Gömrük Komitəsinin şöbə rəisi həbs olunub, 8103 SMS icazə sisteminə dəyişiklik edilib, Rusiyada referendum keçirilir

Şəklin mənbəyi, YouTube/AzTV
Dövlət orqanın rəsmisi dörd ay müddətində həbs olunub, karantin günlərində küçəyə çıxmaq üçün SMS icazəyə dəyişiklik edilib, 10 mindən çox şagird və abituriyent imtahan verib, sərnişinlər maskasız olarsa, avtobus hərəkət etməyəcək, bir gecəyə milyonçu olan mədənçi - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.
Dövlət Gömrük Komitəsinin şöbə rəisi barədə cinayət işi açılıb və onun barəsində rüşvət alma maddəsi ilə 4 ay müddətinə həbs olunub.
Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev rüşvət almaqda ittiham edilir.
Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən yayılmış məlumata görə, hər iki qurum birgə əməliyyat keçirib.
"Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan "Gate Est Group" MMC və "İnterlogistics" MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında yaxalanıb", məlumatda deyilir.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq-əməliyyat tədbirlərini davam etdirdiyi bildirilib.

Şəklin mənbəyi, Getty Images
8103 SMS icazə sisteminə dəyişiklik edilib
Xüsusi karantin rejimində küçəyə çıxmaq üçün icazə almaq üçün istifadə olunan 8103 qısa nömrəsinə göndərilən SMS-ə 15 dəqiqə ərzində cavab gələcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) xidmət bildirib ki, bəzi vətəndaşlar tərəfindən SMS-ə cavabın tez gəlməsindən sui-istifadə edildiyini müəyyənləşdirilib.
"Cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər", ASAN xidmət bildirib.
Bu səbəbdən də 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib, artıq 8103 nömrəsinə SMS göndərildiyi zaman cavab 15 dəqiqə ərzində gələcək.
Məlumatda o da bildirilib ki, "e-təbib" mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəq ərzində cavab gələcək.
Qurumun məlumatında vətəndaşların SMS icazəyə cavab gəldikdən sonra yaşayış yerini tərk etmələri istənilir.
ASAN xidmətin məlumatına görə, indiyədək SMS-lə 8103 qısa nömrəsinə 3 milyon 475 min SMS göndərilib və onlardan 774 mini, yəni 22 faizi "aidiyyəti olmayan məzmunla" bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

Şəklin mənbəyi, Reuters
Rusiyada referendum
Rusiyada Vladimir Putinə daha iki müddət ərzində prezident olmağa imkan verəcək Konstitusiya islahatları ilə əlaqədar referendum keçirilir. İyulun 1-nə təyin olunan səsvermə koronavirusun yayılması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə görə, bir həftə əvvəl başlayıb.
Müxalifət fəalı Aleksey Navalnı deyib ki, Konstitusiya islahatları Vladimir Putinin "ömrü boyu prezident olmasına" zəmin yaradacaq.
Prezidentin tərəfdarlarına görə, əsas qanuna düzəlişlərin məqsədi ölkədəki sabitliyi təmin etməkdir.
Vladimir Putin hazırkı səlahiyyət müddəti başa çatandan sonra yenidən namizəd olacağını açıq deməsə də, belə seçiminin vacib olduğunu vurğulayır.

Şəklin mənbəyi, Azərtac
10 mindən çox şagird və abituriyent imtahan verir
Bu gün Azərbaycanın 10 şəhər və rayonunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.
Mərkəz imtahana buraxılan şəxslərin tibbi maska geyinməsini tələb edib və proses boyu maskanın çıxarılmasının qadağan olduğunu bildirib.
Qaydalara görə, imtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
"Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır", DİM-in məlumatında deyilir.
Qurum bildirib ki, imtahanlarda 10519 şagird və abituriyentin iştirakı nəzərədə tutulur.
İmtahanların təşkil edilməsi üçün 52 imtahan binası, 834 imtahan zalı, 52 ümumi imtahan rəhbəri, 133 imtahan rəhbəri, 1090 nəzarətçi - müəllim, 104 buraxılış rejimi əməkdaşı, 52 bina nümayəndəsi ayrılıb, DİM bildirir.

Sərnişinlər maskasız olarsa, avtobus hərəkət etməyəcək
Bakıda avtobuslar sərnişinlər maskasız olarsa dayanacağı tərk etməyəcək. Bu barədə qərarı Bakı Nəqliyyat Agentliyi verib.
Qurumun rəsmi Facebook səhifəsində yerləşdirilən məlumata görə, iyunun 25-dən maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etməyəcək, yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edəcək.
BNA bildirir ki, bu yeni qaydaları də bəzi sərnişinlər sosial məsuliyyətdən kənar davranaraq avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmədikləri üçün tətbiq edirlər.
"Bu cür məsuliyyətsiz davranışlara yol verən sərnişin özü ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır. Bu hal sərnişindaşımaların təşkili baxımından da olduqca təhlükəlidir və sürücülər arasında yoluxma ehtimalını ciddi şəkildə artırır. Virusa yoluxan bir nəfər sürücü istehsalat bazasında yüzlərlə əməkdaşı yoluxdura bilər ki, bu isə eyni anda bir və ya bir neçə marşrut xəttinin fəaliyyətinin dayanmasını qaçılmaz edir", qurumun məlumatında deyilir.
Baş Nazir Əli Əsədovun mayın 29-da imzaladığı qərara görə insanlar arasında sosial məsafə 1,5-2 metr olmalıdır və tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maska, parça maska, respirator və sair istifadə edilməlidir.

Şəklin mənbəyi, TANZANIA MINISTRY OF MINERALS
Bir gecəyə milyonçu olan mədənçi
Tanzaniyada bir kiçik mədənçi iki nahamar Tanzanit daşını satdıqdan sonra bir gecədə milyonçuya çevrilib.
Saniniu Laizer adlı mədənçi birlikdə çəkisi 15 kiloqram olan daşlar üçün ölkənin mədənçilik nazirliyindən 3,4 milyon dollar alıb.
30-dan çox uşağın atası olan Saniniu Laizer BBC-yə deyib ki, "sabah böyük bir ziyafət olacaq."
Tanzanit daşları yalnız Tanzaniyanın şimalında tapılır və onlardan bəzək hazırlamaq üçün istifadə olunur.
Bu daş Yerdəki ən nadir daşlardan sayılır. Yerli geoloqlar hesab edir ki, gələcək 20 il ərzində bu daşın tədarükü tamamilə tükənə bilər.



























