Hindistanda yol qovşağı çöküb

Şəklin mənbəyi, AP
Hindistanın Kəlküt şəhərində çökən qol qovşağının dağıntıları altında qalan onlarla insanı çıxarmaq üçün xilasedicilər bütün gecəni xilasetmə işlərini davam etdirib.
Cümə axşamı gecəsi yol qovşağının qəfil çökməsi nəticəsində azı 24 nəfər dünyasını dəyişib, çoxlu sayda insan xəsarət alıb.
Ümumilikdə 2 kilometr uzunluğunda olan yol qovşağının tikintisinə 2009-cu ildən başlanılıb və başa çatması prosesi dəfələrlə uzadılıb.

Şəklin mənbəyi, AP

Hadisənin dəqiq səbəbləri hələ məlum deyil, amma tikintidə təftişin olmaması və keyfiyyətsiz materiallardan istifadə kimi təhlükəsizlik məsələləri Hindistanda tikinti layihələrinin problemidir.
Tikintini həyata keçirən IVRCL şirkəti bəyan edib ki, hadisəni araşdırmaq üçün müstəntiqlərlə əməkdaşlıq ediləcək.
Buna baxmayaraq, keçirilən mətbuat konfransında şirkətin məsul şəxslərindən biri deyib ki, onların təhlükəsizlik göstəriciləri yüksən səviyədədir və hadisə "Allahın işidir".

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, AP
Yol qovşağı Kəlkütdə insanların ən kompakt yaşadığı rayonların birində salınırdı. Burda dar zolaqlı yollar, bir-birinə çox yaxın tikilən mağaza və yaşayış evlərinin olması hadisə yerinə ağır texnikanın cəlbini çətinləşdirib.
BBC-nin hadisə yerində olan əməkdaşı Rahul Tandon, dağıtının nəticələrini azaltmaq üçün ərazidə aparılan təmizləmə işlərinin xaotik vəziyyət yaratdığını deyib.

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, AP
CCTV yol qovşağının çökmə anını əks etdirən görüntünü sosial mediada yayıb. Görüntüdə qovşağın 100 metr hissəsinin dağılaraq ərazidən keçən insanların, maşınların və yaxınlıqdakı binaların üzərinə çökməsi əks olunub.
Hadisə şahidləri deyib ki, dağıtılar altında daha bir neçə maşın, avtobus və yük maşınları qalıb. İnsanlar yol qovşağı altında yerləşən müvəqqəti evlərdə bir neçə nəfərin yaşadığını deyir.
Milli Fövqəladə Halların İdarəetmə Orqanı (NDRF) nümayəndəsi, Anurag Qupta, AFP-yə bildirib ki, çox sayda əsgər və qurumun yüzlərlə polis və rəsmiləri hamısı hadisə yerindədir.
Təkrarlanan faciə
- Avqust 2015: Hindistanın qərbində yerləşən Mumbay şəhərində binanın uçması nəticəsində azı 11 nəfər dünyasını dəyişib
- İyul 2015: Dehlidə dörd mərtəbəli binanın çökməsi nəticəsində 5 nəfər dünyasını dəyişib
- Aprel 2013: Mumbayda çoxmərtəbəli yaşayış binasının çökməsi nəticəsində 74 nəfər dünyasını dəyişib
- İyun 2014: Dehlidə üç mrətəbəli binaın çökməsi nəticəsində azı 10 nəfər dünyasını dəyişib
- İyun 2014: Chennai yaxınlığında binanın çokməsi nəticəsində azı 60 nəfər dünyasını dəyişib
- Noyabr 2010: Dehlidə baş verən çökmə nəticəsində azı 69 nəfər dünyasını dəyişib, 80-dən çox adam yaralanıb
- Sentyabr 2009: Chhattisgarh-da yerləşən elektrostansiyanın tüstü borusu 40 nəfərin ölümünə səbəb olub
























