbari tibbi sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Birinci oxunuşda müzakirəyə çıxarılan qanun maddəsi həmçinin işsizlik, məcburi dövlət sosial sığorta haqları və "xeyli miqdarda" vergiləri ödəməkdən yayınma kimi halları əhatə edir.