Etirazçılar İranın İraqdakı konsulluğunu yandırıb

Çap edildi

Çərşənbə günü bir qrup etirazçı İranın İraqın Nəcəf şəhərindəki konsulluğunu yandırıb.

Binanı alov bürüdüyü vaxtda etirazçılar "İran, İraqdan çıx" şüarı səsləndiriblər.

Məlumata görə, konsulluğun əməkdaşları etirazlar başlamamış binanı tərk edə biliblər.

Bu, ay ərzində İranın İraqdakı konsulluğuna edilən ikinci hücumdur.

Təxminən iki ay davam edən iğtişaşlarda azı 344 nəfər həlak olub.

Etirazçılar rüşvətə son qoyulmasını, daha çox iş yerlərinin açılmasını və daha yaxşı ictimai xidmətlərin verilməsini tələb edirlər.

Nümayişçilər İranı İraqın daxili işinə qarışmaqda və hökuməti dəstəkləməkdə ittiham edirlər.

Nə baş verir?

Polisin etirazçıları kənara uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, onlar konsulluğa basqın edərək onu yandırıblar.

Bundan başqa, çərşənbə axşamı təhlükəsizlik qüvvələri Kərbəla və Bəsra şəhərlərində üst-üstə 5 nəfər öldürüb, Reuters yazır.

İnsanlar niyə etiraz edir?

İraqın Baş naziri Adel Abdul Mahdi vəzifəyə bir il əvvəl gəlib, lakin vəd etdiyi islahatlar reallaşmayıb.

Oktyabrın 1-də gənc iraqlılar ilk dəfə Bağdad küçələrinə çıxaraq Baş nazirin yüksək işsizlik, korrupsiya və keyfiyyətsiz dövlət xidmətləri ilə mübarizə edə bilməməsinə qəzəblərini bildiriblər.

Təhlükəsizlik qüvvələrinin nümayişçilərə ölümcül atəş açmasından sonra etirazlar bütün ölkəyə yayılıb.

Etirazların 6 gün davam edən birinci dalğası zamanı 149 mülki vətəndaş öldürülmüşdü. Bundan sonra Baş nazir məmurları dəyişəcəyini, yüksək vəzifəli rəsmilərin maaşlarını azaldacağını və gənclərin işsizlik səviyyəsini aşağı salacaq tədbirlər həyata keçirməyi vəd etmişdi.

Etirazçılar oktyabrın sonlarında onların tələblərinin yerinə yetirilmədiyini deyərək yenidən küçələrə çıxıblar.