Ermənistanda alkoqol zəhərlənmələri: Ölənlərin sayı 17-yə çatıb

Şəklin mənbəyi, Police.am
Həftənin əvvəlindən bəri Ermənistanda alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 17-yə çatıb, Ermənistan Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, 16 nəfər tibbi yadım göstərildikdən sonra evə buraxılıb, daha 10 nəfərin vəziyyəti ağır və son dərəcə ağır kimi qiymətləndirilir. Həkimlər xəstələrdən yalnız birinin vəziyyətini qənaətbəxş olduğunu bildirib.
Nazirliyin məlumatına görə, avqustun 31-dən sentyabrın 5-dək ölkədə alkoqoldan 46 zəhərlənmə faktı qeydə alınıb ki, zəhərlənənlərdən 17-si ölüb, 16 nəfərə tibbi yardım göstərilərək evə buraxılıb.
Zəhərlənmə ilə bağlı 13 nəfər müalicə olunur
Alkoqoldan zəhərlənmə haqqında ilk həyəcanlı xəbər Ermənistanın Armavir vilayətindən yayılıb.
Burada 29 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirib, onlardan 9-unu xilas etmək mümkün olmayıb. Yerevanda alkoqoldan 15 nəfər zəhərlənib, onlardan 7-si ölüb. Kotayk vilayətində 2 nəfər zəhərlənmə ilə xəstəxanaya aparılıb, onlardan 1-i ölüb.
Səhiyyə Nazirliyi bildirir ki, hazırda respublikanın müxtəlif xəstəxanalarında 13 nəfərin müalicəsi davam edir.
Saxta alkoqol satmaqda şübhəli həbs olunub
Pasiyentlərdə nevroloji simptomlar, koma vəziyyəti, başgicəllənmə müşahidə edilir. Üç xəstə kor olub. Həkimlər bu simptomların metanoldan zəhərlənmə üçün tipik olduğunu deyir.
Armavirdə kütləvi zəhərlənməyə səbəb olmuş alkoqollu içki istehsalı ilə məşğul olmaqda şübhəli şəxs həbs olunub. Ermənistan Xüsusi İstintaq Xidməti sonradan daha iki nəfərin bu cinayət işi çərçivəsində həbs edildiyini bildirir.



























