Covid-19: Rusiya televiziyasında koronavirusun yayılmasına görə prioritetlər necə dəyişib?

rusiya bu gün koronavirus Rossiya1 Rusiya dövlət televiziyaları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Televiziyada Covid-19-a qarşı mübarizə barədə məlumatların sayı artmaqdadır
Çap edildi

Rusiyada koronavirus epidemiyasının nəticələrindən biri də adətən beynəlxalq mövzulara daha çox yer ayıran dövlət televiziyasında prioritetlərin dəyişməsidir, BBC Monitoring Xidmətindən Stephen Ennis-in hazırladığı təhlildə deyilir.

Dövlət kanallarında diqqətdən kənarda qalan daxili problemlər, xüsusilə də sağlamlıqla bağlı mövzuların sayı artmağa başlayıb. Son illərdə əsasən Ukrayna haqqında bəhs edən dövlət mediası üçün bu çox qəribə haldır.

Kiyevdəki Avromeydan etirazlarından sonra Rusiya dövlət televiziyasında Ukrayna mövzularına fövqəladə dərəcədə geniş yer ayrılırdı. Buna əmin olmaq üçün yayım cədvəlini zəbt edən siyasi tok-şoulara nəzər salmaq olar.

Misal üçün, media monitorinqi üzrə Medialogia saytının 60 Dəqiqə proqramı haqqında göstəricilərinə əsaslanmaq olar.

Həftənin iş günlərində, gündə iki dəfə Rossiya1 kanalında yayımlanan verilişin may-dekabr buraxılışlarında Ukrayna mövzusu orta hesabla efirin 100 bölməsində (1 saatlıq efir adətən üç bölmədən ibarət olur) qeyd olunub - ən az (81 dəfə) mayda və ən çox (113 dəfə) oktyabr ayında.

Bu rəqəmlərdən görünür ki, xəbər gündəmindən asılı olmayaraq, Ukrayna mövzusunun işıqlandırılması aydan-aya çox az fərqlənib.

Ukrayna mövzusunun işıqlandırılmasında kəskin azalma

Lakin koronavirus pandemiyasının başlanmasından bəri vəziyyət dəyişib.

Tətil günləri ilə əlaqədar proqramların sayında azalma olan yanvar ayını çıxsaq görərik ki, fevraldakı verilişlərin 85 bölməsində Ukraynaya dair istinadlar olub. Mart ayında bu rəqəm 56-ya, aprelin ilk yarısında isə 16-ya düşüb.

Ancaq bu rəqəmlər arasında fərq göründüyündən daha da dərindir. Belə ki, əvvəllər müzakirələr tamamilə Ukraynaya həsr olunubsa, aprel ayında bu, yalnız iki proqramda baş verib və daha 14 halda Ukraynaya istinadlar təsadüfi səciyyə daşıyıb.

Bənzər vəziyyətə Rossiya1-in Vesti xəbər bülleteninin buraxılışlarında da rast gəlmək olar.

rusiya bu gün koronavirus Rossiya1 Rusiya dövlət televiziyaları

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Televiziyada Covid-19-a qarşı mübarizə barədə məlumatların sayı artmaqdadır

2019-cü ilin may-dekabr aylarında Ukrayna haqqında orta hesabla (ayda) 2085 xəbər yayılıb. Lakin bundan sonra, müvafiq xəbərlərin sayı azalmağa başlayıb: fevral ayında Ukraynanın adı 130 xəbərdə qeyd olunubsa, mart ayında bu rəqəm 109-a, aprelin birinci yarısında isə 43-ə düşüb.

Onu da qeyd etmək lazımdır ki, aprel ayında yayılan xəbərlərin yarısından çoxu Çernobıl elektrik stansiyası yaxınlığında baş verən yanğınlara aid olub. Adətən Ukrayna haqqında əksər mövzular Rusiya ilə münasibətlərə və ya Donbasdakı münaqişəyə həsr olunur.

Bu arada, Ukrayna ilə bağlı sərt açıqlamalar Rusiya ekranlarından tamamilə yoxa çıxmayıb.

Aprelin 12-də məşhur aparıcı Dmitri Kiselyov həftəlik "Vesti Nedeli" proqramının 10 dəqiqədən çox vaxtını Ukrayna Prezidentinin tənqidinə həsr edib. Onun sözlərinə görə, uğursuzluğa düçar olan Vladimir Zelenski öz sələfi Petro Poroşenko kimi Rusiyaya qarşı düşmən mövqedədir.

Səhiyyəyə laqeydlik

Ukrayna haqqında xəbərlərin azalması ilə yanaşı, səhiyyə mövzularının işıqlandırılmasında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur.

Mövcud vəziyyəti nəzərə almaqla bu, anlaşılandır. Hərçənd ki, Covid-19 böhranından əvvəlki sağlamlıq mövzusuna laqeydlik dərəcəsi təəccüb doğurmaya bilməz.

Medialogia təhlili göstərir ki, 2019-cu ilin may-dekabr ayları arasında Rossiya1 kanalının Vesti buraxılışlarında "səhiyyə" sözünə 49 xəbərdə rast gəlmək olar.

Bu, Ukrayna ilə bağlı xəbərlərin 20 faizini təşkil edir. 60 Dəqiqə proqramında isə bu nisbət cəmi 5 faiz olub.

60 Dəqiqə verilişinin noyabr ayındakı yayımında səhiyyə ilə bağlı 5 bölməsinin ikisi Ukraynaya, birisi transseksuallara və daha ikisi iş həftəsindəki dəyişikliyə həsr olunmuşdur.

Oktyabrda verilişin dörd hissəsindən üçü Ukrayna, biri isə Yenidənqurma (Qorbaçov dövründə islahatlar) dövrü haqqında olub. Sentyabrda iki bölmə Ukrayna haqqında, ikisi isə sağlam içki ilə bağlı tövsiyələr olub. Yalnız bir bölmə təsadüfi mövzunu əhatə edib.

Medialogianın məlumatına görə, bu üç ayda 60 Dəqiqə verilişinin heç birində Rusiyada səhiyyə problemləri ilə əlaqədar əhəmiyyətli müzakirələrin aparılması nəzərə çarpmayıb.

Bu yenilik müvəqqətidirmi, yoxsa Covid-19 pandemiyası Rusiya dövlət televiziyasında prioritetlərin daha uzunmüddətli qiymətləndirilməsinə səbəb olacaq?