Ermənistanda koronavirusa yoluxanların sayı 4 mini keçib

Şəklin mənbəyi, facebook/ministryofhealthcare
Ermənistanda Covid-19 virusu müəyyən edildiyi vaxtdan bəri bir gün ərzində ən çox - 239 yoluxma, 3 ölüm halının qeydə alındığı bildirilir.
Beləliklə, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4238-ə çatıb; 1791 nəfər sağalıb, 55 ölüm halı qeyd olunub, 2415 pasiyent hazırda xəstəxana şəraitində müalicə olunur.
Son gündə ölən 3 pasientdən biri 46 yaşlı qadın, ikisi - 60 və 71 yaşlı kişilər olub.
Pasiyentlər arasında ağciyər iltihabından əziyyət çəkənlərin sayı da az deyil - 690 nəfər; 33 nəfərin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.
Eyni zamanda ölkə rəhbərliyi "koronavirus böhranı ilə bağlı yaranmış vəziyyətin nəzarət altında" saxlandığını deyir.
Baş nazir Nikol Paşinyanın sözlərinə görə, Ermənistanda gündə cəmi 1 yoluxma halı aşkar ediləndə təlaş hiss olunurdu, indi iki yüzü keçib, təlaş yoxdur."Hazırkı vəziyyəti mən problem hesab etmirəm. Niyə? Ona görə ki, ümumiyyətlə ölüm halları sayına baxanda, görürəm ki, ötən il aprel ayında daha çox adam həlak olub... 2019-cu il aprel ayında Ermənistanda 2020-ci il aprel ayı ilə müqayisədə 54 nəfər artıq adam ölüb", - Ermənistan baş naziri şənbə günü canlı yayımda keçirdiyi mətbuat konfransı zamanı deyib.
Paşinyan hesab edir ki, məsələ qeyri-müəyyənlikdə və hadisələrin "İtaliya ssenarisi üzrə" davam etməsi riskində, lakin "hazırda belə bir neqativ proqnoz yoxdur".
Onun sözlərinə görə, Ermənistanda Covid-19 virusuna yoluxanların 70 faizində koronavirus simptomları, hətta qızdırmaları yoxdur və "cəmi 11 nəfər süni nəfəs aparatına qoşulub".
Çətinliklər o zaman üzə gələr ki, xəstələrin sayı "bizim nəzərdə tutulan çarpayıların sayına yaxınlaşsın", o deyib.
"Hətta koronavirusa yoluxanların müəyyən edilməsi üçün keçirilən testlərin on mini müsbət nəticə versə belə, ancaq onlardan ağciyər iltihabından əziyyət çəkənlərin sayı 1400 nəfərdən az olsa, - vəziyyətin nəzarət altında saxlanması mümkündür", - Paşinyan deyib.
Ermənistanda koronavirusa yoluxanların müalicə edilməsi üçün 9 klinika ayrılıb və palatalar hazırlanıb, müxtəlif ixtisaslı tibb kadrları infeksiya ilə mübarizə üzrə təkmilləşdirilib, Yerevanın ən böyük konsert-idman kompleksində potensial xəstələri qəbul etmək üçün çarpayılar qoyulub, müvafiq şərait yaradılıb.



























