Sərhəddə atəşkəs yenə pozulub: Azərbaycan və Ermənistan bir-birini ittiham edir

əsgər

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Sərhəddə atəşkəs yenə pozulub
Çap edildi

Azərbaycan və Ermənistan sərhəddə atəşkəsin yenə pozulduğunu bildirib və buna görə bir-birini ittiham edib.

Bundan bir gün əvvəl də hər iki tərəf oxşar məlumat yayaraq atəşkəsin noyabrın 27-dən 28-nə keçən gecə pozulduğunu bildirmişdi.

Azərbaycan Müdafiə Nazirliyi son yaydığı məlumatda bildirib ki, Ermənistan silahlı qüvvələri bazar ertəsi günü axşam saatlarında Azərbaycan ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistan Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, ötən gecə Azərbaycan silahlı qüvvələri müxtəlif odlu silahlardan dövlət sərhədinin şərq istiqamətində yerləşən Ermənistan mövqelərini atəşə tutub. Məlumatda deyilir ki, hazırda "ön xətdə vəziyyət nisbətən stabildir".

Azərbaycan MN-nin məlumatında o da deyilir ki, bazar ertəsi və çərşənbə axşamına keçən gecə səhərə qədər "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycanın Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlifçaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub".

Azərbaycan MN adekvat cavab tədbirləri görüldüyünü bildirib.

Rusiya sülhməramlı kontigentin bununla bağlı açıqlaması yoxdur.

Azərbaycana və Ermənistana münaqişənin həlli üçün "təmkin və güclü siyasi iradə" lazımdır

Bazar ertəsi günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar hesab edir ki, Azərbaycana və Ermənistana münaqişənin həlli üçün "təmkin və güclü siyasi iradə" lazımdır.

O bu barədə Twitter hesabında yazıb. Tovio Klaar-ın bu postu Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin bir-birini hərbi mövqeləri atəşə tutmaqda ittiham etməsi ilə bir vaxta təsadüf edir.

Azərbaycan və Ermənistan sərhədin müxtəlif istiqamətlərində bazar ertəsi axşamdan başlayaraq bazar ertəsi səhərə qədər atəşkəsin pozulduğunu bildiriblər.

Ötən həftə bölgəyə səfər edən Aİ rəsmisi Toivo Klaar Twitter postunda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı formatına sadiq qalmasının vacibliyini vurğulayıb. O bildirib ki, problemlər qalır və Azərbaycan və Ermənistana "gərginliyin azaldılması və hərtərəfli tənzimləmə üçün təmkin və güclü siyasi iradə lazımdır".

Sərhəddə atəşkəs pozulub: Azərbaycan və Ermənistan bir-birini ittiham edir

Şəklin mənbəyi, APA

Atəşkəs pozulub

Azərbaycan MN Ermənistan silahlı qüvvələrinin bazar günü axşam saatlarından başlayaraq bazar ertəsi səhər saatlarınadək Azərbaycan ordusunun bir neçə rayonda yerləşən mövqelərini atəşə tutduğunu açıqlayıb.

Qurum bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun "Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub".

Ermənistan MN də bu gecə Azərbaycan Silahlı Qüvvələrinin bir neçə saat ərzində "Ermənistan-Azərbaycan sərhəd zonasının şərq hissəsində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutduğunu", bazar ertəsi səhər saatlarına isə vəziyyətin "nisbətən sabit" olduğunu açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) açıqlamasında itkilərin olub-olmaması ilə bağlı məlumat yoxdur. Ermənistan MN bu gecəki atəş nəticəsində itkilərinin olmadığını bildirib.

Azərbaycan MN-nin məlumatında o da bildirilir ki, bazar günü axşam saatlarından bazar ertəsi səhərədək "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən" Azərbaycan hərbçilərinin "Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub".

Qurumun açıqlamasına görə, Azərbaycan ordusu "adekvat cavab tədbirləri" görüb.

İki il əvvəl baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədində ən kəskin qarşıdurma sentyabrın 13-14-də baş vermiş, 300-ə yaxın hərbçi həlak olmuşdu. Bundan sonra bölgəyə Avropa İttifaqının monitorinq ekspertlərinin müvəqqəti müşahidə missiyası göndərilib.

Son günlər hər iki tərəf sərhəddə atəşkəsin intensiv pozulması ilə bağlı məlumat yayır.

Azərbaycanın Rusiya MN-ə üç gündə 4-cü çağırışı

Azərbaycan Müdafiə Nazirliyi son üç gün ərzində ardıcıl olaraq dördüncü dəfədir ki, Rusiya Müdafiə Nazirliyini Qarabağdakı yaşayış məntəqələrinin adını Azərbaycan toponimlərinə uyğun ifadə etməyə çağırıb.

Bu məsələyə dair sayca dördüncü açıqlama Azərbaycan MN-i tərəfindən bazar günü axşam verilib.

Şənbə günü axşam yaydığı açıqlamasında Azərbaycan MN-i Rusiya MN-in rəsmi internet səhifəsində dərc olunan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RSK) məlumatlarında yaşayış məntəqələrinin adlarının "hələ də uydurma erməni toponimləri ilə" qeyd olunduğunu "təəssüflə" bildirib.

"Bundan başqa hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır", - Azərbaycan MN-in mətbuata açıqlamasında deyilib.

Azərbaycan MN xatırladıb ki, "Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi" Rusiya MN-i, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş RSK komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və "məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilmişdir".

Bakı RSK komandanlığını Azərbaycanın ərazisindəki yaşayış məntəqələrinin adlarını "düzgün toponimlərlə ifadə etməyə" çağırıb.

"Sonda Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların 26 noyabr 2022-ci il tarixli rəsmi məlumatında "Mardakert" və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR", - Azərbaycan MN açıqlamasını bu şəkildə tamamlayıb.

Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş xəritə

Şəklin mənbəyi, mil.ru

Şəklin alt yazısı, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş xəritə

Rusiya MN-i ötən gün axşam saatlarında yaydığı məlumatında Rusiya sülhməramlı kontingentinin "Dağlıq Qarabağ münaqişə zonasında" fəaliyyət göstərdiyi və "Dağlıq Qarabağ ərazisində" tapşırıqları yerinə yetirdiyi qeyd olunub.

Şənbə günü RSK özünün məsuliyyət zonasında üç atəşkəs pozuntusunun qeydə alındığını bildirib.

"Bu faktlar üzrə Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi ilə birgə araşdırma aparır", - məlumatda deyilib.

Rusiya tərəfinin məlumatında "Mardakert, Martuni və Şuşa rayonlarında" patrul xidmətinin həyata keçirildiyi deyilib.

Rusiya MN "Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə" saxladığını da öz məlumatında qeyd edib.