BMT Ermənistanda işinə son verilmiş UNICEF nümayəndəsi ilə bağlı: “İttihamlar əsassızdır”

Marianne Clark-Hattingh

Şəklin mənbəyi, UNICEF

Çap edildi

BMT-də UNICEF-in Ermənistan nümayəndəsi Marianne Clark-Hattingh-ə qarşı ittihamları təkzib edib və əsassız adlandırıblar. Ermənistan parlamentinin girişlərində müxalifət çadırları qurulub. Naxçıvanın keçmiş daxili işlər naziri həbs edilib, keçmiş təhsil naziri isə saxlanılıb. Dağlıq Qarabağ ərazisində pis hava şəraiti ilə bağlı cəsədlərin axtarışı dayandırılıb. Azərbaycan İnsan hüquqları üzrə müvəkkil 2020-ci il üzrə illik məruzəsində bir sıra təklif irəli sürüb - bu və digər xəbərlər barədə BBC News Azərbaycancanın icmalında.

BMT-də UNICEF-in Ermənistan nümayəndəsi Marianne Clark-Hattingh-ə qarşı ittihamları təkzib edib və əsassız adlandırıblar.

Martın 9-da Ermənistan XİN-i Marianne Clark-Hattingh-ın səlahiyyətlərinə son verildiyini bildirib, ölkə prokurorluğu isə onun haqqında mətbuatda yayılan Azərbaycan və ya Britaniyaya casusluq etməsi iddialarını araşdırmaq üçün cinayət işi açıb.

"Ona ünvanlanan ittihamlar əsassızdır və biz onu müdafiə edəcəyik," - çərşənbə axşamı brifinqdə BMT Baş Katibinin mətbuat katibi Stéphane Dujarric deyib.

O, həmçinin UNICEF və Ermənistan hökumətinin Marianne Clark-Hattingh-in fondun Ermənistan nümayəndəsi statusunda missiyasının cari ayda başa çatması haqqında razılığa gəldiklərini bildirib.

Maianne Clark-Hattingh başqa yerə ezam ediləcək.

BMT nümayəndəsi Stéphane Dujarric Marianne Clark-Hattingh-i yüksək ixtisaslı peşəkar adlandırıb.

Ermənistan hökuməti Marianne Clark-Hattingh-in ölkədə UNICEF nümayəndəsi səlahiyyətlərini ləğv edib.

Ermənistan XİN mətbuat xidmətinin məlumatına görə, onun fəaliyyəti prosesində "yol verdiyi qüsurlar və onun əməkdaşlığa xidmət etməyən iş üsulu Ermənistan üçün problematik olub". Lakin onun hansı qüsurlara yol verdiyi açıqlanmayıb və "əməkdaşlığa xidmət etməyən iş üsulu" dedikdə nəyin nəzərdə tutması izah olunmayıb.

Ermənistan Baş Prokurorluğu UNICEF-in Ermənistan ofisinin rəhbəri Marianne Clark-Hattingh haqqında informasiya vasitələrində yayılan məlumatı araşdırır. Mediada son günlər yayılan iddialara görə, Marianne Clark-Hattingh "Azərbaycana casusluq etməkdə şübhəli bilinir".

Ermənistan Baş Prokurorluğunda xanım Marianne Clark-Hattingh-ın Azərbaycana və ya Böyük Britaniyaya casusluq etdiyi haqqında məlumat yoxdur, lakin prokurorluq mediada yayılan məlumatı araşdırır, prokurorluğun mətbuat katibi Arevik Xaçatryan jurnalistlərə deyib.

"Fakt üzrə cinayət işi açılıb. Məlumat müəlliflərində konkret məlumat varsa, onu hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər. Prokurorluq bu məlumatları öyrənir," - Xaçatryan deyib.

Marianne Clark-Hattingh Ermənistanda UNICEF nümayəndəsi vəzifəsində cəmi 8 ay çalışıb. O bu vəzifəyə 2020-ci il iyul ayında təyin edilmişdi.

