You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya Ukraynadakı "müharibəni mayın 9-na kimi bitirməyə cəhd etməyəcək"
Rusiya Ukraynadakı müharibəni mayın 9-na kimi bitirməyə cəhd etməyəcək, Rusiyanın İnterfax agentliyi Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun İtaliyanın "Mediaset" televiziya şirkətinə müsahibəsinə istinadən yazıb.
"Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini hansısa tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar", - agentlik cənab Lavrovdan sitat gətirir. Müsahibə zamanı rusiyalı nazir deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski "neonasist batalyonlarına cinayət əmrləri verməyi dayandırsa, onları bütün mülki şəxsləri azad etməyə və müqaviməti dayandırmağa məcbur edərsə" sülhə töhfə verə bilər.
Müsahibə aparan jurnalist Lavrovdan soruşub ki, bu, Rusiyanın Prezident Zelenskinin təslim olmasında israr etməsi deməkdirmi və bunu sülh üçün şərt hesab edirmi?"Biz onun təslim olmasını tələb etmirik. Biz ondan tələb edirik ki, bütün mülki şəxsləri azad etsin və müqaviməti dayandırsın", - Lavrov cavab verib.Rusiya xarici siyasət idarəsinin rəhbəri həmçinin bildirib ki, Rusiya Ukraynada rejim dəyişikliyinə can atmır və o, bunu "Amerikanın özəlliyi" adlandırıb."Biz Ukraynanın şərqində insanların təhlükəsizliyini təmin etmək istəyirik ki, onlar bu ölkənin nə hərbiləşdirilməsi, nə də nazifikasiyası ilə təhdid olunmasın, eləcə də Rusiya Federasiyasının təhlükəsizliyinə Ukrayna ərazisindən heç bir təhdid olmasın", - Lavrov vurğulayıb.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu ölkə Ukraynaya hücumu "xüsusi hərbi əməliyyat" adlandırıb.
Rusiyanın Ukraynaya hücumu nəticəsində minlərlə hərbi və mülki şəxs ölüb, milyonlarla ukraynalı qaçqın düşüb.