Almaniya Bundesliqası: oyunlar bərpa olundu

Şəklin mənbəyi, AFP/Getty Images
Almaniya futbolunun ən üst divizionu - Bundesliqa koronavirus pandemiyasına görə yaranmış iki aylıq fasilədən sonra oyunları bərpa edib. Şənbə günü bağlı qapılar arxasında 6 matç keçirilib.
Meydançaya ilk çıxanlar arasında çempionatın liderlərindən biri - Dortmund Borussia klubu Schalke komandasını 4:0 hesabı ilə məğlub edib. Bazar günü isə Almaniya paytaxtında Bayern Munich və Union Berlin klubları görüşməlidir.
Hazırda Bayern çempionatın lideridır: Münxen klubu 25 oyunda 55 xal toplayıb. Onun ardınca Dortmund Borussia gəlir. Şənbə günü Schalke üzərində qələbədən sonra onun 54 xalı var.
Şənbə günü keçirilən oyunların nəticələri:
- D Borussia 4:0 Schalke
- Augsburg 1:2 Wolfsburg
- Düsseldorf 0:0 Paderborn
- RB Leipzig 1:1 Freiburg
- Hoffenheim 0:3 Hertha Berlin
- Eintracht Frankfurt 1:3 B Mönchengladbach
Bundesliqanın oyunları martın 13-də təxirə salınıb.
Sərt sağlamlıq tələblərinə əsasən, stadionda və ya onun ətrafında oyunçu, işçi və rəsmilər də daxil, təxminən 300 nəfərin olduğu bildirilir. Oyunçular Covid-19 üçün testlərdən keçirilib.
Bundesliqa klubları aprel ayının ortalarında məşqlərə başlayıb.
Onların hamısının oyundan əvvəl karantində olduğu bildirilir.
























