Azərbaycan deputatları Ermənistana gedir

Şəklin mənbəyi, Getty Images
Azərbaycanın iki deputatı Ermənistanda keçirilən Avronest Parlament Asambleyasının (PA) komitə iclasında iştirak etmək üçün Yerevana gedəcək.
Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Azərbaycan təmsilçiləri Ermənistanda olan tədbirə qatılır. Bundan əvvəl bu tədbirin Yerevanda keçirilən iclasına Azərbaycan tərəfi nümayəndə göndərməmişdi, amma Ermənistan tərəfindən deputatlar Avronestin Bakıda keçirilən iclasında iştirak etmişdilər.
Bu gün və sabah Ermənistan paytaxtında Avronest Parlament Assambleyası Bürosu və komissiyalarının növbəti yığıncağı keçiriləcək.
Milli Məclisdən bildirilib ki, tədbirdə deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov bir neçə gün əvvəl Sputnik Azərbaycan saytına deyib ki, müharibədən sonra ilk dəfə baş tutacaq səfər iki ölkə ictimaiyyəti tərəfindən "müsbət qarşılanacaq".
Bundan əvvəl Avronestdə Ermənistan heyətinin rəhbəri Azərbaycanın Yerevana heyət göndərmək niyyətində olduğunu deyib. Hərçənd ki, Mariya Karapetyan "bu səfərin baş tutub-tutmayacağına" əmin olmadığını qeyd edib.
Bu arada Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının üzvü Artur Xaçatryan və "Pativ unem" (Təzim edirəm) fraksiyasının üzvü Hayk Mamicanyan "azərbaycanlı nümayəndələrlə ayrıca heç bir dialoq" gözləmədiklərini bildiriblər.
Müxalif millət vəkilləri öz fraksiya nümayəndələrinin Avronest iştirakçılarının yekun ziyafətində iştirak etməyəcəyini bildiriblər.
Avronest Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığı dərinləşdirmək üçün yaradılmış parlament forumudur. Onun yığıncaqları rotasiya üzrə Şərq Tərəfdaşlığı ölkələrində keçirilir.
2015-ci ildə Yerevanda keçirilmiş dördüncü plenar iclasda Azərbaycan nümayəndə heyəti iştirak etməyib.




























