İçərişəhər sakinləri küçədə namaz barədə

Çap edildi

İçərişəhər sakinləri "Ləzgi məscidi" kimi tanınan Aşurbəy məscidinin bayır hissəsində islamçıların namaz qılmasının narahatlıq yaratması barədə fərqli fikirdədirlər.

"Mənim üçün heç bir narahatçılığı yoxdur", sakinlərdən biri BBC Azərbaycancaya bildirib. Digəri isə bunun yol keçənlər üçün narahatlıq yaratdığını söyləyib.

İçərişəhərdə küçədə namaz qılınmasından narahatlıq məsələsi təxminən bir həftə əvvəl polisin dindarların məscidə getməsinə dair xəbərdarlıq etməsindən sonra gündəmə gəlib.

Bakı Şəhər Baş Polis İdarəsi polisin Aşurbəy məscidinə gedən vətəndaşları saxladığını təsdiq edib, amma bunu "sakinlərin şikayətinə görə" etdiyini bildirib.

“Ora namaza gedənlər küçədə və hətta meydanda namaz qılmağa çalışır, bununla da yolu kəsirlər, bu da sakinlərin şikayətinə səbəb olur. Polis də onlara xəbərdarlıq edib ki, içəridə namaz qılsınlar”, - BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov BBC Azərbaycancaya bildirib.