Azərbaycan 10 noyabr bəyanatı ilə bağlı Ermənistanın ittihamına cavab verib

Qarabağ

Şəklin mənbəyi, Getty Images/KAREN MINASYAN

Şəklin alt yazısı, Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanat əsasında Qarabağa Rusiya sülhməramlı qüvvələri yerləşdirilib
Çap edildi

Azərbaycan 10 noyabr bəyanatı ilə bağlı Ermənistanın ittihamına cavab verib, Azərbaycan Xankəndi-Şuşa yolu yaxınlığında "su xəttini təmir edənlərə atəş açılması" ilə bağlı Ermənistanın yaydığı məlumatı şərh edib, Moskva bildirir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Bəyanatın "ümumilikdə yerinə yetirildiyini demək olar, ABŞ Dövlət Departamenti İkinci Qarabağ müharibəsindən qaynaqlanan problemləri həll etməyə səsləyib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycanın Baş naziri bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında ölkənin "9-10 noyabr Bəyanatına" sadiq olduğunu bəyan edib.

"Azərbaycan nəqliyyat məsələlərinin həllində güc tətbiqi və hədədən istifadə edir" fikrini şərhsiz qoyardım, Əli Əsədov deyib. Onun sözlərinə görə, bu məsələlər üçtərəfli işçi qrup çərçivəsindədir və hamının marağına cavab verir.

Eyni konfransda çıxış edən Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Bəyanatların müddəalarının, o cümlədən "hərbi əsirlər" ilə bağlı bəndin Azərbaycan tərəfindən pozulduğunu deyib. Buna cavabında Əli Əsədov deyib ki, Azərbaycan əsirlərin təhvil verilməsini nəzərdə tutan bəndi tam şəkildə icra edib.

"Bununla bağlı qeyd etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2021-ci il tarixli bəyanatında qeyd edilir ki, 2 dekabr 2020-ci ilə qədər Rusiya Sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfər isə Azərbaycana qaytarılıb", o əlavə edib.

Bundan əvvəl, Ermənistan Azərbaycanı 10 noyabr Üçtərəfli Bəyanatın müddəalarını "təhrif etməkdə" ittiham edib.

"Azərbaycan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli regionda üçtərəfli bəyanatların infrastrukturların açılması ilə bağlı müddəalarını qəsdən təhrif edərək və özbaşına şərh edərək, "dəhliz" dediyi ideyasını hallandırır və güc tətbiqi ilə hədələyir ki, bu da nəinki həmin bəyanatların hərfinə və ruhuna ziddir, həm də regionda gərginliyin azaldılması üçün səylərin pozulmasına yönəlib", - Ermənistan XİN-in bəyanatında deyilib.

Azərbaycandan buna reaksiya olmayıb. Lakin bir gün əvvəl Azərbaycan XİN bildirib ki, bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli Bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir.

Rəsmi Bakı ötən müddət ərzində Azərbaycanla Naxçıvanı birləşdirəcək "Zəngəzur dəhlizinin" gerçəkləşəcəyinin Üçtərəfli Bəyanatın əsas yekunlarından biri olduğunu vurğulayıb. Ermənistanda əvvəllər dəhliz sözündən narahatlıq ifadə olunsa da, rəsmilər son açıqlamalarda hazırda keçmiş Sovet İttifaqının cənub sərhədi boyunca, xüsusən, Yerevan, Naxçıvan, Meğri və oradan şərqə uzanan dəmiryolunun açılmasını müzakirə edildiyini, eyni istiqamət üzrə avtomobil yolların açılmasının isə müzakirə olunmadığını deyiblər.

Ermənistan XİN bugünkü bəyanatında deyib ki, müharibə nəticəsində artıq nəinki "Dağlıq Qarabağ münaqişəsinin, həm də Dağlıq Qarabağın mövcud olmaması ilə bağlı Azərbaycanın iddiaları da 10 noyabr Üçtərəfli Bəyanatın pozulmasıdır".

Azərbaycan Prezidenti təkrarən "Dağlıq Qarabağ münaqişəsinin" və "Dağlıq Qarabağ" məfhumunun artıq mövcud olmadığını və Qarabağa status verilməyəcəyini bildirib.

