Türkiyədə sosial media qadağan olunacaq? Rusiyada Konstitusiyaya düzəlişlər - vətəndaşların təxminən 80 faizi "lehinədir," Botswanada fillərin "qırğını"

Şəklin mənbəyi, EPA
Rusiyada Konstitusiyaya düzəlişlər - bu günün nəticələrinə görə, vətəndaşların təxminən 80 faizi "lehinədir," Prezident Erdoğan sosial mediayaya nəzarət edilməsini istəyib, Botswanada fillərin "qırğını," - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.
Rusiya: "Konstitusiyaya edilən dəyişikləri seçicilərin 77 faizdən çoxu dəstəkləyib".
Bu ölkə artıq protokolların demək olar ki, 100 faizinin oxunduğunu açıqlayıb.
Rusiya Mərkəzi Seçki Komissiyası protokolların 99,9 faizi işləndikdən sonra bildirib ki, seçicilərin 77,93 faizi Konstitusiyaya düzəlişlərin lehinə, 21,26 faizi isə əleyhinə səs verib.
İyulun 1-də Rusiyada Prezident Vladimir Putinin başlatdığı Konstitusiyaya dəyişiklərlə bağlı səsvermədə iki yüzədək düzəliş arasında diqqətçəkən məqamlardan biri də prezident olmaq şərtlərini ləğv etmək olub.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, seçici fəallığı təxminən 65 faiz olub.
Vladimir Putin və Mixail Mishustin səsverməyə maskasız gəliblər.
BBC müxbiri seçki prosesi zamanı Moskva ətrafındakı bir seçki məntəqəsində pul paylanmasının şahidi olub.
Təhlilçilərin fikrincə, Kreml həyat səviyyəsinin yaxşılaşdırılmaması səbəbindən hələ koronavirus pandemiyasından əvvəl Putinlə xalq arasında baş qaldıran narazılığın artmasından qorxurdu. Münasibətlər onun koronavirusun yayılmasına qarşı mübarizədəki davranışı ilə daha da pisləşə bilərdi.
Hökumətin karantin zamanı bağlanmaq məcburiyyətində qalan özəl şirkətlərə ciddi yardım etməli olduğu vaxtda hakimiyyətin yarıtmaz hərəkətləri səbəbindən Prezidentin reytinqi aşağı düşmüşdü.
Türkiyə Prezidenti Erdoğan sosial medianın qadağan olunmasını istəyir

Şəklin mənbəyi, AFP
Türkiyə Prezidenti Recep Tayyib Erdoğan Twitter-də qızı Esra Albayrak-la bağlı gələn şərhlərə narazılığını bildirib.
Çərşənbə günü Ədalət və İnkişaf Partiyasının bölgə başçılarının video konfransında iştirak edən Prezident Erdoğan bildirib ki, bu cür media bu ölkəyə "uyğun deyil".
Türkiyə Prezidenti bu məsələnin "ən qısa müddətdə" parlamentdə qaldırılacağını bəyan edib. O, ölkədə sosial medianın qadağan olunmasını istəyib. Bu kimi sosial media kanallarının tamamilə bağlanmasını istədiyini deyib.
Erdoğan sosial mediada qızı Esra Albayrak və kürəkəni, həm də ölkənin xəzinə və maliyyə naziri Berat Albayrak-ın yeni doğulmuş körpələri ilə əlaqədar gələn mesajlara toxunub.
"Dünən gecə mənim 8-ci nəvəm Həmzə Saleh dünyaya gəldi. Berat bəy uşağının dünyaya gəlməsi sevincini sosial mediada paylaşdı. On minlərlə insan bu mesajla bağlı təbrik mesajları yazdı. Ancaq sayca az da olsa, əxlaq, şərəf, ləyaqətdən məhrum, insanlıqdan payını almamış, qəlbi qara insanlar içlərindəki pisliyi göstərən təhqirlərlə bu vəziyyəti çirkləndirməyə çalışdılar. Hüquq-mühafiəz orqanları artıq bu işlə məşğuldurlar və bu şəxsləri müəyyənləşdirib, müvafiq tədbirləri görməyə başlayıblar.
Bir uşaq üzərindən onun ailəsinə və dolayısı ilə bu ailənin dəyərlərini təhqir edən bu alçaqlardan əl çəkməyəcəyik. Onların hamısı törətdikləri cinayətə görə cavab verməli olacaqlar," - Prezident Erdoğan deyib.
Erdoğan gələn şərhlərə narazılıq bildirdikdən sonra bütün bunlara sosial medianın istifadəsinin səbəb olduğunu və onun aradan qaldırılması üçün təcili addımlar atılacağını bildirib.
Son iki ayda Botsvanada 350 fil ölüb

Şəklin mənbəyi, Supplied
Son iki ayda Botswana-da yüzlərlə filin sirli şəkildə ölməsi ilə bağlı xəbər yayılıb.
İngiltərə mərkəzli xeyriyyə təşkilatı olan Xilas Milli Parkının əməkdaşı doktor Niall McCann həmkarlarının Botswanada may ayından indiyədək Okavango Deltasında 350-dən çox fil cəsədini aşkarladıqlarını bildirib.
Hökumət bildirir ki, heyvanların ölüm səbəbləri ilə bağlı heç kimdə məlumat yoxdur.
Botsvana Afrikadakı fillərin, ümumilikdə üçdə birinin evidir.
Xilas Milli Parkının əməkdaşı McCannın BBC-yə söylədiyinə görə, mayın əvvəlində mütəxəssislər delta üzərində yoxlama uçuşu həyata keçirdikdən sonra hökuməti bu barədə xəbərdar ediblər.
"Üç saatlıq uçuş ərzində 169 fil ölüsü müşahidə ediblər. "Bu, üç saatlıq uçuş üçün hədsizdir,"- Niall McCann deyib.
"Bir ay sonra araşdırmalar davam etdikcə daha çox cəsəd aşkar edilib və ölmüş fillərin sayı, ümumilikdə 350-dən çox olub," - o əlavə edib.
"Bu quraqlıqla bağlılığı olmayan hadisələrdə ölən fillərin sayı baxımından indiyədək rast gəlinməmiş haldır," - mütəxəssis deyib.



























