Ukraynada insanları ölümdən xilas edən suriyalı həkim: “Müharibə bölgəsində deyilsizsə, heç vaxt belə yaralar görə bilməzsiz”

Şəklin mənbəyi, UOSSM USA
- Müəllif, Swaminathan Natarajan
- Vəzifə, BBC Dünya Xidməti
- Çap edildi
"Həyat yoldaşım və uşaqlarım çox qorxurlar. O qədər dostum, həmkarım həlak olub ki, sağ qaldığım üçün özümü şanslı hesab edirəm" - həkim Monzer Yazji BBC-nin əməkdaşıyla söhbətində belə deyib.
O, dəfələrlə döyüş meydanlarında və təbii fəlakət bölgələrində olub. Yeddi övladı var, qızı hamilədir - bu körpə həkimin ilk nəvəsi olacaq. Amma Yazji ondan uzaqlarda əzab çəkən insanlara görə narahatdır.
"Mən ailəmə dedim ki, burda - Texasda oturub Ukraynadakı həmkarlarımın çəkdiyi əziyyəti kənardan seyr edə bilmərəm".
Rusiyanın Ukraynaya hücumu böyük rezonans doğurdu.
BMT-nin məlumatına görə, 12 milyondan çox insan öz yurd-yuvasından didərgin düşüb, 5,8 milyon nəfər başqa ölkələrə qaçıb.
Yazji isə əksinə, Ukraynaya gedib - bu ölkənin atəşə tutulan şəhərlərində həmkarlarına kömək etmək, yaralıları əməliyyat etmək üçün.
Mülki həkim olaraq çalışmaq bir cərrahı müharibədəki dəhşətli travmalara hazırlamır. Amma həkimin təcrübəsi yaralılar üçün həyati əhəmiyyət kəsb edir.
Yazji BBC-yə döyüş zonasında üzləşdiyi çətinliklərdən və Suriyadakı təcrübəsinin faydalarından danışıb.
Tarix təkrarlanır

Şəklin mənbəyi, UOSSM
"Deyəsən, burda tarix təkrarlanır. Suriyalıların başına gələnləri indi Ukrayna xalqı yaşayır".
Yazji əvvəl Suriyada, sonra İngiltərədə təhsil alıb, 1998-ci ildə ABŞ-a köçüb, fəlakət bölgələrinə yollanan ilk həkimlərdən olub.
Suriyadakı vətəndaş müharibəsi isə onun şəxsi məsələsinə çevrilib.
Yazji 2012-ci ildə Tibbi Xidmət və Yardım Təşkilatları İttifaqını (UOSSM) təsis edib, Suriyada 30-dan çox tibbi missiyada iştirak edib.
Yazji deyir ki, həkimlik andına sadiq qalmaq - irqindən və milliyyətindən asılı olmayaraq ehtiyacı olan hər kəsə kömək etmək istəyir. Bu and müharibə başlayandan bəri üç dəfə onu Ukraynaya "göndərib".
Yazji bombardman altında xəstələri sağaltmağa çalışmağın nə demək olduğunu yaxşı bilir.
"Suriyada işlədiyim xəstəxananın ikinci mərtəbəsində raket partlamışdı. Onda peyk telefonuyla həyat yoldaşıma zəng vurdum, "Səni sevirəm. Zəhmət olmasa, uşaqlarımızdan muğayat ol" dedim. Bəlkə də ordan sağ çıxa bilməyəcəyimi demədim amma".

Şəklin mənbəyi, UOSSM USA
Xoşbəxtlikdən bu, həkimin öz həyat yoldaşına vida zəngi olmayıb. O, sağ-salamat evinə - ABŞ-a qayıdıb.
İndiki müharibələrdə uzaqmənzilli artilleriya, dron və ballistik raketlərdən istifadə olunması döyüşlərdə iştirak etməyənlər üçün də böyük təhlükə yaradır.
Yazji döyüş bölgələrinə getməyin ölmək və yaralanmaq riskini artırdığını bilir, buna baxmayaraq qərarlıdır:
"Mənim həyatım onlarınkından qiymətli deyil. Birinin həyatını xilas etmək mənim üçün çox şey deməkdir. Böyük bir işin iştirakçısı olduğumu hiss etmək mənə mənəvi rahatlıq verir".
Ölümlə rəqs etmək
O, mart ayında - Ukraynaya ilk dəfə səfər edəndə qaldığı yerin yaxınlığına raketlər atılıb.
"Hər yer silkələnirdi. Həyəcan siqnallarını və partlayış səslərini eşitmək adamı qorxudur".

Şəklin mənbəyi, UOSSM USA
Amma bu dəfə də işlər qaydasında gedib və səhiyyə infrastrukturu yaradılıb.
Yazji ən çox ehtiyac duyulan dərmanları və tibbi ləvazimatları müəyyənləşdirib, ona qoşulmaq istəyən ukraynalı həkim tapıb.
Ukraynaya ikinci səfərindəsə üç klinika açıb - Kiyev, Lvov və Lutsk şəhərlərində.
Bir gündə altı əməliyyat
Keçən ay, yəni Ukraynaya üçüncü səfəri zamanı Yazji ölkənin şərqinə gedib və əməliyyatlar etməyə başlayıb - bəzən bir gündə altı dəfə.
"Biz çox mürəkkəb əməliyyatlar etməli oluruq. Məsələn, bir nəfər çiyninin bir hissəsini itirmiş, döş qəfəsindən və qollarından xəsarət almışdı".
Rusiya bombardmanının qurbanı olan bu şəxs onun müdaxiləsi sayəsində sağ qalıb.
Dərinin soyulması və yeni dəri tikilməsi də daxil, bütün əməliyyatlar zamanı hətta su və elektrik təminatının da minimum səviyyəsiylə kifayətlənmək lazım gəlir.
Yazji Ukraynaya üçüncü səfərində əməliyyatlar etməyə başlayıb

