Yaşar Xudiyev: “Artıq bildim ki, məni öldürməyə aparırlar”

Şəklin mənbəyi, Yashar Khudiyev
- Müəllif, Vüsal Həmzəyev
- Vəzifə, bbcazeri.com
- Çap edildi
“Azərbaycanda demokratiya naminə” velosipedlə Azərbaycandan Afrikaya səyahət edən Yaşar Xudiyev Cənubi Sudanda hücuma məruz qalıb.
O, keçən ilin may ayından velosipedi ilə Bakıdan çıxaraq Gürcüstan, Türkiyə və Avropadan keçməklə Cənubi Afrika Respublikasına üz tutub.
Hələ iyul ayında bizə səyahəti barədə danışan Yaşar, həmin vaxt İspaniyada idi.
Qarşıdakı Afrika səyahəti barədə soruşanda belə cavab vermişdi: "Mən xəsarət ala bilərəm, velosipedim qırıla bilər, xəstəliyə tutula bilərəm və s. Lakin əminəm ki, gec və ya tez, biz demokratiyamıza qovuşacağıq və bizim azadlıq uğrunda mübarizə aparan insanlarımız azadlığa çıxacaq”.
Yaşar Afrikada nələr yaşadı?
“Özümü zəif hiss edirəm, tez-tez baş gicəllənmələr olur,” hazırda Cənubi Sudanın Kapoeta əyalətində həkim nəzarətində olan Yaşar deyir.

Şəklin mənbəyi, Yashar Khudiyev
Kapoeto Kenya sərhədinə 80 km məsafədə yerləşir.
O, müalicəsini davam etdirmək üçün böyük şəhərlərdən birinə getməlidir, buna isə fiziki gücü çatmır.
Səyyah ötən il dekabrın 28-də baş vermiş hücumu və bundan sonra başına gələnləri belə xatırlayır:
“Səhər saat 8-də Kapoetadakı gecələdiyim polis məntəqəsinin həyətindən yola çıxdım. Təxminən 30 km məsafəni velosipedlə getdim, sonra yemək üçün dayandım.
Daha sonra yoluma davam etdim və Kenya sərhədinə 50 km qalmış, günorta saat 1-də kolluqdan dörd nəfər çıxaraq iri daşlarla mənə hücum etməyə başladılar.
Daşlar başıma və arxadan qabırğa nahiyəmə dəyirdi. Müvazinətimi itirərək yerə yıxıldım.
Sonra məni kolluğun içinə sürüyərək əllərindəki daşlarla və dəyənəklərlə vurmağa davam etdilər”.
Basqınçılar bundan sonra da onu döyməyə davam ediblər.
“Sonra biraz da içəri sürüdülər məni. Üzü üstə uzanmışdım. Qulağımın arxasından daşla o qədər vurdular ki, hazırda sağ qulağım eşitmir.
Sonra halsız vəziyyətdə uzanıb onlara tamaşa edirdim. Əşyalarımı gözümün önündə yandırdılar – tibbi ləvazimatları, qeydlərimi götürdüyüm dəftərlərimi yandırdılar, bəzi paltarlarımı geyindilər.
Mənə hücum edən şəxslərin yanından böyük xəncərlər asılmışdı. Onlardan biri xəncərlə mənim keşiyimi çəkirdi ki, qaçmayım.
Daha sonra onlardan ikisi məni durquzaraq meşənin dərinliyinə sarı aparmağa başladılar”.
“Qaçmağa taqətim yox idi”
Yaşar deyir ki, onu cəngəlliyə doğru aparanda quldurların onu öldürəcəyini başa düşüb.
“Gedə-gedə izləri təmizləyirdilər. Orda artıq bildim ki, məni öldürməyə aparırlar. Qaçmağa taqətim yox idi, hətta cəhd göstərsəydim belə, bıçaqla məni öldürəcəkdilər. Gözləyirdim ki, bəlkə sonda necəsə qurtula biləm.
Onlar əşyalarımdan bəzilərini özləri ilə daşıyırdılar. Biri qazanımı çıxararq ağacın dibindəki çirkli sudan doldurub içdi, mənə də verdi. Çox susamışdım.
Sonra kolluğa salaraq çox pis döyməyə başladılar. Çox ağır zərbələr dəyirdi, mənə. Sanki bu dəqiqə başım partlayacaq. Kəllə sümüklərimin səsini eşidirdim.
Lakin sonra tərk edib getdilər, yəqin öldüyümü zənn edib getdilər. Qan gözlərimdən aşağı tökülürdü”.
Münaqişə bölgəsi
Səyyahın sözlərinə görə, ona hücum edənlər soyğunçular olublar və bu hücumun irqçiliklə heç bir əlaqəsi yoxdur.
“Bu insanlar yolkəsən quldurlardır. Bunların məqsədi talamaq və soymaqdır”.
Cənubi Sudan, 2011-ci ildən Sudan respublikasından ayrılaraq müstəqilliyini elan edib.
Ölkə müstəqilliyini əldə etdikdən bəri aramsız daxili münaqişədən əziyyət çəkir.
Yaşar deyir ki, o Sudanın paytaxtı Xartumda olarkən Efiopiya səfirliyi ona viza verməkdən imtina edib. Ona görə də Cənubi Sudandan keçməyə məcbur olub.
“Mən onlara dedim ki, Türkiyəyə qayıdıb ordan viza ala bilmərəm. Onlar imtina etdilər. Mən onlara məktub yazıb verdim ki, mənə bir şey olsa, həyatıma görə siz cavabdehsiz. Onlar məktubu yanımdaca cırdılar”.