Ermənistan XİN bildirib ki, 10 noyabr 2020-ci il tarixli sənəddə "nəzərdə tutulmuş atəşkəs rejiminin pozulması müntəzəm xarakter daşıyır." Müharibədən sonra atəşkəsin pozulması halları barədə Bakı və Yerevan açıqlamalarında bir-birini ittiham ediblər.

Ermənistan XİN-i bildirib ki, "münaqişənin həlli yalnız ATƏT-in Minsk qrupunun həmsədrliyinin mandatı altında" mümkündür, bu isə "Artsaxın (ermənilər Qarabağa belə deyirlər-red.) statusunun dəqiqləşdirilməsini nəzərdə tutur".

"Artsax erməniliyinin öz doğma torpağında təhlükəsiz və ləyaqətli həyata zəmanət verilməsi Azərbaycanın yurisdiksiyası və ya nəzarəti altında mümkün deyil", Ermənistan XİN-i əlavə edib.

Azərbaycan XİN ötən gün həmçinin bildirib ki, "Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir". Rəsmi Bakı ötən gün vurğulayıb ki, Ermənistanda "revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır".

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.

Ötən il başa çatan müharibədə Azərbaycanın 3000-ə yaxın, Ermənistanın isə 3700-dən çox hərbçisi həlak olub, itkin düşənlər hələ də axtarılır. Hər iki tərəfdə mülki şəxslər də müharibənin qurbanı olub.

Rusiya hərbçiləri Laçında. Dekabr, 2020-ci il

Şəklin mənbəyi, TASS/Getty images

Azərbaycan Xankəndi-Şuşa yolu yaxınlığında atəşlə bağlı: "Rusiya sülhməramlılarına məlumat verilməyib"

Azərbaycan Xankəndi-Şuşa yolu yaxınlığında "su xəttini təmir edənlərə atəş açılması" ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatı şərh edərək qarşı tərəfin addımlarını üçtərəfli bəyanatın "pozulması" kimi dəyərləndirib.

Ötən gün Ermənistan KİV-ləri Şuşa şəhəri yaxınlığındakı su boru kəmərində işləyən mülkilərə "Azərbaycan tərəfindən açılan atəş" nəticəsində bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Ermənistan tərəfinin yaydığı məlumat "ciddi suallar doğurur".

"Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur", - çərşənbə axşamı günü Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir.

XİN bildirib ki, ötən gün Azərbaycan Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirib.

"Məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır", açıqlamada deyilir.

Rusiya sülhməramlıları bu hadisəyə münasibət bildirməyib.

Ermənistan mediasındakı məlumata əsasən, ötən gün saat 15:00 radələrində şəxsiyyəti "məlum olmayan" Azərbaycan hərbçisi Şuşa-Laçın avtomobil yolu yaxınlığındakı boru kəmərini təmir edənlərə "bir neçə dəfə" atəş açıb. Nəticədə 22 yaşlı Xankəndi (Stepanakert) sakini hadisə yerində ölüb, güllə yarası alan daha üç nəfərin vəziyyətinin "orta ağır" olduğu bildirilir.

Hadisədən sonra mediada Xankəndi-Laçın yolunun müvəqqəti olaraq bağlanıldığını da bildirib.

Azərbaycan XİN-i bu gün həmçinin Ermənistan müdafiə nazirinin Qarabağa "qanunsuz səfər" etməsini qarşı tərəfin "növbəti təxribatı" adlandırıb. Bütün bunlar onu göstərir ki, Ermənistam tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə bu, üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır".

Noyabrın 8-də Ermənistanın müdafiə naziri Arşak Karapetyan Xankəndində olub. O, Müdafiə Ordusunun rəhbər heyətinin işçi müşavirəsində iştirak edib, döyüş mövqelərinə baş çəkib, hərbi qulluqçularla görüşüb, media xəbər verir.

