Politoloq: “Azərbaycanla Türkiyənin birləşməsi mümkün deyil”

Şəklin mənbəyi, BBC AFP
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi İlker Başbuğ Türkiyə ilə Azərbaycanı bir dövlət kimi görmək istədiyini deyib.
Doğan Xəbər Agentliyinin (DHA) yaydığı məlumata görə, cənab Başbuğ bunu Atatürk Universitetində “Milli siyasət, Yaxın Şərq və Türkiyə” mövzusunda çıxışı zamanı deyib.
“Mənim ən böyük arzum, Türkiyə ilə Azərbaycanın bir dövlət olmasıydı. Onsuz da deyilmirmi ki, bir millər, iki dövlət. Bir-birimizlə tərcüməçisiz danışırıq. Amma mümkün deyil, imkan verməzlər. Kaş ki, şərtlər münasib olsaydı”, - keçmiş hərbçi deyib.
"Siyasi romantizm"
Politoloq Zərdüşt Əlizadənin fikrincə, cənab Başbuğ Azərbaycana qardaş ölkə kimi baxır və onu sevdiyindən bu cür deyib.
Lakin siyasətçi bunun mümkün olmadığını deyir. “Amma insanlar bəzən sevdiyi insana yaxşılıq etmir. Ona görə də möhtərəm generalın bu dediklərini anlamaq və onun siyasi romantizminə bağışlamaq lazımdır”.
Siyasi ekspert hesab edir ki, yaxın ölkələrin birləşməsi heç də vacib deyil. “Əgər yaxınlıq əsasında birləşmək faydalı olsaydı eyni dili, eyni Quranı, eyni tarixi 22 ərəb dövləri vahid bir dövlət kimi birləşərdilər.
O həmçinin bir sıra yaxın dövlətlərin bir-biri ilə ədavətdə olduğunu da xatırladıb və buna misal olaraq Rusiya ilə Ukraynanın arasındakı münasibətləri göstərib.
“Gəlin realist olaq və anlayaq ki, Azərbaycanla Türkiyənin vahid bir dövlətdə birləşməsi mümkün deyil,” Cənab Əlizadə deyib.
Generalın, “onsuz da deyilmirmi ki, bir millər, iki dövlət” fikrinə münasibət bildirən siyasətçi hesab edir ki, mərhum prezident Heydər Əliyev bunu “siyasi mənafe xatirinə, öz mövqeyini gücləndirmək üçün deyib”.
O hesab edir ki, bu iki dövlətin birləşməsi Azərbaycanın hazırki hakimiyyətinin də maraqlarına uyğun deyil. “Azərbaycanın hakim zümrəsi imkan verməz ki, daha güclü, daha bacarıqlı, daha savadlı və daha imkanlı türk biznesi gəlib bizim bazarı tutsun”.
Zərdüşt Əlizadənin fikrincə yalnız keçmiş prezident Əbülfəz Elçibəy “Azərbaycanı Türkiyənin ayağına sərməyə hazır idi və Türkiyəyə qurban olmaq meyili keçib gedib”.
Ekspert hesab edir ki, “daha böyük yaxınlıq arzuları siyasi naşılığın əlamətidir”.
























