Dünya boyunca koronavirus hadisələrinin sayı 2,2 milyonu keçib

Şəklin mənbəyi, AFP
ABŞ-ın Johns Hopkins Universiteti tərəfindən hazırlanan son məlumatlara əsasən, dünya boyunca Covid-19 hadisələrinin sayı 2,2 milyonu keçib, ölüm hallarının sayı isə 155 minə yaxınlaşır.
Pandemiyanın yayılmasını yavaşlatmaq üçün 4,5 milyarddan çox insan sosial məsafə məhdudiyyətləri şəraitində yaşayır.
Almaniyanın Səhiyyə Nazirliyi bir aydır ki, davam edən karantin tədbirlərindən sonra koronavirus xəstəliyi ilə bağlı vəziyyətin "nəzarət altına" alındığını bildirib.
Yaponiyada həkimlər xəbərdarlıq edirlər ki, xəstəxanalara daha çox vəsait ayrılmasa, ölkənin səhiyyə sistemi artmaqda olan koronavirus hadisələrinə qarşı aciz qala bilər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), anticisim testlərinə həddindən artıq çox sərmayənin qoyulması ilə əlaqədar xəbərdarlıqla çıxış edib.
Təşkilata əsasən, virusdan sonra immunitetin yaranmasını təsdiqləyən "heç bir dəlil" yoxdur.
