Bağramyan prospektinin Milli Məclis binası ilə üzbəüz olan hissəsində çadırlar

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Bağramyan prospektinin Milli Məclis binası ilə üzbəüz olan hissəsi 25 fevraldan bəri bağlı qalır (Arxiv görüntüsü)

Ermənistan parlamentinin girişlərində müxalifət çadırları qurulub

Baş nazirin istefası tələbi ilə Ermənistan parlament binasının yerləşdiyi Marşal Bağramyan prospektini artıq 13-cü günü bağlı saxlayan müxalif "Vətənin xilası" hərəkatı Demirçyan küçəsində də parlamentin ikinci (xidməti) girişi önündə iki böyük çadır qurub.

Nikol Paşinyanın mümkün istefasından sonra, növbədənkənar seçkilərədək keçid dövründə Baş nazir vəzifəsinə Hərəkatın namizədi Vazgen Manukyan öz tərəfdarlarını parlament binasının bütün girişlərini kəsib, "ölkənin maraqlarına xidmət etməyən müftəxorları" binaya buraxmamağa çağırır.

Hadisə yerinə böyük sayda polis qüvvələri çəkilib, etirazçılarla polis arasında ara-sıra toqquşmalar baş verir, Yerevan müxbirimiz xəbər verir.

"Vətənin xilası" hərəkatının əlaqələndiricisi, Daşnaksutyun ali orqanının nümayəndəsi öz tərəfdarları ilə polisi "təxribata uymamağa" çağırıb.

O, müxalif izdihamın Milli Məclis binasına basqın etmək niyyətində olmadığını bəyan edib.

"Biz binaya soxulmaq niyyətində deyilik. Bu, bizim növbəti vətəndaş itaətsizliyi aksiyamızdır", - İşxan Sağatelyan deyib.

Levon Ter-Petrosyan

Ter-Petrosyan ordunun Paşinyana istefa çağırışları barədə

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hərbçilərin mövqeyini anlayır və onların təmkinliliyini alqışlayır.

O, Silahlı Qüvvələrin Baş Qərargahı və bir sıra ordu generalları tərəfindən Baş nazir Nikol Paşinyanın və onun başçılıq etdiyi Hökumətin istefası bəyanatı ilə bağlı öz mövqeyini açıqlayarkən bunu qeyd edib.

"Mənə ali hərbi komandanlığının hiddəti tamamilə aydın və ordunun öz səlahiyyətlərindən kənar siyasi proseslərə müdaxilə etməsi ilə bağlı mövqeyi aydındır, - Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresin mətbu orqanı hesab edilən ilur.am saytında yazıb. - Bunun baş nazirin həqarətli məğlubiyyət üçün bütün günahı ordunun üstünə atmağa ehtiyatsız cəhdi səbəb olub".

Ter-Petrosyan hərbçilərin "bəzi qüvvələrin konstitusiyaya zidd hərəkətlərə çağırışları və təhriklərinə təmkinli münasibət göstərməsini" alqışlayıb və bunu ordu rəhbərliyinin dövlətçilik təfəkkürü və ölkənin məhvedici sarsıntılardan qorunmasına yönəlmiş səmimi səylərinin nümunəsi adlandırıb. "Bu, bütün xalqımızın səmimi təşəkkürünə layiq hərəkətdir," - o yazıb.

"Eyni zamanda, hərbi çevrilişi dövlətin sağlamlaşdırılması üçün müsbət vasitə kimi təqdim etməyə çalışan bəzi siyasi xadimlərin məsuliyyətsiz bəyanatlarını çox təhlükəli və tənqidə layiq hesab edirəm", - Levon Ter-Petrosyan qeyd edib.

Siyasi gərginlik Ermənistanda fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazirin və hökumətin istefası tələbilə bəyanatından sonra dərinləşib.

Generallar Ermənistan siyasi rəhbərliyinin "böhranlı və taleyüklü vəziyyətdə adekvat qərarlar qəbul etməyə qadir" olmadığını bildirib. Bu bəyanatdan sonra Baş nazir Paşinyan hərbçiləri çevriliş cəhdində günahlandırıb və baş qərargah rəisi Onik Qasparyanın istefası vəsatəti ilə Prezidentə müraciət edib.

