Britaniya Baş naziri Boris Johnson gecəni reanimasiyada keçirib

Şəklin mənbəyi, Getty Images
Britaniya Baş naziri Boris Johnson gecəni Covid-19 simptomlarının pisləşməsindən sonra yerləşdirildiyi mərkəzi London xəstəxanasında keçirib.
Bazar günü axşam saatlarında qızdırma da daxil "davamlı simptomları" olan Baş nazir bir sıra testlərdən keçmək üçün xəstəxanaya aparılıb.
Cənab Johnson onu vəzifədə əvəzləməsini xarici işlər naziri Dominic Raab-dan istəyib, onun sözçüsü bildirib.
10 gün əvvəl 55 yaşlı Boris Johnson-un koronavirus testi müsbət nəticə verib, bazar günü isə vəziyyətində dəyişiklik olmadığı üçün o, xəstəxanaya aparılıb.
Buckingham sarayı bildirib ki, kraliça cənab Johnsonun səhhəti ilə bağlı məlumatlandırılır.
ABŞ Prezidenti Donald Trump və Fransa Prezidenti Emmanuel Macron da daxil olmaqla bir sıra dünya liderləri cənab Johnsona dəstək mesajları göndəriblər.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Xarici işlər naziri Dominic Raab bazar ertəsi səhər hökumətin koronavirusla bağlı iclasına Baş nazirin əvəzinə sədrlik edib.
Ötən ay Baş nazirin mətbuat katibi bildirib ki, cənab Johnson xəstə olacağı və işləyə bilməyəcəyi halda, cənab Dominic Raab Birinci dövlət katibi kimi onu əvəz edəcək.
Robert Jenrick BBC Breakfast proqramına deyib: "Ümid edirik ki, bu testlər nəticəsində [Baş nazir] Downing Street-ə mümkün qədər tez qayıda biləcək. O, hökumətə rəhbərlik edərək gərgin işləyir və daim son məlumatlar almaqdadır. Bu, bundan sonra da davam etdiriləcəkdir."
Cənab Raab deyib ki, Baş nazirin arxasında "inanılmaz güclü komanda ruhu" dayanır.
Hazırda Britaniyada koronavirusa yoluxanların sayı 48541, ölənlərin sayı isə 4934-dür.






























