Tovuzda əsir götürülən erməni Karen Petrosyan ölüb

Çap edildi

Avqustun 7-də Azərbaycanda əsir götürülən erməni cümə günü ölüb.

"İlkin ehtimala görə Karen Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir", APA Müdafiə Nazirliyindən sitat gətirir.

Məlumata görə, hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi "məlumatlandırılıb".

Azərbaycan Müdafiə Nazirliyi avqustun 7-də bildirmişdi ki, Karen Petrosyan, Tovuz rayonundakı sərhəddən keçməyə cəhd edən erməni kəşfiyyat-təxribat qrupunun üzvü idi.

Qrupun digər dörd üzvü toqquşmalarda öldürülüb, Nazirlik məlumat verir.

Azərbaycan tərəfi Karen Petrosyanın əsgər olduğunu iddia etsə də Ermənistanın Müdafiə Nazirliyi cümə axşamı deyib ki, o, mülki şəxs idi, epress.am xəbər verir.