Qırğızıstan parlamenti Jirinovskini persona non-qrata elan edib

Vladimir Jirinovski
Çap edildi

Qırğızıstanın Rusiyaya birləşdirilməsi barədə Vladimir Jirinovskinin təklifi Qırğızıstan millət vəkillərini qəzəbləndirib.

Rusiya Dövlət Dumasının vitse-spikerinin ölkəyə girişini yasaqlayan qərarı qəbul edən parlament Xarici İşlər Nazirliyinə onun təsdiq edilməsini tövsiyyə edib.

Mayın 15-də qanunverici orqan müvafiq müraciəti XİN-ə göndərib.

Çərşənbə axşamı Dövlət Dumasında Qırğızıstan borclarının silinməsinin müzakirəsi vaxtı Vladimir Jirinovski Qırğızıstanın federal dairə şəklində Rusiyaya qatılmasını təklif edib.

LDPR partiyasının sədri həmçinin borclar müqabilində İssık-Kul gölünün Rusiyaya verilməsini istəyib.

Vladimir Jirinovskinin bəyanatı Qırğızıstan parlament üzvlərinin tənqidinə səbəb olub, yerli K-News agentliyi bildirir.

Rusiya millət vəkili Dövlət Dumasındakı bəyanatının düzgün başa düşülmədiyini deyib.

Rusiya ilə Qırğızsıtan arasında borcların tənzimləməsi barədə saziş 2013-cü ildə ratifikasiya olunub.