Ukraynada müharibə: ABŞ və Aİ yeni sanksiyalar tətbiq edir, Kiyevsə Rusiyanı yeni hücum hazırlamaqda ittiham edib

Şəklin mənbəyi, Getty Images
Rusiya 2023-cü ilin qışında Ukraynaya, ola bilsin ki, Kiyevə yeni hücum üçün şərait hazırlayır. Belə bir hücumun uğurlu olacağı ehtimalı azdır. Eyni zamanda, hazırda Belarus ərazisindən hücum qaçılmaz deyil, Amerika Müharibə Tədqiqatları İnstitutu (MTİ) analitik hesabatında yazır.
MTİ-nin və Ukrayna rəsmilərinin Kremlin bəyanatlarına və hərəkətlərinə əsaslanaraq bildirdiyinə görə, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı məqsədləri dəyişməyib.
Putin ukraynalıları Rusiyanın şərtləri ilə danışıqlar aparmağa və Moskvanın xeyrinə güzəştə getməyə məcbur etmək üçün hazırlanmış müxtəlif mexanizmlərdən istifadə edərək, Ukraynada maksimalist məqsədləri güdməkdə davam edir.
Bu fundamental məqsəd Ukraynada son 10 ayda Kremlin müxtəlif hərbi, siyasi, iqtisadi və diplomatik səylərinin mərkəzində dayanıb.
Putin Ukrayna üzərində nəzarəti bərpa etmək və böyük ərazi güzəştlərini təmin etmək kimi son məqsədinə çatmaq üçün eyni vaxtda iki hərbi əməliyyat keçirir.
Rusiyanın Donetsk bölgəsində, xüsusən Baxmut və Avdiivka-Donetsk bölgəsində indiki hücumları, eləcə də Ukraynanın vacib infrastrukturuna qarşı davam edən kütləvi raket zərbələri bu ölkənin Ukraynadan tələb edə biləcəkləri üçün reallıqlar yaratmağa hesablanıb.
Lakin bu cəhdlər Kiyevi danışıqlara və ya güzəştlərə məcbur etməyib və Ukrayna Xarkov və Xerson vilayətlərində ardıcıl iki əks-hücumdan sonra döyüş meydanında təşəbbüsü əlində saxlayıb.
MTİ yazır ki, buna görə də Putin növbəti, üçüncü hərbi əməliyyat - əgər ilk ikisi onu öz məqsədlərinə çatdıra bilməsə, o, 2023-cü ilin qışında yeni böyük hücum üçün şərait hazırlaya bilər.
ABŞ-ın Rosbanka sanksiyası
ABŞ Xəzinədarlığı Rosbank və onun ortağı, Interros və Norilsk Nikel şirkətlərinin səhmdarı Vladimir Potaninə qarşı sanksiyalar tətbiq edib.
ABŞ-ın Potaninə, onun həyat yoldaşı Yekaterina Potanina və iş adamı ilə əlaqəli bir neçə şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırdığı barədə məlumat Wall Street Journal tərəfindən yayılıb.
Forbes jurnalına görə, Potanin Rusiyada ikinci ən böyük sərvətə sahib şəxsdir.
Potaninin əsas səhmdarı olduğu Norilsk Nikel şirkəti sanksiyalara məruz qalmayıb.
Eyni zamanda, baş nazirin birinci müavini Andrey Belousov, baş nazirin müavini Dmitri Çernışenko, eləcə də Rusiyanın 29 qubernatoruna qarşı sanksiyalar tətbiq edilir.

