Erdoğan: "Hücumların qarşıdurmaya çevrilməsindən narahatıq", Ukraynanın Ermənistandakı səfiri XİN-ə çağrılıb

Çap edildi

"Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə pislədiyimizi bildirmək istəyirəm", bu sözləri Türkiyə Prezidenti Recep Tayyip Erdoğan kabinet iclasından sonra mətbuat konfransında deyib.

"Yuxarı Qarabağın işğalından bəri davam edən gərginliyin Ermənistanın ehtiyatsız və sistematik hücumları səbəbilə qarşıdurmaya çevrilməsindən narahatıq", Anadolu agentliyi onun sözlərini iqtibas edib.

Cənab Erdoğanın sözlərinə görə, hücumun Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhədlərdə, ağır silahlarla həyata keçirilməsi bu hadisənin Azərbaycana "qəsdən edilən bir hücum olduğunu göstərir.

"Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər cür hücumun qarşısında olmaqdan əsla tərəddüd etməyəcək", o əlavə edib.

Üç gündür ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedir, Azərbaycan 11, Ermənistan 4 hərbçisini itirib.

BBC News Azərbaycancanın icmalında başqa xəbərlər

Ukraynanın Ermənistandakı səfiri XİN-ə çağrılıb, BƏƏ Marsa peyk yollayır, Fransa həkimlərinin maaş artımı 8 milyard avro olub, Türkiyədə sosial medianın taleyi necə olacaq?

Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba iyulun 14-də Ermənistan XİN-nə çağırılıb. Onu xarici işlər nazirinin müavini Şavarş Koçaryan qəbul edib, Ermənistan XİN mətbuat xidməti bildirir.

Koçaryan Ukrayna Xarici İşlər Nazirliyinin daha əvvəl Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına dair Ermənistan XİN-in münasibətini bildirib.

Ukrayna XİN iyulun 13-ü tarixli bəyanatı ilə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlığını ifadə edib.

Ukrayna XİN-i tərəfləri münaqişənin beynəlxalq hüquq prinsipləri və normaları əsasında tənzimlənmə yollarını axtarmağa çağırıb.

Bəyanatda qeyd olunur ki, rəsmi Kiyev münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Marsa peyk yollayacaq.

"Hope" (Ümid) Yaponiyanın Tanegaşima kosmodromundan iyulun 17-si Bakı vaxtilə saat 03:43-də göyə qalxacaq. 1,3 tonluq kosmik zond Marsın iqlim və hava şəraitini tədqiq etməlidir.

Missiyanın elmi rəhbəri olan Sara əl-Əmiri BƏƏ-nin qabaqcıl elmlər naziridir. O, həm də bu proqramın ictimai siması sayılır.

Peyk qırmızı planetə 2021-ci ilin fevralında, BƏƏ-nin yaranmasının 50-ci ildönümündə çatacaq.

Kosmik proqramın hədəflərindən biri neft və qaz istehsalından iqtisadi asılılığı azaltmaqdır.

Koronavirus: Fransanın səhiyyə işçilərinin maaş artımı 8 milyard avro dəyərindədir

Fransa hökuməti koronavirusla mübarizədəki rollarını "yüksək" qiymətləndirdiyi üçün tibb işçilərinə 8 milyard avroluq (7.2 milyard dollar; $ 9 milyard) ödəmələr verməyə razı olub.

Müqavilə 7 həftəlik danışıqlardan sonra bazar ertəsi günü ölkənin həmkarlar ittifaqları ilə imzalanıb.

Bu ölkədə tibb işçiləri müntəzəm olaraq qəhrəman kimi anılaraq hörmətlə qarşılanırlar.

Lakin səhiyyə işçiləri tanınmaqdan çox, maaş artımı, eləcə də xəstəxanalar üçün daha yaxşı maliyyələşmə istəyirdilər.

Onlar bu məqsədlə etiraz aksiyaları da keçiriblər. Nümayişlər zamanı bəzi nümayiş iştirakçıları sosial məsafə qaydalarını pozduğuna görə cəzalandırılıb.

Koronavirusun Avropada ən çox vurduğu ölkələrdən biri olan Fransada 200 mindən çox infeksiya və 30 mindən çox ölüm hadisəsi qeydə alınıb.

İndi hökumət səhiyyə işçilərinin maaşını ayda orta hesabla 183 avro artırmağa razı olub.

Əksər həmkarlar ittifaqlarının imzaladığı müqaviləni yeni Baş nazir Jan Castex, Fransanın "səhiyyə sistemi üçün tarixi bir an" adlandırıb.

"Bu, ilk növbədə bu epidemiyaya qarşı mübarizədə ön cəbhədə olanların tanınmasıdır" cənab Castex imza mərasimində deyib.

Türkiyədə sosial medianın taleyi necə olacaq?

Türkiyə sosial media tənzimlənməsi üçün "Alman modeli"-ni müzakirə edəcək.

Hakim AK partiyası Prezident Recep Tayyip Erdoğanın ən qısa müddətdə leqallaşdırılmasını istədiyi "sosial media tənzimlənməsi" üçün müxalifətlə görüşəcək.

AKP Almaniyada sosial media şirkətlərinin hüquqi məsuliyyət daşımasını nəzərdə tutan qanun nizamlanması üzərində işləyir. Əgər müxalifətlə razılığa gəlinməsə, qanun layihəsi oktyabr ayında Türkiyə parlamentinə çıxarıla bilər.

Prezident Erdoğan sosial mediada qızı Esra Albayrak və yeni doğulan nəvəsinə qarşı təhqir dolu mesajlardan sonra ölkədə sosial medianın tənzimlənməsini istəyib.