Prezident bu günədək vəsatəti təsdiq etməyib, baş qərargah rəisi isə hələ ki, öz səlahiyyətlərini icra edir.

Naxçıvan məmur həbs

Şəklin mənbəyi, Sosial media

Naxçıvanın iki sabiq naziri saxlanıb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov həbs edilib, Baş Prokurorluq bildirib.

Qurum ittihamlarla bağlı açıqlama verməyib.

Yerli mətbuatda Əhməd Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov saxlanılıb.

Baş Prokurorluq faktı təsdiqləsə də ona qarşı ittihamlarla bağlı məlumat verməyib.

erməni cəsədlərinin axtarışı

Şəklin mənbəyi, ALEXANDER NEMENOV/AFP via Getty Images

Qarabağda axtarışlar dayandırılıb

"Tanınmamış Dağlıq Qarabağ Respublikasının Fövqəladə Hallar Xidməti" müharibədə həlak olanların cəsədlərinin axtarışının müvəqqəti dayandırıldığını bildirib.

Buna Dağlıq Qarabağ bölgəsində güclü qar yağması səbəb olub.

Məlumatda deyilir ki, axtarışlar hava şəraiti yaxşılaşanda bərpa ediləcək.

44 günlük müharibə dayandıqdan bu günədək 1490 erməni hərbçi, könüllü və mülkilərin meyitləri tapılıb.

Səbinə Əliyeva

Şəklin mənbəyi, Azertag

Ombudsman hansı təklifləri irəli sürüb?

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva parlamentə təqdim etdiyi 2020-ci il üzrə illik məruzəsində bir sıra təkliflər irəli sürüb:

O, Azərbaycanda məhkumlar üçün videozənglərin təşkil edilməsini təklif edir.

Ombudsman Aliment Fondunun yaradılmasını, ailə planlaşması üzrə strateji proqramın hazırlanmasını və bir sıra müavinətlərin artırılmasını təklif edib.

Sənəddə uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün nəzərdə tutulmuş müavinətlərin, bununla yanaşı, ailə başçısını itirməyə görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləğinin artırılması təklif olunur.

Təkliflər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması da var.

Ombudsman ona gələn müraciətlər əsasında Azərbaycanda pasport üçün fotoşəkillərdə baş örtüyündən istifadəyə icazə verilməsini təklif edib. Beynəlxalq qanunlar buna imkan versə də, Azərbaycanda hazırki qanunvericiliklə buna icazə verilmir.

İnsan hüquqları üzrə müvəkkil şəxsin ölkədən çıxışına məhdudiyyətin yalnız məhkəmə qərarı əsasında qoyulması və qəbul edilmiş qərara dair müvafiq şəxsin əlaqə vasitələrinə xəbərdarlıq bildirişinin göndərilməsi ilə bağlı müddəanın qanunvericiliyə əlavə edilməsini təklif edib. Hazırki qanunvericiliyə əsasən, şəxsin adı bir neçə dövlət qurumunun tələbi ilə "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na salınır.

Dövlət rəsmisi bildirib ki, həqiqi hərbi xidmətdə olan, həmçinin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılmalıdır.

Bundan başqa, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiya məbləğinin artırılması, yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nəqliyyat xərclərinin müəyyən edilməsi təklif olunur.

Ombudsman "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"-nın təkmilləşdirilməsini və dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsini təklif edib.

Azərbaycanda vaksinasiya

Azərbaycanda indiyədək 411 mindən çox şəxs Covid-19 infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, son sutka ərzində 3500-ə yaxın şəxs vaksinasiya olunub.

Azərbaycanda Covid-19 peyvəndlənməsi könüllü və dövlət hesabına həyata keçirilir.

Hazırda ölkədə 50 yaşdan yuxarı şəxslərin və müəyyən kateqoriya üzrə işçilərin vaksinasiyası aparılır.

Vaksinasiyaya qeydiyyat barədə daha ətraflı BBC News Azərbaycancanın bu məqaləsindən oxuya bilərsiniz.