Azərbaycanlılar Londonda etiraz nümayişi keçirib, Koronavirusa yoluxan samurlar məhv olunacaq, "Rusiya hakerləri" Covid-19 vaksini ilə maraqlanırlar
Azərbaycanlılar Londonda Ermənistan Səfirliyi qarşısında etiraz nümayişi keçirib, Koronavirusa yoluxan samurlar məhv olunacaq, "Rusiya hakerləri" Covid-19 vaksini ilə maraqlanırlar - BBC News Azərbaycancanın xəbərlər icmalı.
Azərbaycanlılar Londonda etiraz nümayişi

Şəklin mənbəyi, N.Abbaszada
Cümə günü Britaniya paytaxtı Londonda azərbaycanlılar Ermənistan Səfirliyinin qarşısında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər ilə əlaqədar olaraq etiraz nümayişi keçiriblər.
Əllərində Azərbaycan və Türkiyə bayraqları tutmuş onlarca azərbaycanlı "Qarabağ", "Qarabag bizimdir, bizim olacaq", "Utan, Ermənistan" kimi şüarlar səsləndirib.

Şəklin mənbəyi, N.Abbaszada
Azərbaycanlıların etiraz nümayişi zamanı ermənilər də Ermənistan səfirliyinin qarşısında dayanaraq əks-şüarlar səsləndirib, Ermənistan bayrağını sərgiləyiblər.
Etiraz nümayişi zamanı azərbaycanlı və ermənilər arasında qarşıdurma da yanaşıb, xəsarət alanlar olub. Onları polis ayırıb.
Koronavirusa yoluxan samurlar məhv olunacaq

Şəklin mənbəyi, Getty images
İspaniyanın şimal-şərqindəki fermalardan birində saxlanılan samurların koronavirusa yoluxması nəticəsində az qala 100 min heyvan məhv ediləcək, səhiyyə rəsmiləri bildirir.
Samurlar arasında koronavirus may ayında aşkarlanıb. Bu, işçilərdən birinin xanımında testin müsbət çıxmasının ardınca keçirilən yoxlamadan sonra müəyyən olub. Hazırda ferma işçiləri arasında 8 yoluxma hadisəsi təsdiqlənib.
Məlumata əsasən, koronavirus fermada saxlanılan 92700 heyvanın 87 faizində aşkarlanıb.
Samurlar bahalı xəzləri üçün yetişdirilir.
Ferma sahiblərinə maliyyə təzminatı vəd edilib.
“Rusiya hakerləri” Covid-19 vaksini ilə maraqlanırlar

Şəklin mənbəyi, Getty images
Britaniya, ABŞ və Kanada xüsusi xidmətləri Kremlə bağlı olduğu deyilən hakerləri Covid-19-a qarşı vaksin sirlərini ələ keçirmək cəhdində ittiham ediblər.
Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) bildirir ki, hücum əlamətlərini aşkar edəndən sonra, müvafiq məlumatı dərhal ABŞ və Kanadaya çatdırıb. Hansı təşkilatların hədəfə alındığı barədə konkret informasiya verilmir.
Rusiya haker hücumları ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.
Koronavirusa qarşı peyvəndlə bağlı araşdırmalar dünyanın kəşfiyyat qurumları üçün ən əsas hədəflərdən birinə çevrilib və Qərb xüsusi xidmətləri də daxil, bir çoxunun bu məkanda aktiv olduğu güman edilir, təhlükəsizlik məsələləri üzrə BBC müxbirinin təhlilində deyilir.



























