5 yaşlı oğlanın övladlığa götürülməsinə bağça yoldaşları şahidlik edib

Şəklin mənbəyi, Kent County Court
ABŞ-ın Michigan ştatında beş yaşlı uşaq bütün uşaq bağçası sinifindəki yoldaşlarını onun qanuni övladlığa götürülməsinə şahid olmağa dəvət edib. Bu xəbər dünyada çoxlarının ürəyini isidib.
Michael adlı balaca cümə axşamı günü Kent County məhkəməsində rəsmi olaraq yeni ailəsinə qatılıb.
Kent County tərəfindən Facebook sosial şəbəkəsində paylaşılan bir fotoda məhkəmə zalında balaca bir uşağın onu övladlığa götürən valideynlərin yanında böyüklər üçün stulda oturduğu görünür.
Onların arxasında isə balacanın bağça yoldaşları şən halda çubuğa yapışdırılmış kağızdan ürəkləri yelləyir.
Məhkəmə prosesi zamanı hər uşaq özünü tanıdıb və buraya niyə gəldiyi barədə danışıb.
"Michael mənim ən yaxşı dostumdur", Steven adlı balaca oğlan deyib.
"Adım Lily-dir və mən Michael-i sevirəm" , bunu da başqa bir balaca qız deyib.

Şəklin mənbəyi, Kent County Court
Hakim Patricia Gardner hadisə ilə bağlı xüsusi olaraq Milad bəzəklərindən boyunbağı taxıb.
Michael-in müəllimi isə deyib ki, "ailənin DNT-sinin olması mütləq deyil, çünki ailə dəstək və sevgi deməkdir."
Hakimin qərarı uşaqlar, müəllimlər və valideynlər tərəfindən alqışla qarşılanıb.
Michael və onun yoldaşlarının əks olunduğu foto Facebook-da 100 min dəfədən çox paylaşılıb.

Şəklin mənbəyi, Kenty County Court



























