İşsizlərə növbəti 190 manatlıq ödəniş, Ermənistanda daha bir Rusiya bazası istənilir, Xankəndi və Xocalıda tibbi sığorta

Şəklin mənbəyi, AFP
Ermənistanda daha bir Rusiya bazası istənilir, icbari tibbi sığorta Xankəndi və Xocalıda da tətbiq olunacaq, Təhsil Nazirliyi Azərbaycanda şagirdlərə distant psixoloji yardım göstəriləcəyini bildirib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında
Ermənistanda daha bir Rusiya bazası istənilir
Ermənistan müxalifəti Rusiyanı ölkədə daha bir hərbi baza qurmağa çağırır.
Belə təşəbbüslə Zəkalı Ermənistan partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan çıxış edib. O, bu barədə Facebook səhifəsində yazır.
Təşəbbüsə əsasən, Ermənistan, ölkənin cənubunda, Azərbaycanla həmsərhəd olan Sünik bölgəsində ikinci Rusiya bazasının yaradılması ilə bağlı yeni təhlükəsizlik müqaviləsi imzalamalıdır.
Hərbi baza, bir tərəfdən, Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətini dəstəkləyəcək, digər tərəfdən "bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin" zəmanəti olacaq, Edmon Marukyan yazır.
Marukyanın sözlərinə görə, Rusiyanın Gümri şəhərindəki 102-ci hərbi bazası Ermənistan-Türkiyə sərhədinin "toxunulmazlığını təmin edir".
İşsizlərə növbəti dəfə 190 manatlıq ödəniş veriləcək

Şəklin mənbəyi, AZERTAG
Azərbaycan höküməti işsizlərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.
Qərarda deyildiyi kimi, təkrar yoxlamadan sonra Nazirlər Kabineti ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsini təmin edəcək,
"Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin," - qərarda deyilib.
Hökümətin bu qərarından irəli gələn məsələlərin həll edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyinə tapşırılıb.
Dövlət Agentliyi: İcbari tibbi sığorta Xankəndi və Xocalıda da tətbiq olunacaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələsinə başlanılacağını elan edib.

Şəklin mənbəyi, ITS.GOV.AZ
İkinci mərhələdə "ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşulacaq," - məlumatda deyilib.
Gələn ilin aprelin 1-dən start verilməsi nəzərdə tutulan üçüncü mərhələdə isə "Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq"
Dövlət agentliyi bildirib ki, 2020-ci il yanvarın 1-dən başlayaraq "icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir."

Şəklin mənbəyi, ITS.GOV.AZ
"2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq," - məlumatda qeyd olunub.
Orduya səfərbər olunanlardan bəzilərinin tərxis edilməsi gözlənilir
Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, "səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir."
"Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu da tərəfimizdən anlayışla qəbul edilir," - Nazirliyin məlumatında deyilib.

Şəklin mənbəyi, MOD.GOV.AZ
"Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib."
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, "yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir."
Xankəndi minadan təmizlənir
Rusiya sülhməramlıları Dağlıq Qarabağda minaların təmizlənməsi işlərini davam etdirir, hazırda Xankəndi minalardan təmizlənir, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum bildirib ki, rus sülhməramlıları Xankəndi ətrafını minalardan təmizləmə işini bitirmək üzrədirlər.
Nazirlik indiyədək Qarabağda 260 hektar ərazinin, 100 km-dək yolun və 400-dən çox tikilinin minalardan təmizləndiyini, 9 minə yaxın partlayıcı qurğuların aşkar olunaraq zərərsizləşdirildiyini açıqlayıb.
Şagirdlərə distan psixoloji yardım
Azərbaycanda şagirdlərə distant psixoloji yardım göstəriləcək, Təhsil Nazirliyi bu haqda məlumat yayıb.
Qurum bildirib ki, bu məqsədlə Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verilib.
Məlumatda deyilir ki, təlimlərin əsas məqsədi məktəb psixoloqlarının şagirdlərə onlayn psixoloji dəstəyin göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasıdır.
Təhsil Nazirliyi təlimlərə ölkə üzrə 800 məktəb psixoloqunun cəlb olunduğunu bildirib.
Ağdamın Seyidli kəndinin görüntüləri
Azərbaycan Müdafiə Nazirliyi Ağdamın işğaldan azad olunan Seyidli kəndinin görüntülərini paylaşıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube





