Atəşkəsin pozulması barədə son xəbərlər ötən il başa çatan müharibənin ildönümünə təsadüf edir. Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb. Bəyanatın imzalanmasından sonra Azərbaycanın Qarabağ bölgəsinə və Laçın dəhlizinə rus sülhməramlıları nəzarət edir. Bu ərazidə erməni əhali yaşayır.

Ötən ay sülhməramlıların məsuliyyət zonasında atəşkəsin pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən bir neçə hadisə qeydə alınıb.

Rusiya Xarici İşlər Nazirliyi

Şəklin mənbəyi, TASS/Getty Images

Moskva: Üçtərəfli Bəyanatın "ümumilikdə yerinə yetirildiyini demək olar"

Moskva bildirir ki, Üçtərəfli Bəyanatın "ümumilikdə yerinə yetirildiyini demək olar". Rusiya XİN-i bunu ötən il 9 noyabr tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Üçtərəfli Bəyanatın ildönümü ilə bağlı yaydığı bəyanatında bildirib.

"Bakı və Yerevanın onun reallaşdırılması və bütün müddəalarına ciddi əməl olunmasına sadiq qalmaları vacibdir", Rusiya XİN-i vurğulayıb.

Bəyanatda deyilir ki, bölgəyə yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti "regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Bunu bizim azərbaycanlı və erməni dostlarımız qiymətləndirirlər."

Moskvanın bəyanatında ATƏT-in Minsk Qrupunun da adı çəkilib: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə, ilk növbədə, regionun qarşısında duran sosial-iqtisadi və humanitar məsələlərin həlli kontekstində səylərimizi davam etdirməyi vacib hesab edirik", sənəddə qeyd edilib.

Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək edəcəyini", "sülh təşəbbüslərini dəstəkləyəcəklərini" bildirib.

"Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədi ilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında dialoqa da kömək etməyə hazırıq", Rusiya XİN-i bildirib.

Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatında ifadə edilmiş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələri tərəfdaşlıq şəraitində "ardıcıl surətdə həyata keçirmək" niyyətində olduğunu və "Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasının və sonradan demarkasiya prosesinin tezliklə işə salınmasının vacibliyini" də vurğulayıb.

Dövlət Departamentinin sözçüsü Ned Price

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price

ABŞ Ermənistan və Azərbaycanı danışıqları "intensivləşdirməyə" çağırıb

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycana çağırış edib ki, Qarabağ münaqişəsindən qaynaqlanan məsələlərin həllində intensivliyi artırsınlar.

Dövlət Departamentinin saytında yazılıb ki, ABŞ "Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli və ya bundan qaynaqlanan bütün məsələləri həll etmələri üçün Minsk qrupunun himayəsi də daxil olmaqla, qarşılıqlı fəaliyyətlərini davam etməyə və intensivləşdirməyə çağırıb".

Dövlət Departamentinin sözçüsü Ned Price yazılı bəyanatında vurğulayıb ki, ABŞ dövlət katibi müavininin Cənubi Avropa və Qafqaz siyasəti üzrə köməkçisi Erika Olson hazırda üç ölkə ilə əlaqəli məsələləri danışmaq və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün bölgədədir.

ABŞ rəsmisi bütün qalan məhbusların qaytarılmasına, itkin düşmüş şəxslərin tam qeydiyyatının aparılmasına, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına çağırış edib.

Bununla yanaşı Dövlət Departamenti münaqişə bölgəsinin minalardan təmizlənməsini və beynəlxalq humanitar təşkilatların ehtiyacı olan insanlara çıxışının təmin edilməsini vurğulayıb.

"Biz həmçinin iddia edilən insan hüquqlarının pozulması və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq", - Ned Price yazılı bəyanatında bildirib.

Dövlət Departamenti elan edib ki, "ABŞ Cənubi Qafqaz bölgəsində təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqində maraqlıdır".

İki ay bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri bəyan edib ki, Dağlıq Qarabağın statusunu həll olunmuş hesab etmir.

Rəsmi Bakı ABŞ-ın Ermənistandakı səfirinin "Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik" deməsini "qəbuledilməz" adlandırıb.

Həmçinin bax: