Honkonqlulara Britaniyada məskunlaşmaq şansı verilə bilər, "Aİ-95" benzini bahalaşıb, Azərbaycanda ciddi karantin rejimi uzadılacaqmı?

Britaniya pasportu

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Birləşmiş Krallığın Xarici Pasportları vətəndaşlıq və ya Britaniyada avtomatik yaşamaq və işləmək hüququ vermir.
Çap edildi

"Aİ-95" benzini bahalaşıb, üç milyonadək Honkonq sakininə Britaniyada məskunlaşmaq şansı verilə bilər, Tehranda klinikada partlayış, Azərbaycanda ciddi karantin rejimi uzadılacaqmı? - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.

Honkonqlulara Britaniyadan təklif

Üç milyona qədər Honkonq sakininə Britaniyada məskunlaşmaq və ölkənin vətəndaşlığını əldə etmək imkanı veriləcək, Britaniyanın Baş naziri Boris Johnson deyib.

Baş nazirin sözlərinə görə, Çinin yeni təhlükəsizlik qanunu Honkonqun azadlıqlarını pozur və buna görə təsirlənən sakinlərə ölkəni tərk etmək "marşrutu" təklif olunmalıdır. Çin isə bildirib ki, ölkələr arasında fikir ixtilafı yaradan qanunvericiliyin məqsədi terrorçuluq və separatizmə qarşı mübarizədir.

350 minə yaxın Britaniya pasportunun sahibi və viza hüququ olan daha 2,6 milyon nəfər beş il müddətinə Britaniyaya gələ biləcək.

Britaniyanın müstəmləkəsi olmuş Honkonq 1997-ci ildə Çinə verilib və bu tarixədək ərazidə yaşayan sakinlər Birləşmiş Krallığın Xarici Pasportlarını ala bilər. Belə pasportlar 6 ay müddətinə Britaniyaya giriş haqqı verir.

benzin

Şəklin mənbəyi, Azərtac

"Aİ-95" ("Premium") markalı benzin bahalaşıb

Çərşənbə günündən Azərbaycanda "Aİ-95" ("Premium") markalı benzin bahalaşıb.

Azərbaycan Dövlət Neft Şirkətindən BBC News Azərbaycancaya verilən məlumata görə, benzinin qiyməti 10 qəpik bahalaşıb və 1 manat 20 qəpik olub .

Qurumun sözçüsü İbrahim Əhmədov deyir ki, "Aİ-95" markalı benzin idxal edilir deye dövlət onun qiymətini tənzimləyə bilmir.

O deyir ki, neftin qiyməti ucuzlaşanda benzin də ucuzlaşmışdı və buna görə bir müddət əvvəl "Aİ-95" markalı benzin 10 qəpik ucuzlaşmışdı.

"İndi isə neftin qiymətində artım var," - deyə İbrahim Əhmədov əlavə edib ki, bu markalı benzin Azərbaycana Rumınyadan gətirilib.

İranda partlayış

Şəklin mənbəyi, AFP/Getty Images

Tehranda klinikada partlayış

İranın paytaxtı Tehranda bir klinikada baş verən partlayış nəticəsində azı 19 nəfər ölüb, rəsmilər bildirir.

Sina Athar klinikasında baş vermiş hadisədə ölənlərin sayının daha da artacağına dair narahatlıq var.

İranın dövlət mediası yüksək vəzifəli şəxslərə istinadən yazıb ki, partlayışa qaz sızması səbəb olub.

Rəsmilərə görə, çərşənbə axşamı baş vermiş partlayışın qurbanlarının əksəriyyəti qadınlardır.

Hadisə İranda hərbi obyektin yaxınlığında baş vermiş böyük partlayışdan bir neçə gün sonra olub.

Rəsmilər həmin hadisənin səbəbinin də qaz sızması olduğunu bildirmişdilər.

Həmçinin bax:

Rusiya

Şəklin mənbəyi, VLADIMIR SMIRNOV/TASS

Rusiyada səsvermənin əsas günü

Çərşənbə günü Rusiyada konstitusiya dəyişikləri ilə bağlı əsas səsvermədir. Səsvermənin keçirildiyi əvvəlki beş gündən fərqli olaraq ölkədə bu gün istirahət günü elan edilib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ilk beş gündə demək olar ki, 50 milyon insan səs verib. Bu da 45,7 faiz fəallıq deməkdir.

Rusiya Prezidenti Vladimir Putin vətəndaşları səs verməyə çağırıb.

Müraciətində o, düzəlişin onun prezidentlik müddətinin ləğvini özündə ehtiva etdiyinə toxunmayıb.

Çərşənbə axşamı günü Moskvada və Nijni Novqorod vilayətində dəyişiklərlə əlaqədar elektron səsvermə başa çatıb.

Mərkəzi Seçki Komissiyası seçici fəallığının 93 faiz təşkil etdiyini açıqlayıb.

Hikmət HACIYEV

Şəklin mənbəyi, Azərtac

Azərbaycanda ciddi karantin rejimi uzadılacaqmı?

Azərbaycanda ciddi karantin rejiminin daha iki həftə uzadılması ilə bağlı "rəylər var".

Bu barədə Operativ Qərargahın çərşənbə axşamı keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla bağlı məsələlər 24 saat ərzində nəzarətdə saxlanır, zəruri tapşırıqlar verilir və tədbirlər görülür, Azərtac yazır.

Azərbaycanın bəzi şəhər və rayonlarında tətbiq edilən ciddi karantin rejimi iyulun 5-də bitməlidir.