Avropa İttifaqı Navalnının zəhərlənməsinə görə Rusiya rəsmilərinə sanksiya tətbiq edib. Siyahıda kimlər var?

Rusiya Federal Təhlükəsizlik Xidməti direktoru Aleksandr Bortnikov və Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko

Şəklin mənbəyi, Метцель Михаил

Şəklin alt yazısı, Rusiya Federal Təhlükəsizlik Xidməti direktoru Aleksandr Bortnikov və Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko
Çap edildi

Avropa İttifaqı (Aİ) müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Rusiya hakimiyyəti nümayəndələrinə qarşı sanksiya tətbiq edib.

Sanksiya siyahısına daxil olunmuş rəsmilər arasında Rusiya Federal Təhlükəsizlik Xidməti direktoru Aleksandr Bortnikov və Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko var. Rusiya cavab addım atacağını söz verib.

Fərdi sanksiyalar həmçinin Prezidentin Daxili Siyasət Şöbəsinin müdiri Andrey Yarin, Müdafiə Nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popov, həmçinin Sibir federal dairəsində prezidentin nümayəndəsi Sergey Menyayloya qarşı tətbiq edilib. Bu barədə cümə axşamı günü Avropa İttifaqının "Rəsmi jurnalında" dərc olunmuş Aİ Şurasının qərarında deyilir.

Bir gün əvvəl New York Times qəzetinin mənbələri məhz bu şəxslərə sanksiya tətbiq ediləcəyini qeyd etmişdilər.

Sanksiya siyahısına Novichok adlı maddənin yaradıldığı yer hesab edilən Rusiya Dövlət Üzvi Kimya və Texnologiya Elmi-Tədqiqat İnstitutu da (GosNIIOKT) daxil edilib. Almaniya, Fransa və İsveç mütəxəssislərinin fikrincə, rusiyalı müxalifətçi Aleksey Navalnını Noviçok qrupuna aid olan kimyəvi maddə ilə zəhərləyiblər.

Sanksiyalar Aİ ərazisinə giriş qadağası və maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur.

Bu həftənin əvvəlində 27 Aİ ölkəsinin xarici işlər nazirləri Navalnının zəhərlənməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarını veriblər.

Aİ Şurası öz qərarında Navalnını tanınmış Rusiya müxalifət lideri adlandırır və onun sinir-iflicedici maddə ilə zəhərləndirildiyini qeyd edir. Bunu Bundesverin ixtisaslaşmış bir laboratoriyası təyin edib.

"Kimyəvi silahların yayılması və istifadəsi ilə bağlı davam edən təhlükəni nəzərə alaraq, altı fiziki şəxs və bir hüquqi şəxs sanksiya siyahısına daxil edilməlidir," - qərarda deyilir.

Rusiyanın cavabı

Rusiya xarici işlər naziri Sergey Lavrov gözlənilən sanksiyalara Moskvanın eyniliklə cavab verəcəyini vəd etmişdi.

"Bütün beynəlxalq hüquqi öhdəliklərə baxmayaraq almanlar heç bir fakt təqdim etmək niyyətində deyil. Biz eyni cavab veririk, bu diplomatik praktikadır," - nazir Rusiya radiostansiyalarına müsahibəsində bildirib.

"Almanlardan Navalnının analizlərinin nəticəsini göstərmələrini xahiş edəndə onlar sual verir ki, bizə inanmırsınız?" - Lavrov deyib.

Rusiya hakimiyyəti mütəmadi olaraq Almaniyanı Navalnı ilə bağlı məlumatın verilməsi müraciətlərinə cavab verməməkdə günahlandırır.

Berlin bu qınaqları əsassız sayır.

Navalniy

Şəklin mənbəyi, Reuters

Prezident Vladimir Putinin tənqidçisi olan Aleksey Navalnı avqust ayında Tomsk şəhərindən Moskvaya qayıdarkən təyyarədə halı pisləşib və o, xəstəxanaya aparılıb. Günlər sonra o, müalicə üçün Berlinə aparılıb. Almaniya onun Noviçok sinir agenti ilə zəhərləndiyini bildirib. Rusiya bu işlə bağlı hansısa əlaqəsi olduğunu təkzib edir.