Paşinyan sağaldı və polis rəhbərlərini işdən azad etdi

goverment armenia pashinyan

Şəklin mənbəyi, Gov.am

Şəklin alt yazısı, Paşinyan keçmiş polis, təhlükəsizlik xidməti rəhbərləri və baş qərargah rəisinə xidmətləri üçün təşəkkürünü bildirib və onların gələcək fəaliyyətini müzakirə etməyə hazır olduğunu bildirib
Çap edildi

Ermənistanın Baş naziri Nikol Paşinyan bazar ertəsi günü koronavirus xəstəliyindən sağalıb və tam rejimdə vəzifəsinin icrasına başladığını bildirib.

O artıq işə çıxıb və Ermənistan polis və təhlükəsizlik xidməti başçılarını istefaya göndərib.

"Dəyərli həmvətənlər! İndicə ailə üzvlərimlə birgə koronovirusdan təkrar testlərin nəticələrini aldıq. Hamısı mənfidir. Həmçinin dünən [keçirilən testlərin] nəticələri mənfi olub," - bu gün Nikol Paşinyan Facebook statusunda yazıb.

O, yoluxduqları vaxt və şəraitin "bir qədər yenidən nəzərdən keçirilməsinə gərək" olduğunu, "lakin başlıcası, hamının hal-hazırda sağaldığı və immunitet əldə etməyidir" deyib.

Paşinyanın ailə üzvləri ilə birgə koronavirusa yoluxduğu barədə iyunun 1-də məlumat verilmişdi.

Yeni təyinatlar

Paşinyanın sağalması məlumatı yayıldıqdan dərhal sonra onun Ermənistan prezidentinə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan, Milli Təhlükəsizlik Xidmətinin başçısı Eduard Martirosyan və Ermənistan polis rəisi Arman Sarkisyanın vəzifələrindən azad edilməsi haqqında təklif verdiyi məlum oldu.

Bu barədə Ermənistan Prezident Aparatından yayılan rəsmi məlumatda deyilir.

İstefaların səbəbləri açıqlanmır.

Paşinyan Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Onik Qasparyan, Milli Təhlükəsizlik Xidməti rəhbəri vəzifəsinə polkovnik Arqişti Karamyan, polis rəisi yerinə polkovnik Vahe Ğazaryanın namizədliklərini təklif edib.

Təyinatlar Ermənistan prezidenti tərəfindən imzalandıqdan sonra rəsmən qüvvəyə minir.

yeni neyinatlar

Şəklin mənbəyi, PAnorama.am

Şəklin alt yazısı, Onik Qasparyan (solda) fəaliyyətdə olan ordu zabitidir, Arqişti Karamyanın təyinatı MTX daxilində birmənalı qarşılanmayacağı ehtimal olunur, yeni polis rəisi Vahe Ğazaryan (sağda) baş nazir Paşinyanın dostu kimi səciyyələndirilir

Martirosyan cəmi 3 ay əvvəl bu vəzifəyə təyinat almışdı

2019-cı il sentyabrdan MTX-nin rəis müavini olan 46 yaşlı polkovnik Martirosyan cəmi 3 ay bundan əvvəl MTX rəisi vəzifəzinə təyin olunmuşdu. Martirosyan bu vəzifədə ötən il sentyabrda baş nazir Paşinyanı "düşünülməmiş və əsassız qərarlar" qəbul etməkdə tənqid edən Artur Vanetsyanı əvəz etmişdi.

MTX sistemində Eduard Martirosyan 1998-ci ildən çalışır.

29 yaşlı Arqişti Karamyanın bu vəzifədə Martirosyanı əvəz edəcəyi haqda yerli mediada bir neçə həftə bundan əvvəl məlumat yayılmışdı. Hələ mayın 5-də Karamyan MTX-yə rəis müavini təyin ediləndə, xidmətdə çalışan bir sıra yüksək rütbəli şəxslərin sistemi tərk etmək istədikləri deyilirdi.

Fövqəladə rejimdə oğluna "dəbdəbəli toy" edirmiş?

50 yaşlı Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahına "məxməri inqilab"dan sonra, 2018-ci ilin may ayından başçılıq edirdi. Ondan əvvəl 8 il Silahlı Qüvvələrin Baş Qərargah Operativ İdarəsinin rəhbəri olub.

Yerli media yazır ki, ötən bazar günü, ölkədə koronavirusla bağlı fövqəladə rejim şəraitində sərt epidemioloji təhlükəsizlik tələblərinə rəğmən, Artak Davtyan oğluna "dəbdəbəli toy mərasimi" keçirirmiş və yüzlərlə insanın iştirak etdiyi "kütləvi tədbirə" komendantura ilə polis müdaxilə etməli olub.

Polis rəisi bu vəzifəyə yenicə gətirilmişdi

42 yaşlı polis rəisi Arman Sarkisyan bu vəzifəyə bu ilin mart ayında təyin olunmuşdu. Paşinyanın başçılıq etdiyi "məxməri inqilab"ın qələbəsindən sonra Arman Sarkisyan Ermənistan polis rəisinin birinci müavini təyin edilib, 2019-cu ilin sentyabrında Valeri Osipyan istefaya çıxarıldıqdan sonra o, polis rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Bu gün namizədliyi ölkə polis rəisi vəzifəsinə təqdim edilən polkovnik Vahe Ğazaryan 2019-cu il mayın 22-dən indiyə kimi polis rəisinin müavini olaraq polis qoşunlarının komandanı vəzifəsini tuturdu. Yerli media Ğazaryanın baş nazir Paşinyanla dostluq münasibətlərində olduğunu qeyd edir.