Yakutiyada alimlər “canlı” mamont hüceyrələri tapıblar

Mamontlar

Şəklin mənbəyi, Science Photo Library

Çap edildi

Rusiyanın Şimal-Şərq federal universitetindən bir qrup tədqiqatçı iddia edir ki, “Yan-2012” beynəlxalq paleontologiya ekspedisiyası ərzində onlar “canlı” mamont hüceyrələri kəşf edib.

Lakin ekspertlər cansız orqanizmdə canlı hüceyrələrin mövcud ola bildiyinə şübhə ilə yanaşırlar.

Sooam Biotech tədqiqat fondunun rəhbəri Woo-Suk Hwang bu məlumata maraq göstərib. O, artıq inək, pişik və canavarı klonlaşdırıb, lakin tarixdən qabaq yaşayan heyvanları klon edə bilməyib. Qeyd edək ki o, həmçinin elmi tədqiqatların saxtalaşdırılmasında ittiham olunub.

Woo-Suk Hwang hesab edir ki, bu “canlı” hüceyrələrdən həmin xovlu giqantı klonlaşdırmaq üçün istifadə etmək olar.

"Unikal bir məkanın 100 metr dərinliyində kəşfiyyat aparmaq üçün çox əhəmiyyətli maddələr tapdıq: yumşaq piy toxuması, tük, və mamont iliyi”, - ekspedisiyanın rəhbəri Semyon Qriqoriev deyib

Yazda Professor Qriqoriev BBC-nin rusca xidmətinə müsahibəsində deyib ki, mamontu klon etməkçün genetik “baza” daşıyan heyvan Hind fili ola bilər – çünki onun DNT-i mamontun DNT-nə yaxındır.

BBC-ə müsahibə verən ekspertlər cansız heyvanda canlı hüceyrələr kəşf etməyin mümkün ola biləcəyinə kifayət qədər etimadsızlıqla yanaşıblar.

Cansız “canlı” hüceyrələr

İndiyədək alimlər yalnız canlı heyvanların bir müddətlik qorunmuş orqanlarını dirçəldə biliblər. Nəsli kəsilmiş heyvanların heç birini klon etmək hələ ki mümkün olmayıb.

Rusiya Elmlər Akademiyasının Paleontoloji institutunun yüksək rütbəli tədqiqatçısı, bioloji elmlər namizədi Evgeni Maşenko BBC-nin rusca xidmətinə deyib ki, ölü mamontda canlı hüceyrələr tapmaq mümkün deyil.

“Canlı hüceyrə canlı orqanizmdə ola bilər. Orqanizm artıq ölübsə, eyni zamanda hüceyrə də ölür. Beləliklə ola bilər ki, hüceyrələr çox yaxşı qorunub, və onlardan hüceyrəvi orqanlar ayırmaq olar, misalçün mitoxondria və sair,” - Maşenko deyib.

Mamontlar pleystosen dövründə Afrikada, Avropada, Asiyada və Şimali Amerikada yaşayıb.