Koronavirus Rusiyada: yarma, makaron və gigiyena vasitələrinin satışı artıb

магазин

Şəklin mənbəyi, Sergei Bobylev/TASS

Çap edildi

İstirahət günlərində sosial şəbəkələrdə mağazaların boş rəflərini əks etdirən fotoşəkillər yayılmağa başladı. Ticarət şirkətlərindən verilən açıqlamalarda bildirilir ki, saxlama müddəti uzun olan ərzaq məhsullarına və gigiyena vasitələrinə tələbat artıb.

BBC Rusca xidməti istirahət günlərində mağazalarda nə satıldığını və hansısa məhsullarla bağlı qıtlıq yaranma ehtimalını araşdırıb.

  • "Aşan" şirkətinin mətbuat xidməti bildirib ki, saxlama müddəti uzun olan məhsullara tələbat artıb: "Əvvəlki həftəylə müqayisədə ət konservləri və qarabaşaq satışının həcmi iki dəfə; makaron, qənd və balıq konservlərinin satışı 1,5 dəfə; tualet kağızının satışı 40% artıb".
  • "Metro" şəbəkəsində də eyni hal müşahidə olunub: "Baqqaliyyə məhsulları, yarma, makaron, konservlər, yuyucu və gigiyena vasitələrinin satışı artıb. Bu məhsullara tələbat artdığına görə rəflərə yerləşdirmələrdə fasilələr yarana bilir, ancaq anbarlarda mal kifayət qədərdir".
  • "Maqnit" nümayəndələri də saxlama müddəti uzun olan məhsullara tələbatın artıdığını, ancaq ajiotaj və panikanın olmadığını bildiriblər. "Anbarlarımızda baqqaliyə məhsulları, uşaq yeməkləri, şəxsi gigiyena və məişət kimyası vasitələri, heyvan yemləri ehtiyatımız kifayət qədərdir" - şirkətin mətbuat xidmətindən belə deyiblər.

Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının xarici əlaqələr üzrə direktoru İlya Vlasov BBC-yə açıqlamasında taxıl yarmaya, makrona və şəxsi gigiyena vasitələrinə tələbatın artdığını qeyd edib. Rəflərin boşalması planlaşdırılmamış tələbata görə baş verir.

Qıtlığı gözləməlimi, gözləməməlimi?

İlya Vlasov deyir ki, ticarət şəbəkələrində nə mal ehtiyatlarıyla, nə də onların mağazalara çatdırılmasıyla bağlı problem var.

koronavirus
баннер

Bunu şirkətlər də təsdiqləyirlər. "Pyatyoroçka", "Perekryostok" və "Karusel" şəbəkələrinin daxil olduğu "Х5 Retail Group" şirkətindən BBC-yə verilən məlumata görə, anbarlarda qıtlıq problemi yoxdur: "Bu gün mağazaların rəflərində kifayət qədər məhsul yoxdursa, sabah anbarlardan yeni partiyalar gətiriləcək və rəflərə düzüləcək".

"Okey" pərakəndə satış şirkətinin mətbuat xidməti bildirib ki, həqiqətən də ərzaq məhsullarına və dezinfeksiya məhsullarına tələbat artıb, ancaq tələbatın bu səviyyəsində belə qıtlıq gözlənmir.

"Aşan" şəbəkəsinin mətbuat xidməti də qıtlığın olmadığını və gözlənmədiyini, sifarişlərin artdığını deyib: "Mallar ənənəvi rejimdə göndərilir. Biz müştərilərimizə məsləhət görürük ki, məsələyə rasional yanaşsınlar, çox böyük miqdarda alış-veriş etməsinlər, mağazalarımızda mal qıtlığı yoxdur".

"Diksi" şəbəkəsinin bütün mağazaları adi rejimdə çalışır, hər hansı kateqoriyaya aid malla bağlı qıtlıq müşahidə olunmur - bunu şirkətin mətbuat xidmətindən bildiriblər.

"Ehtiyac yaranarsa, biz mağazalara mal daşımalarını həm öz imkanlarımız, həm də kirəlik nəqliyyat vasitələrilə artıra bilərik. Hazırda proses ənənəvi rejimdə davam edir" - bu da "Maqnit" şirkətinin açıqlamasıdır.

"Vedomosti" qəzetinin bazar ertəsi dərc etdiyi xəbərdə deyilir ki, hökumət pərakəndə satış assosiasiyalarına ərzaq məhsullarının və ilkin tələbat mallarının anbarlardakı ehtiyatlarıyla bağlı sorğu göndərib.