Türkiyə bayrağını "yerə düşürən” şəxs: o, 30 sutkalıq həbs qərarından şikayət edib

Fuad İsmayılov

Şəklin mənbəyi, Facebook

Şəklin alt yazısı, DİN sözçüsü Elşad Hacıyev öz Facebook səhifəsində Fuad İsmayılovun ilkin izahatında əməlini etiraf etdiyini bildirib
    • Müəllif, Fərid Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi

Bakıda Türkiyə bayrağının "ipini kəsərək onun yerə düşməsinə" səbəb olduğu deyilən, "polisə müqavimət" ittihamı ilə həbs edilən Fuad İsmayılovun vəkili qərardan apellyasiya verib.

Fuad İsmayılovun vəkili Cavad Cavadov BBC-yə bildirib ki, Nizami rayon məhkəməsinin Fuad İsmayılovla bağlı verdiyi 30 sutkalıq inzibati hökm qərarı ilə razılaşmayıblar və məhkəmə qərarından şikayət ediblər.

Polisə müqavimət ittihamını rədd edən Fuad İsmayılov İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli ilə görüşündə deyib ki, polis əməkdaşları ona yaxınlaşaraq haqqında video yayıldığını və polis bölməsinə getməli olduğunu söyləyiblər.

"Bundan sonra Fuad İsmayılov polis maşınına əyləşib. Daha sonra 32-ci polis bölməsinin əməkdaşları onu 25-ci polis bölməsinin əməkdaşlarına təhvil veriblər," - Fikrət Cəfərli BBC-yə bildirib.

"Söhbət zamanı mənə 25-ci polis bölməsində təzyiqlərə məruz qaldığını deyib," - o əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev polis bölməsində Fuad İsmayılova qarşı hər hansı təzyiqin göstərilməsi ilə bağlı iddianı "əsassız" adlandırıb, lakin onun gecə vaxtı saxlanılma səbəbi barədə şərh verməyib.

Elşad Hacıyev bunu məhkəmə qərarı ilə əlaqələndirib.

"Bununla bağlı artıq məhkəmə qərarı olduğu üçün bu məsələyə əlavə şərh verə bilmərəm," - Elşad Hacıyev deyib.

Lakin DİN rəsmisi yanvarın 29-u, axşam saat 8 radələrində Fuad İsmayılovun fotosunu öz Facebook hesabında paylaşaraq yazıb ki, "Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb. O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir."

Nə baş verib?

Yanvarın 28-də sosial mediada Fuad İsmayılov olduğu deyilən şəxsin Türkiyə bayrağını saxlayan ipi kəsməsi və nəticədə bayrağın yerə düşməsinə dair görüntülər yayılıb.

Fuad İsmayılov yanvarın 31-də İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisə müqavimət) maddəsi ilə Nizami rayon məhkəməsi qarşısına çıxarılıb.

"İlk saxlanılma səbəbi məlum deyil"

Hüquq müdafiəçisi Fikrət Cəfərli Fuad İsmayılovun həbsi ilə bağlı "qaranlıq" məqamların olduğunu deyir.

"Fuad İsmayılovun [polisə] hansı halda müqavimət göstərdiyi mənə aydın deyil. Çünki bu şəxs cinayət təqibi ilə bağlı axtarışa verilməyib," - Fikrət Cəfərli bildirib.

O, əlavə edib ki, belə olan halda, Fuad İsmayılov ən azından bölməyə dəvət edilməli idi və təqsirləndirilən şəxs bölməyə gəlmədiyi təqdirdə, digər tədbirlər görülməli idi.

"Fuad İsmayılov peşman olub"

Hüquq müdafiəçisi Fikrət Cəfərli BBC-yə bildirib ki, Fuad İsmayılov Türkiyə bayrağına qarşı etdiyi hərəkətdən "peşman olub.

"Mənimlə danışan zaman dedi ki, mən Azərbaycan və Türkiyə bayraqlarını da sevirəm. Sadəcə, bu bayraqların uyğun olmayan yerlərdə (kafelərdə, restoranlarda) asılmasını istəmirəm,"- Fikrət Cəfərli qeyd edib.

Onun sözlərinə görə, Fuad İsmayılov törətdiyi əməli bayraqların uyğun olmayan yerlərdə asılmasına "etiraz aksiyası" kimi şərh edib.

Qanunvericilik nə deyir?

Vəkil Fariz Namazlı BBC News Azərbaycancaya bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycan bayrağı istisna olmaqla, digər ölkələrin bayrağına qarşı edilən hər hansı hərəkət inzibati məsuliyyət yaratmır.

"Videodan da görünür ki, bu şəxsin əməlində hər hansı inzibati və ya cinayət tərkibi yoxdur," - vəkil qeyd edib.

Onun sözlərinə görə, cinayət məsuliyyəti yalnız Azərbaycan bayrağına qarşı edilən qeyri-adekvat hərəkətlərə görə nəzərdə tutulub.

Fuad İsmayılov ilk dəfə deyil ki, həbs edilir. Son dəfə o, 2020-ci ildə Mərkəzi Seçki Komitəsinin binasının qarşısındakı binaya yazdığı sözlərə görə iki aylıq həbs edilmişdi.