Azərbaycan: Türkiyə vətəndaşlarına viza tələbi bu gündən ləğv olunur

Şəklin mənbəyi, XARİCİ İŞLƏR NAZİRLİYİ
Azərbaycan Respublikası sentyabrın 1-dən Türkiyə Respublikasının vətəndaşları üçün viza rejimini ləğv edib.
Diplomatik sənədlərə əsasən, bu ilin sentyabrın 1-dən etibarən Azərbaycana "30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir".
Diplomatik, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşları isə Azərbaycana vizasız gedə və hər gedişdə 90 gün qala bilərlər.
Bu ilin iyul ayında Azərbaycanın XİN-in Türkiyə XİN-ə viza tələbinin ləğv olunması ilə bağlı təqdim etdiyi diplomatik sənəddə bu addımın qarşılıqlı qaydada atıldığı qeyd olunub.

Şəklin mənbəyi, Mevlüt Çavuşoğlu/Twitter
Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayevanın iyul ayında BBC News Azərbaycancaya bildirdiyinə görə, viza tətbiqinin ləğvi iki ölkə arasında "qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına tövhə verəcək".
Türkiyə tərəfi 2007-ci ildə birtərəfli olaraq Azərbaycanla viza rejimini ləğv edib.
Azərbaycanla Türkiyə arasında vizasız gediş-gəliş haqqında məktub mübadiləsi haqqında saziş 1992-ci ilin 28 fevralında imzalanıb.
2003-cü ildə "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı viza tətbiqi haqqında" saziş imzalanıb.


























