Türkiyə: sabiq baş qərargah rəisi həbs olunub
İstanbulda mülki məhkəməyə ifadə verən general İlker Başbuğ dövlət çevrilişi ilə əlaqəli aparılan istintaq çərçivəsində həbs olunub.
Söhbət hökuməti gözdən salmaq üçün “internet-memorandumu” kimi tanınan veb səhifələrin yaradılmasından gedir.
Prokuror bir neçə saat ərzində ifadə verən generalın həbsdə saxlanılmasını istəyib.
İddia edilir ki, Rəcəb Tayyip Ərdoğan kabinetinin əleyhinə internet təbliğat resurslarının təsis planında generalın əli olub.
General Başbuğ dövlət çevrilişi ilə bağlı Erqenekon işi ilə əlaqədə ittiham olunan ən yüksək rütbəli zabitdir.
Türkiyə televiziyası onun şübhəli qismində mülki məhkəmə qarşısına çıxarılan ilk ordu başçısı olduğunu qeyd edir.
Sabiq baş qərargah rəisi dövlət çevrilişi ilə bağlı mütəşəkkil qrupa mənsub olmaqda ittiham oluna bilər.
Türkiyə prokurorluğu 1980-ci ildəki dövlət çevrilişindən sonra hökumət başına gələn general Əhməd Kənan Evrenə ömürlük həbs cəzası tələb edib.
























