Koronavirus: Azərbaycanda günlük ölüm sayında artım

Payız aylarında yenidən artmağa başlayan koronavirus hadisələrinin ümumi sayı Qarabağ müharibəsindən yenicə çıxmış Azərbaycan və Ermənistanda 140 min həddini keçib.
Azərbaycanda Operativ Qərargahın məlumatına əsasən, dekabrın 5-də 4323 yoluxma və 42 ölüm halı qeydə alınıb. Müqayisə üçün: sentyabrın 22-də günlük yoluxmaların sayı 98 olub - bu son üç ayda təxminən 400 faiz artım deməkdir. Eyni gün ərzində 2 ölüm faktı qeydə alınmışdır.
Ermənistanda son gün ərzində yoluxmaların ümumi sayı 1267 olub. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, 22 sentyabrda günlük yoluxma hallarının sayı 115 səviyyəsində idi.
Azərbaycan mediasında sosial məsafə və maska taxmaq kimi tələblərə əvvəlki kimi riayət olunmadığını göstərən məlumatlar yayılır. Öz növbəsində, hakimiyyət qaydaların pozulması ilə bağlı tədbir gördüyünü bildirir.
"Dekabrın 1-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv "COVID-19" xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə aşkarlanıblar", - DİN-in rəsmi saytındakı açıqlamada deyilir.
Məlumata əsasən, ev şəraitində müalicə təyinatını pozaraq bayıra çıxan bəzi şəxslərə qarşı cinayət işi başlanıb və araşdırmalar "davam etdirilir".

Şəklin mənbəyi, Azertag
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 26 sentyabr tarixinə qədər koronavirus hadisələrinin ümumi sayı 40 mindən aşağı olub. Ermənistan üzrə bu göstərici eyni dövr üçün 50 min civarında idi.
Oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərbi əməliyyatlara görə yaranan insan köçünün vəziyyətin pisləşməsinə töhvə verdiyini qeyd edib: "Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir".
Koronavirus hallarının yenidən artması dünya boyunca da müşahidə olunur.
Hazırda 190 ölkədə 65 mln. təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 1,5 milyondan çox insan həyatını itirib.
5 dekabrda dünyada 690 minə yaxın yeni yoluxma hadisəsi qeydə alınıb.




























