İlham Əliyev: "İqtisadiyyat tənəzzülə uğrayıb". Belarusda seçkilər: son 10 ildə müxalifətin ən böyük mitinqi keçirilir. Donald Trump-ın seçki ilə bağlı tənqid olunan təklifi

Şəklin mənbəyi, Azertag
İlham Əliyev: "İqtisadiyyat tənəzzülə uğrayıb", Belarusda seçkilər: Minskdə son 10 ildə müxalifətin ən böyük mitinqləri keçirilir, Trump-ın seçkini ertələmə istəyinə Respublikaçılar "yox" deyib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
İlham Əliyev: "İqtisadiyyat tənəzzülə uğrayıb"
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə modul tipli xəstəxananın açılışında deyib ki, Azərbaycan "iqtisadiyyatı tənəzzülə uğrayıb".
"Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil - 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi".
Lakin Prezident bildirib ki, ölkədə həyata keçirilən "heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək".
"Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq".
İlham Əliyev deyib ki, büdcədə əlavə vəsait nəzərdə tutulmadığı üçün, "yəqin ki, büdcəyə dəyişiklik ediləcək".

Şəklin mənbəyi, EPA
Minskdə son 10 ildə müxalifətin ən böyük mitinqi keçirilir
Son iki gündə seçki ərəfəsində olan Belarusiyadakı Prezident seçkiləri ətrafında yaranan siyasi intriqa geosiyasi bir ölçü əldə edib - ölkənin təhlükəsizlik orqanlarının vəziyyəti gərginləşdirmək üçün gələn və Rusiya özəl hərbi şirkətinin muzdlu işçisi hesab etdiyi 33 rusu həbs etməsi qalmaqala səbəb olub.
Artıq cümə axşamı günü Belarusiyanın Təhlükəsizlik Şurasının dövlət katibi saxlanılmış rusların terror hücumları hazırlamaqda şübhəli bilindiyini və daha 200 muzdlunun axtarıldığını bildirib.
Bundan başqa, Belarus rəsmilərinin bildirdiyinə görə, ehtimallara görə saxlanılmış bəzi şəxslər Donbass və Minskdəki hərbi əməliyyatlarda iştirak edib, rəsmi Minsk artıq artıq Moskvanı məyus edə biləcək jest edərək bu şəxslərin Ukrayna ərazisindəki cinayətlərdə iştirakının yoxlanılmasını rəsmi Kiyevdən istəyib.
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi bu davranışı iyrənc və çaşqın adlandırıb. Rusiya diplomatik xidməti rusların Minskdən İstanbula uçduğunu bildirib.
Saxlanılan rusların bəzilərinin Rusiyanın özəl hərbi kampaniyası olan Vaqner-in muzdluları olduğu bildirilir.
Bu arada, Minskdə son on ildə müxalifətin ən böyük mitinqi keçirilib - on minlərlə insan müxalif prezidentliyə namizəd Svetlana Tikhanovskaya və silahdaşları Mariya Kolesnikova və Veronika Tsepkaloya dəstək olaraq toplanıb.

Şəklin mənbəyi, Reuters
Donald Trump-ın seçki ilə bağlı tənqid olunan təklifi
ABŞ Prezidenti Donald Trump-ın cümə axşamı günü 1845-ci il qanununa əsasən, hər il noyabrın ilk bazar ertəsindən sonra ilk çərşənbə axşamı günü baş tutan prezident seçkilərinin təxirə salınmasını təklif etməsi onun ən qatı müdafiəçilərinin belə etirazına səbəb olub.
Bu ölkədə Prezidentin seçkiləri təxirə salmaq səlahiyyəti yoxdur. Lakin Trump poçtla səsverməni etibarsız adlandıraraq bu təklifi edib.
ABŞ-da Konqres nəzəri cəhətdən qanunu dəyişdirə bilər, ancaq təkcə Demokratlar deyil, həm də hər iki palatada olan Respublikaçılar bir səslə bu fikrə qarşı çıxıblar.
Hətta nüfuzlu Federalist Cəmiyyətinin qurucusu, Trumpın mühafizəkar dairələrdə ən qatı müdafiəçilərindən biri olan Stephen Calabresi Trump-a qarşı çıxıb - o, Trumpın fikrini "faşistcə" adlandırıb və yeni impiçmentə layiq olduğunu deyib.
Elə həmin gün Trump seçki tarixini təxirə salmağı təklif etmədiyini, ancaq poçt səsverməsini tənqid etdiyini açıqlayıb.
Amerikada bu il Prezident seçkiləri Noyabrın 3-də keçirilməlidir.


