Olqa Şamina
BBC Rus Xidmətinin İqtisadiyyat redaktorundan:
"Bu, son aylarda ABŞ-ın sanksiya siyahısına etdiyi ən mühüm əlavələrdən biridir.
Qərb ölkələri Rusiyanın metallurgiya sektoruna qarşı sanksiyaların tətbiqində o qədər də fəal olmayıblar. Burada məntiq sadədir. Rusiya palladium, titan, platin, qızıl, polad və sair kimi bir sıra metalların dünyada ən böyük tədarükçülərindəndir.
Onların tədarükü ilə bağlı hər hansı məhdudiyyət qiymətlərin bahalaşmasına səbəb olacaq. Qərb ölkələrinin onsuz da yüksək inflyasiyadan əziyyət çəkdiyi vaxtda bu, heç də arzuolunan nəticə deyil.
Ukraynada müharibə 9 aydan çoxdur davam edir. Bu müddət ərzində iqtisadi təzyiq tədbirlərinin arsenalı daralıb: hər bir yeni tədbir bütün tərəflər üçün getdikcə daha ağrılı olur.
Bununla belə, yeni sanksiyaların tətbiqi davam edir. İndi Aİ-də növbəti paket müzakirə olunur. Ötən həftə "Financial Times" yazıb ki, yeni paketdə rus metallurgiya məhsullarına qarşı məhdudiyyətlər də olacaq.
Britaniyanın The Times qəzeti Rusiyanın ən varlı adamı Vladimir Lisin haqqında araşdırma dərc edib - onun şirkətləri, bu məqaləyə görə, Rusiya hərbi-sənaye kompleksi üçün polad tədarük edib. Qəzetin gəldiyi nəticələr təsdiqlənərsə, bu, sanksiyaların tətbiqinə səbəb ola bilər.
Oxşar ittihamlar ABŞ-ın sanksiya siyahısına "Severstal"ın əsas sahibi Aleksey Mordaşovun da daxil edilməsinə səbəb olub.
Lakin hələlik sanksiyalar seçmə xarakter daşıyır. Dünyanın ən böyük nikel və palladium istehsalçılarından biri olan Norilsk Nikel sanksiyalara məruz qalmayıb.
Bir sıra analitiklər "hazırda sanksiyaların şirkətin biznes proseslərinə təsir edəcəyi ilə bağlı gözləntilərin olmadığını" yazır.
Ancaq bazarlar hələ də narahatdır. Metallurgiya şirkətləri Moskva birjasında ucuzlaşmaqdadır. "Qırmızı zonada" "Norilsk Nikel"in özündən əlavə "Polyus" və "Polymetal" da var.
Rusiyada bir çoxları sanksiyaların o qədər də təsirli olmadığını hesab edir. Maliyyə sistemi həqiqətən də banklara qarşı sanksiyalara tez uyğunlaşdı.
Lakin sərt ticarət sanksiyaları yenicə tətbiq olunmağa başlayıb. Göründüyü kimi, onların nəticələri çox da ciddi olmayacaq. Amma iqtisadçılar onları tam proqnozlaşdıra bilməyəcəklər və gələn il vəziyyətin necə dəyişəcəyi bəlli deyil.
Neft tədarükünün məhdudlaşdırılması və metallurgiya sektoruna qarşı mümkün sanksiyalar istənilən halda Rusiyanın gəlirlərinin azalmasına səbəb olacaq.
Yeganə sual budur ki, bu, müharibəni dayandıracaq, yoxsa hakimiyyət sadəcə olaraq başqa bir şeyə qənaət edəcək?"

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 9-cu paketində nə var?
Bir neçə diplomatik mənbə mediaya Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gəldiyini bildirib. Hələlik bu barədə rəsmi məlumat açıqlanmayıb.
Sanksiyalar paketi cümə günü günorta saatlarına qədər yazılı təsdiq prosedurundan keçməlidir. Reuters avropalı diplomatlar arasında olan mənbələrinə istinadən xəbər verir ki, bundan sonra paketin məzmunu ictimaiyyətə açıqlanacaq.
Avropa Komissiyasının sədri Ursula von der Leyen təxminən bir həftə əvvəl Rusiyaya qarşı növbəti sanksiyalar paketinin hazırlandığını bildirmişdi.
Son bir həftə ərzində bir neçə dəfə sanksiyalar paketinin ilkin versiyaları mediaya sızdırılıb.
Paketin son, qəbul edilmiş versiyası dəyişə bilsə də, sızan budur:
Doqquzuncu paket Rusiya təbliğatına qarşı yönəlməlidir. Qərb mediasının yazdığı kimi, sanksiya siyahısı rusiyalı hökumətyönlü jurnalistlər, yazıçılar və mədəniyyət xadimləri ilə - aparıcılar Marina Kim və Boris Korçevnikovdan tutmuş müğənni Grigory Lepsə və RT kanalının müraciət etdiyi VGTRK və TV-Novosti holdinqinin əməkdaşlarına qədər uzadılmalıdır.
Sanksiya siyahısına Vladimir Putinə yaxın Kovalçuk ailəsi və onunla əlaqəli şirkətlər də daxil edilməlidir.
Rusiyanın üç telekanalı - Ren-TV, NTV və Rossiya1-in Avropa ölkələrində yayım lisenziyalarının ləğvi də planlaşdırılır.
Sanksiya siyahısına həmçinin Ramzan Kadırovun iki qızı, onun daha bir qohumu və onlarla rusiyalı funksioner, məmur və parlament üzvü də daxil edilməlidir.



























