Türkiyəyə 90 günədək gedən Azərbaycan vətəndaşlarına viza lazım olmayacaq

Çap edildi

Türkiyəyə 90 günədək müddətə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələb olunmayacaq.

2019-cu il fevralın 25-də Bakıda imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Saziş qüvvəyə minib.

Həmin sazişə görə, Türkiyəyə səfər edən, bu ölkədən tranzit keçən və ya müvəqqəti qalmaq üçün gedən azərbaycanlılar 90 gün müddətinə viza tələbindən azad olunurlar.

Bundan əvvəl həmin müddət 30 gün idi.

Azərbaycanda isə Saziş mayın 31-də Milli Məclisin iclasında təsdiq edilib.

Sənədə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik olan vətəndaşları üçün viza tələbi ləğv edilib.

Mövcud qanunvericilikdə isə bu müddət 30 gün idi.