Koronavirus: Trump Avropadan ABŞ-a səfərləri dayandırır

Şəklin mənbəyi, Getty Images
ABŞ Prezidenti Donald Trump bildirib ki, koronavirusun yayılması ilə mübarizə məqsədi ilə Avropaya yeni səyahət məhdudiyyətləri tətbiq ediləcək.
Trump televiziya müraciətində deyib ki, Avropanın 26 ölkəsindən ABŞ-a səyahət növbəti 30 gün üçün dayandırılacaq.
Onun sözlərinə görə, "sərt, lakin lazımlı" məhdudiyyətlər 460 koronavirusa yoluxma halının qeydə alındığı Böyük Britaniyaya aid edilməyəcək.
ABŞ-da 1135 koronavirusa yoluxma halı, 38 ölüm qeydə alınıb.
"Yeni yoluxma hallarının sahillərimizdən daxil olmaması üçün Avropadan bütün səyahətləri dayandıracağıq", - ABŞ Prezidenti çərşənbə günü deyib.
Yeni qaydaların cümə günü gecədən etibarən tətbiq olunacağı və ABŞ vətəndaşlarına şamil olunmayacağı bildirilib.

- Koronavirus: ölmək ehtimalı nə qədərdir?
- Böyük şəhərlərdə koronavirus: yoluxmadan yayınmaq olarmı?
- Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- "Öpüşməyin!" Baş epidemioloq İbadulla Ağayev koronavirusa yoluxmamağın yollarını izah edir
- Koronavirusa görə evdə karantinə necə hazırlaşmalı? - Şəxsi təcrübə

Trump deyib ki, Avropa İttifaqı virusla mübarizədə ABŞ ilə "eyni tədbirləri görə bilməyib".
Donald Trump-ın çıxışından sonra yayımlanan elanda qadağanın ABŞ-a gəlməzdən əvvəlki 14 gün müddətində Avropa İttifaqının şengen sərhəd bölgəsində olan hər kəsə şamil edildiyi bildirilib.
ABŞ Prezidenti ABŞ-a səyahət məhdudiyyətinin həmçinin ABŞ-a Avropadan gələn "çox sayda ticarət və yükə də şamil ediləcəyini" desə də, sonrakı tvitində bunun "ticarətə heç bir şəkildə etməyəcəyini" yazıb.
Donald Trump həmçinin kiçik biznesə milyardlarla dollar kredit verilməsi planlarını açıqlayıb və Konqresi koronavirusun ölkə iqtisadiyyatına təsirinin qarşısını almaq üçün vergilərin azaldılması yönündə əsaslı addımlar atmağa çağırıb.
ABŞ Dövlət Departamenti Azərbaycana səyahət edən vətəndaşlarına müraciət edərək deyib ki, "koronavirusun yayılması və Azərbaycan hökumətinin həyata keçirdiyi cavab tədbirlərini nəzərə alaraq Azərbaycana səyahətinizi yenidən nəzərdən keçirin".
Departamentin məlumatında deyilir ki, "Azərbaycanda tibbi yardım ABŞ standartlarına uyğun deyil və bəzi bölgələrdə baza tibbi ləvazimatlar əlçatan olmaya bilər".





