Ölümdən qurtuluş
Basqınçılar onu tərk etdikdən sonra Yaşar gecəni cəngəllikdə keçirib.
“Bütün gecəni kolluqların arasında, ölümcül vəziyyətdə keçirdim, sonra səhərə yaxın durub polis məntəqəsinə gəldim.
Mən Cənubi Sudanda hər gün polis və milli təhlükəsizlik nazirliyindən gedəcəyim yolun təhlükəsizliyi ilə bağlı məlumat alırdım.
Bu polis məntəqəsində məni yolun çox təhlükəsiz olması ilə bağlı əmin etmişdilər.
Onlar gərək bu yolun təhlükəli olduğu barədə mənə xəbər verəydilər. Onlar mənə kömək etmədilər.
Biraz sorğu sual etdilər, sonra dedim ki, məni xəstəxanaya aparın. Qarşı tərəfdə xəstəxana yerləşir, gətirdilər məni dərhal cərrahiyə otağına, başıma tikişlər vurdula, ağrıkəsici verdilər.
3-4 gün keçəndən sonra artıq gəzməyə başlamışdım”.
Yaşara müalicəsini davam etdirmək üçün böyük şəhərlərdən birinə getməyi məsləhət görüblər.
“Sol qolum sınıq vəziyyətindədir və taxta ilə qolumu sarıyıblar.
Arxa qabırğamın ağrısı getmir, deyirlər çat var arxa qabırğamda. Hazırda mənə ciddi müalicə lazımdır, rentgendən keçməliyəm, gərək normal gipsə qoysunlar.
Buradakı müalicə məni ölümdən qurtarsa da, indi mənə daha ciddi müalicə lazımdır,” səyyah deyir.
Basqınçıların izi ilə
Yaşar deyir ki, polis ona basqın edən şəxslərin kimliyini müəyyən edib və hətta onun velosipedini, pasportunu və bir sıra digər əşyalarını aşkarlayaraq ona qaytarıb. Basqınçıların isə "dağlara qaçdığı" deyilir.
“Polis mənim velosipedimi qaytaranda çantanı yoxladım və pulum orda idi. Mən nəğd pulumu və kartımı velosipedin önündəki çantada gizlətmişdim.
Bütün çantalarımı boşaltmışdılar. Sadəcə həmin çanta velosipedimə kilidli olduğundan çıxarmayıblar. O çantadakı örtüyün altında gizlətmişdim pulu”.
Ona hücumdan sonra Cənubi Sudan hökumət təxminən 100 dollar məbləğində kompensasiya ödəyib. Dediyinə görə bu pul ona bir müddət kifayət edəcək.
Hər şeydən öncə səhhət
Yaşardan yoluna davam edib-etməyəcəyi barədə soruşanda, ilk növbədə səhhətini normal vəziyyətə gətirməli olduğunu dedi.
“Velosiped sürmək güc tələb edir. Hələlik müalicə almalıyam, sonra qərar verəcəm ki, geri qayıdıram yoxsa yoluma davam edərək Cape Town-a gedirəm.
Polis mənə kömək etsə Kenyanın paytaxtı Nayrobidə velospiedimi təmir etdirəcəm. Əgər Nayrobidə desələr ki, mənim səhhətimdə ciddi problemlər var, mən səyahətimi davam etdirə bilməyəcəm”.
Bütün Afrika boyu səyahəti ərzində heç bir yoluxucu xəstəliyə tutulmayan Yaşar, basqından sonra malyariya xəstəliyinə yoluxub.
“Afrika yolxucu xəstəliklər barədə həssa qitə olsa da, yol boyu heç bir xəstəliyə tutulmamışdım. Mən cəngəllikdə gecələyəndə üstüm ağcaqanadlarla dolu idi. Xəstəxanaya gələndən sonra 3-4 gün ərzində özümü artıq gümrah hiss edirdim.
Lakin sonradan iki gecə hərarətdən yata bilmədim. Həkim mənə hərarətə qarşı iynələr vurdu. Hərarətim azalmadı və məlum oldu ki, malyariyaya yoluxmuşam.
Son bir həftə ərzində malyariyadan müalicə aldım. İndi isə xəstəlikdən yaxa qurtarmışam”.
Yaşarın pasportu itərkən Efiopiyadakı Azərbaycan səfirliyinə də müraciət edib. Səfirliyin əməkdaşı ona müvəqqəti pasportun verilməsi üçün kömək edəcəklərini bildirib.
Lakin sonradan pasportu tapıldığından buna ehtiyac qalmayıb.
Yaşar iyul ayında bizə verdiyi müsahibədə səyahətinin Azərbaycandakı həbslər barədə daha çox insanın məlumatlanmasına kömək edəcəyini bildirmişdi.
Həmçinin oxuyun: <link type="page"><caption> "Azərbaycanda demokratiya naminə" velosipedlə Afrikaya </caption><url href="http://bbc.com.im/azeri/azerbaijan/2015/07/150729_azeri_cyclist.shtml%22 platform="highweb"/></link>
O, səfəri boyu bir neçə ölkənin mətbuatına bu barədə müsahibə də verdiyini deyir.
Yaşar, bütün başına gələnlərə baxmayaraq hələ də bu səfərə çıxdığı üçün peşman olmadığını bildirir və Azərbaycandakı “vicdan məhbuslarının” tezliklə azadlığıa çıxacağına ümid edir.