Şəklin mənbəyi, UOSSM USA
Yazji hava bombardmanları nəticəsində yaralananları müalicə etməyin xüsusilə çətin olduğunu deyir:
"Bəzi xəstələrdə sınıqlar, çıxıqlar, yanıqlar kimi çoxsaylı yaralar olur və hətta bəzən bədənin hansısa hissəsi qopmuş olur".
Onun sözlərinə görə, illərlə təcili yardım şöbələrində işləmiş mülki həkimlər belə müharibə zonasındakı xəsarətlərin miqyasından və ağırlığından dəhşətə gələ bilirlər.
"Müharibə bölgəsində deyilsizsə, heç vaxt belə yaralar görə bilməzsiz. Ona görə də tibb fakültəsində öyrədilən ənənəvi yanaşma işə yaramır, xüsusi yanaşmanız olmalıdır".
Suriyadan Ukraynaya
Şərqi Ukraynanın bəzi bölgələrində həkimlərin və tibb bacılarının bir qismi müharibədən qaçıb.
Qalan tibb işçiləri isə çox yorğundurlar. Buna baxmayaraq Yazji onlara təlim keçir, hamısını yeni texnikaları sınamağa təşviq edir.
"Ukraynanın şərqində əvvəllər heç vaxt etmədiyi əməliyyata girmək istəyən möhtəşəm bir ortoped cərrahla tanış olduq. Biz onu ruhlandırdıq. Həmin həkimin uğurunu görmək çox xoşuydu" - Yazji belə deyir.
Orda heç nə çatışmır, hətta ən sadə dərmanlar və materiallar belə. Bununla belə, Yazji bildiri ki, müəyyən mənada Suriyada vəziyyət bundan qat-qat pisdir.

Şəklin mənbəyi, Getty Images
"Ukraynada hökumət əvvəlki kimi fəaliyyət göstərir və vəziyyətə nəzarət edir. Əvvəllər Suriyada biz mühasirəyə alınmış şəhərlərə həkimlər və dərmanlar göndərirdik" deyən Yazji işlədiyi şəhər və xəstəxanaların adlarını çəkməkdən yayınır.
Suriyalı həkimlər öz vəzifə borclarını yetirnə yetirmək üçün böyük qurbanlar veriblər.
"Həkimlər insan haqları uğrunda" təşkilatının məlumatına görə, 2011-ci ildən bəri 930 tibb işçisi həlak olub. Onların arasında Yazji ilə işləyənlər də olub.
"Başqalarını xilas etməyə çalışarkən öz canlarından oldular. Bu, həyatda ən şərəfli işdir".
Onun təşkilatındakı suriyalı həkimlər hazırda Ukraynada işləyirlər. Yazji orda tanınmış britaniyalı cərrah- travmatoloq Devid Nottla da sıx əməkdaşlıq edir.
Müharibə cinayətlərinin sənədləşdirilməsi
Onlar xəstəxanalarda və tibb müəssisələrində çalışanlara qəsdən hədəf alma, kimyəvi silahdan istifadə və ya mülki şəxslərin qəsdən öldürülməsi kimi potensial müharibə cinayətlərini sənədləşdirməyi öyrədirlər. Yazji bunun çox vacib olduğunu bildirir.

Şəklin mənbəyi, Getty Images
"Zədəni qiymətləndirmək və ona nəyin səbəb olduğunu müəyyənləşdirmək çox vacibdir. Həkimlər birinci dərəcəli cavabdehlər və ilk şahidlərdir".
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynada tibb müəssisələrinə hücumları qeydə alıb. Müharibənin ilk altı həftəsi ərzində 103 belə hücum baş verib və bu, 73 nəfərin həlak olmasıyla nəticələnib.
Kiyevin şimalındakı kütləvi məzarlıqlardan çıxarılan cəsədlər də yarılıb və həkimlər bildiriblər ki, bir neçə qadının öldürülməzdən əvvəl rusiyalı hərbçilər tərəfindən zorlanmalarına dair sübutlar aşkar ediblər.
"Həkimlərə deyirəm ki, kömək etmək sizin borcunuzdur, əks halda qatili cəzasız qoyacaqsınız".
"Mən qayadacam"
Yazji Ukraynadan qayıdandan sonra cəbhədəki həkimlərlə telefon və ya internet vasitəsilə əlaqə saxladığını söyləyir:
"Mən onları xəbər prqoramlarında görməmişəm. Yanlarında olmuşam, bəzilərini müalicə etmişəm. Evə qayıdandan sonra da onları düşünürəm, yata bilmirəm. Bəziləri artıq sağ deyil. Bu, çox kədərlidir".

Şəklin mənbəyi, UOSSM USA
Yazji deyir ki, yaralananlardan bəziləri heç vaxt normal həyata qayıtmayacaqlar, orqan itkisinə və ya travma sonrası stresə görə bir çoxları illərlə müalicə almalı olacaqlar.
Suriyalı həkim ukraynalılara uzunmüddətli perspektivdə kömək etmək niyyətindədir:
"Otelin resepsionunda çalışan işçi nəylə məşğul olduğumu biləndə məni qucaqladı. Dedi ki, qətiyyən məndən pul götürməyəcəklər".
Amma Yazji hesabı necə ödəyəcəyini bilir:
"Ordan çıxanda ağlamağa başladım. Çox kövrəlmişdim. Onlara söz verdim ki, yenə qayıdacam".



























